Ana səhifə / Aktual / Nazir Ramil Usubov o xəbərdarlığı niyə etdi – deputatların şərhi

Nazir Ramil Usubov o xəbərdarlığı niyə etdi – deputatların şərhi

Millət vəkilləri DİN rəhbərinin çıxışına ciddi reaksiya verdilər və “Azərbaycanı kimlər qarışdırmaq istəyir” sualını cavablandırdılar

Yanvarın 28-də Daxili İşlər Nazirliyində (DİN) 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə DİN-in mətbuat xidmətindən verilən məlumat musavat.com saytında geniş işıqlandırılıb.

Amma “Yeni Müsavat”ın müxbirinin diqqətini daha çox bir məqam çəkib: nazir, general-polkovnik Ramil Usubov öz çıxışında radikal müxtəlifətə nadir rastlanan xəbərdarlıq edib…

Cənab Usubov konkretləşdirməsə də, ümumiləşdirilmiş qaydada müəyyən mərkəzlərə mesaj verib. Rəsmi məlumatdan bəlli olur ki, nazir son günlər özlərini yenidən gündəmə gətirmək istəyən “…müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, ”polis qorxdu”, “hökumət geri çəkildi” kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu” xatırladaraq hər bir şəxsin bildiyi sadə həqiqətləri diqqətə çatdırıb. 

“Ötən 26 ildə məhz bu iqtidarın həyata keçirdiyi müdrik siyasət nəticəsində xaosa, anarxiyaya son qoyulub, Ermənistanın ölkəmizə təcavüzünün qarşısı alınıb, insanların pozulmuş hüquqları, dövlətə, hakimiyyətə, gələcəyə olan inamı bərpa edilib”, deyən R.Usubov daha sonra bunları bildirib: “Lakin respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb qorxuya düşən, günü-gündən gözəlləşən, dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakımızın, həmçinin regionlarımızın inkişafından xoflanan, vətəndaşlarımızın, xüsusən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin ilbəil daha əhatəli həllindən rahatsızlaşan, ordumuzun qüdrətinin artmasından, onu yüksək nizam-intizamlı, vətənpərvər, torpaqlarımızı işğaldan azad etməyə hər zaman qadir və döyüş ruhunu gördükcə kədərlənən, yüz minlərlə gənclərimizin Vətənimizin işıqlı gələcəyi, müasir Azərbaycanın daha sürətli inkişafı üçün göstərdiyi böyük coşqudan və çalışqanlıqdan məyus olan, xalq-iqtidar birliyinin sarsılmazlığından, onun bəhrələri olan inkişafdan, tərəqqidən, irəliləyişlərdən, yüksəlişlərdən əndişələnən bu antimilli qüvvələr həqiqətən də qorxuya düşüblər”.  DİN başçısı deyib ki, onlar növbəti təxribatlara əl atmaqla xalqımızı yenidən daxili çəkişmələrə, parçalamağa, ölkəmizi böhrana, bir vaxtlar yaratdıqları, indi isə xiffətini çəkdikləri özbaşınalıq və hərc-mərclik dövrünə sürükləməyə cəhdlər edirlər. General-polkovnik R.Usubov milli maraqlarımıza zidd olan belə avantürist hərəkətlərin qarşısının xalqımızın dəstəyi, qanunlarımızın gücü, dövlətimizin hüquq-mühafizə orqanlarının sıx birliyi ilə bundan sonra da alınacağını bildirib. O, qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.

Ölkənin daxili işlər naziri R.Usubov son illərdə ilk dəfədir ki, belə bir kəskin xəbərdarlıqla çıxış edir. Səbəb nədir? Hansısa qüvvələr Azərbaycanla bağlı planlar, ssenarilərmi hazırlayıb?

