Ana səhifə / Nazirlik milyarder ərəb şeyxini cəzalandıracaq

Nazirlik milyarder ərəb şeyxini cəzalandıracaq

Milyardlarla dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin Azərbaycana ova gəlməsi ilə bağlı xəbər vermişdik. Şahzadə ölkəmizə tək gəlməyib, onunla birgə 10-15 qohumu da Azərbaycana təşrif buyurub. O, Bakının görkəmli yerlərini ziyarət edib, şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıb. O daha sonra bölgələrə səfərə çıxaraq ov macəralarına başlayıb.
Bundan öncə də ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə – Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.
Ərəb milyarderlərin ölkəmizə səfər məqsədi bəlli olsa da onların ov etmək üçün rəsmi icazə alıb-almaması sual doğurur.
Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Meşələrin İnkişafı Deportamentinin Sektor müdiri Sadiq Salmanov AzVision.az-a açıqlamasında bildirib ki, ərəb şeyxlərinin ov etməsi ilə bağlı onlarda məlumat yoxdur.
“Nazirliyə bununla bağlı heç bir müraciət daxil olmayıb. Əgər o meşə sahəmizə qanunsuz daxil olubsa, əlindəki silah müsadirə olunmalı və cərimələnməlidir. Cərimənin məbləği isə 1500-2000 manat təşkil edir”.
Nazirlik rəsmisi qeyd edib ki, heç bir xarici ölkə vətəndaşı olan ovçu Azərbaycana lisenziyasız gələ bilməz. “Bizə həmin şəxslərdən meşəyə daxil olmaqla bağlı heç bir müraciət daxil olmayıb. Onlar Kür-Araz ovalığındakı meşə sahəsinə də girə bilməzlər. Onların bizim meşələrə daxil olmaları ilə bağlı nazirlikdə heç bir məlumat yoxdur. İcazəsiz meşə fonduna daxil olub ov etmək mümkün deyil. Bizdə meşələr dolayılara bölünüb. Həmin dolayıların isə meşə gözətçiləri olur. İstər xarici, istərsə də öz vətəndaşımız həmin meşəliyə qanunsuz giriblərsə, bunun qarşısı həmin dəqiqə alınır”.
S.Salmanov hesab edir ki, ərəb şeyxlərin ölkəmizdə qanunsuz ov etməsi qanuna ziddir. Onlar qanunla cəzalandırıla bilərlər.
“Bu dövlətçilik baxımından da düzgün deyil. Xarici vətəndaş icazəsiz nə gəzir bizim meşədə? Ona görə də meşə gözətçiləri qətiyyən həmin şəxsi ora buraxa bilməz. Bu mümkün deyil. Bəlkə də həmin Şeyx bələdiyyə mülkiyyətində olan torpaqlarda ovçuluq edib.
Meşələrimizdə icazəsiz gəzmək üçün də getmək mümkün deyil. Ovlanan heyvanların növlərindən asılı olaraq cərimənin məbləği dəyişə bilər. O hər hansı bir heyvanı vurmasa da əlindəki tüfəng müsadirə olunmalıdır. Cərmənin məbləği də minumum əmək haqqı ilə müəyyən edilir. Bu məbləğ isə çox yüksəkdir. Meşədə icazəsiz gəzmək üçün də tətbiq olunan cərimənin məbləği 1500 manatdan yüksəkdir”.
Nazirlik rəsmisi xarici ölkə vətəndaşı olan ovçuların lisenziya almasından da söhbət açıb. O, qeyd edib ki, Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycan meşələrində ov etmək üçün lisenziya almayıb:
“Mənə elə gəlir ki, həmin şeyx heç meşəyə getməyib. O, dağa gedib. Özünü göstərmək üçün şəkillər çəkdirib. Bəlkə də sadəcə təbiəti gəzib. Ərəb şeyxləri Azərbaycana tez-tez gəlirlər. Onlar ildə bir-iki dəfə ölkəzimdə olurlar. Amerikadan və İtaliyadan Azərbaycana ov üçün gəlirlər. Onların hamısı nazirlikdən lisenziya alırlar”.
İmişli və Saatlı rayon İcra Hakimiyyətləri ilə də əlaqə saxladıq. Bildirildi ki, həmin şəxslərin sözügedən rayonların ərazilərindəki meşəliklərdə ov etmələri ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Gənc oğlanın sərvətinin ölçüsü isə 18 milyard dollara bərabərdir.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın