Bazar ertəsi , May 20 2019
Ana səhifə / Aktual / Nazirlik meşə yanğınlarına görə əhaliyə ÇAĞIRIŞ ETDİ – Günahkarların axtarışı başlandı

Nazirlik meşə yanğınlarına görə əhaliyə ÇAĞIRIŞ ETDİ – Günahkarların axtarışı başlandı

Artıq bir  neçə gündür Azərbaycan ərazisində meşə yanğınları baş verir. İyulun 28-də Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndləri ərazisində baş verən yanğın sonradan yaxınlıqdakı Altıağac Milli Parkının ərazisinə də keçib.

Quba rayonu ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb, lakin güclü külək yanğının tam söndürülməsində çətinlik yaradıb. Yanğının söndürülməsinə vertolyotlar və amfibiya-təyyarə cəlb edilib.

İyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə yanğın başlayıb, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib.

Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında yanğın baş verib. Hər iki yerdə alovun yayılmasının qarşısı alınıb.

Bir neçə gündür davam edən yanğınların səbəbləri nələrdir?

Moderator.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Arzu Səmədova Modern.az saytına deyib ki, yanğınların baş vermə səbəbləri insan faktorudur:

“Bildiyiniz kimi, Altıağac Milli Parkına yaxın ərazidə – Köhnə Quşçu kəndində başlayan yanğın  biçənək sahəsindən sonradan Milli Parkın ərazisinə keçib. Görün bir nəfərin məsuliyyətsizliyi, ehtiyatsızlığı üzündən artıq 3 gündür ki, yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) , Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli qurumunun əməkdaşları və aviasiya dəstələrinin qüvvələri gecə-gündüz tədbirlər görür. Küləkli hava şəraiti yanğının söndürlməsində çətinliklər yaradır. Bundan əlavə, yanğın çətin relyefli dağlıq ərazidə olduğuna görə texnikanın ora cəlb edilməsində çətinlik yaranıb.Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.  Əraziyə  FHN-nin 2 helikopteri və 1 təyyarəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Dünya üzrə  orta statistikaya əsasən, hər 10  meşə yanğınlarından 9-nun səbəbi antropogen faktorlardır. Yanğınlar bəzən ildırım vurma səbəbindən də baş verə bilir. Amma Azərbaycanda məhz insan faktoru önəmli rol oynayır. İnsanlar mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Təbiət qoynunda olan zaman həmin ərazini tərk etməmişdən qabaq tonqalların tam söndürülməsinə, nəzarətsiz qoyulmamasına əməl etməlidirlər. Söndürülməmiş kibrit, siqaret kötüklərini  hara gəldi  atmaq olmaz. Maşın mühərriklərindən  qopan qığılcımlar da bəzən yanğına səbəb olur. Bunun üçün dizel yanacaqları, bitki yağları, benzin  kimi mayelərə bulaşmış materialları ətrafa atmaq olmaz”.

Nazirlik rəsmisi bildirib ki, yanğının söndürülməsində təkcə dövlət qurumları deyil, kənd sakinləri, ictimaiyyət nümayəndələri yaxından kömək göstərməlidirlər:

“Yanğın hər kəsin birgə səyi nəticəsində  söndürülməlidir. Çünki təbiət hamımızındır. Konstitusiyamızda qeyd edildiyi kimi,  sağlam ətraf mühitdə yaşamaq hər kəsin hüququdur.  Bu baxımdan  hər bir vətəndaş hüquqlarını, təbiəti, meşələri qorumaq üçün əlindən gələn töhfəni verməlidir. Çünki yanğın zamanı meşə ərazisində ziyan təkcə ağaclara dəymir, torpaq örtüyü, nadir və sayı azalmaqda olan  heyvan, bitki növlərinə də ziyan dəyir. Bu da öz növbəsində cinayət xarakteri daşıyır.

Bu cür cinayət törədən şəxslərin tapılması və  qanuna uyğun cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulan ziyanın ödətdirilməsi üçün artıq hüquq-mühafizə orqanlarına müraciət olunub. Onlar barəsində ən sərt cəza tədbirləri görülməlidir ki, digərlərinə örnək olsun.

Nazirlik bir daha havaların isti və quru keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır. Eyni zamanda yanğın baş verən zaman hər kəs yanğının söndürülməsində yaxından iştirak etməlidir”.

Həmçinin oxuyun

Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər

Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Oğuz rayonunun …