Deputat Zahid Orucun musavat.com-a son müsahibəsində də bir sıra ilginc məqamlar var idi. İqtidar mətbəxinə kifayət qədər bələd olan deputat həmin müsahibəsində son aksiyalarla bağlı demişdi ki, Azərbaycan polisi və xüsusi xidmət orqanları qana susayan adamların planlarını yaxşı bilir. “Deməli, Şəhidlər Xiyabanını belə protest meydanına çevirmək istəyənlər üçün heç bir mənəvi norma qalmayıb. Sən minlərlə insanın gənc yaşlarında məsumluğundan istifadə edib onları tankların tırtılları altında qoyasan, indi də onların sümükləri üzərində siyasi sümürgənliyə əl atasan, bundan böyük rəzillik yoxdur. Ona görə də aksiyaya icazə verilməməsi bir-iki gəncin qanı üzərindən Tunis inqilabı etmək istəyənlərin ssenarisini pozmaq qərarı idi”.

Bütün bunların ardınca polis rəhbərliyinin xəbərdarlığı sıradan məsələ sayıla bilməz. Bəs Azərbaycanı qarışdırmaq istəyən təxribatçı qüvvələr kimlərdir? 

Ä°lgili resim

AVP sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, xəbərdarlığa ciddi yanaşır: “Cənab nazir Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclasını telekanallardan izlədim və nazirin çıxışın bəzi fraqmentlərinə də diqqətlə qulaq asdım.  Etiraf edim ki, bu gün Azərbaycanda vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında, sabitliyin həyata keçirilməsində daxili işlər orqanlarının çox müstəsna xidmətləri var. Bu baxımdan mən, əlbəttə, Ramil Usubovun və onun rəhbərlik etdiyi kollektivin əməyini həmişə yüksək qiymətləndirmişəm və bu gün də etiraf edirəm ki, onlar Azərbaycan dövlətçiliyinin güclənməsində, bütövlükdə daxili sabitliyin qorunub-saxlanmasında və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında üzərlərinə düşən missiyanı uğurla yerinə yetirməkdədirlər. Cənab Ramil Usubovun çıxışında söylənilən fikirlərin kifayət qədər əsasları var. Son vaxtlar Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, ölkənin iqtisadi inkişafı, qüdrəti gücləndikcə və Azərbaycanın beynəlxalq səviyyədə ən ciddi hesabatlardan öncül yerlərə çıxmaqla bağlı söylənilən fikirlər geniş miqyas aldıqca, eyni zamanda ölkəmizdə gələcəyə hədəflənən, Azərbaycanı daha yüksək pilləyə qaldırmağa hesablanan struktur dəyişikliklərinin, bütövlükdə idarəçilik sisteminin fəlsəfəsinin dəyişilməsi ilə bağlı ölkə prezidentinin atmış olduğu addımlar bütün sahələri əhatə etdikcə Azərbaycanı istəməyən, anti-Azərbaycan qüvvələr fəallaşıb”. F.Ağamalı qeyd etdi ki, bu fəallıq hətta Avropa Parlamentində məlum qətnamədə də öz əksini tapdı: “Mehman Hüseynovun bir günlük aclıq aksiyası və bir gündən sonra aksiyadan imtina etməsinə baxmayaraq, çox təkidedici bir qətnamənin qəbul edilməsindən başlamış, ta ki, onların diktəsi ilə antimilli qüvvələrin də ölkə daxilində fəallaşması özünü göstərməkdədir. Mən bunlara müxalifət deməzdim. Bunlar anarxist qüvvələrdir. Bu anarxist qüvvələr cəmiyyəti xaosa, qarşıdurmaya sürükləmək məqsədini daşıyır və xaricdən idarə olunur, bu, birmənalıdır. Görünür ki, Ramil Usubovun nazir olaraq əlində yetərli faktlar, informasiyalar olduğu üçün bu cür ciddi xarakter daşıyan, ciddi məna kəsb edən açıqlamalar verib. Bu, bir daha göstərir ki, Azərbaycana uzanan xəyanətkar əllər, xəbis qüvvələr öz düşmənçilik mövqeyini hələ də nümayiş etdirməkdədir. Burada Azərbaycanı zəif görmək istəyən qüvvələr də, erməni lobbisi də var, xristian təəssübkeşliyi də var. Azərbaycanı zəif salıb onu idarə etmək arzusunda olan, ölkəmizin sərvətlərini daşıyıb öz məqsədlərinə tabe etdirən kəslərdən başlamış, ta ki, onların mətbəxində yer alan antimilli qüvvələr də bu gün Azərbaycana qarşı bu cür məkrli planların içərində yer alırlar”. 

Lakin AVP sədri proseslərin nəzarətdə olduğuna əmindir: “Mən qətiyyən şübhə etmirəm ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir. Bu gün ölkə prezidenti ilə Azərbaycan xalqının sıx ittifaqı, möhkəm birliyi var. Bu gün Azərbaycanın bütün strukturları dövlətimizin qarşıya qoyduqları məqsədlərə, hədəflərə çatmaq gücündədir, bu peşəkarlıqları onlar özlərində ifadə edirlər. Xüsusilə olaraq hüquq-mühafizə orqanları, eyni zamanda DİN də Azərbaycanda sabitliyi pozmağa çalışan, ölkədə anarxiya törətmək istəyən, ölkəni vətəndaş müharibəsinə sürükləyənlərə, buna cəhdlər göstərənlərə qarşı Azərbaycan qanunları çərçivəsində özünün sərt mövqeyini ortaya qoyacaq. Burada artıq çəkinməyə ehtiyac yoxdur. Bəlli olan odur ki, Əli Kərimli və onun ətrafında olanlar anarxistdirlər. Bunların müxalifətlə hər hansı bir bağlılığı yoxdur və onlar xarici, anti-Azərbaycan qüvvələrin, Azərbaycanı istəməyən dairələrin tapşırıqlarını yerinə yetirirlər və onların maraqlarına xidmət edirlər. Mən tam əminəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqının iradəsi qarşısında onların bu məkrli niyyətləri həyata keçməyəcək”.    

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Deputat Zahid Oruc da qəzetimizə maraqlı fikirlər söylədi və nazirin dediklərinə həssas yanaşdığını vurğuladı: “Heç şübhə etmirəm ki, hər zaman olduğu kimi, general-polkovnik Ramil Usubovun kollegiya iclasında söylədiyi fikirlər real, dəqiq məlumatlara əsaslanır. Onun açıqlamaları hər zaman cəmiyyətin bütün təbəqələri tərəfindən yüksək həssaslıqla izlənilir, ona diqqətlə yanaşılır və uyğun nəticələr çıxarılır. Hesab edirəm ki, birinci növbədə cənab generalın açıqlamasının hədəfi Azərbaycandakı sabitlik məkanının qorunub-saxlanmasıdır. Bu, təkcə hakimiyyətə və yalnız iqtidar qüvvələrinə deyil, müxalifətə də, mərkəzçisinə də, solçuya da, sağçıya da, dindar-ateistinə də eyni dərəcədə lazımdır. İkincisi, şübhəsiz ki, Azərbaycan polisinin əlində malik olduğu informasiya resurslarına rəğmən bu cəmiyyət üçün çox da bəlli olmayan məxfi məlumatlar mövcuddur və onlar ciddi şəkildə təhlil olunur, ona adekvat addımlar atılır. Əksər dairələr də ötən illər ərzində onu görüblər ki, dövlətçilik üçün əsas təhlükə dövrlərində ən vacib qərarların qəbul olunması və bu təhlükələrin üzərinə gedilməsində polis orqanları ön sıralarda yer alıblar. Azərbaycan polisini bu gün təfriqəyə cəlb etməyə çalışanlar, onları Şəhidlər Xiyabanında müxtəlif konfliktlərə məruz qoyaraq və onun içərisində ictimai-siyasi məkanda Azərbaycan polisinin obrazına hücumlar edib, onu bir simvol kimi hansısa hədəflərə gətirmək, bundan sonra ”Dövlətin qoruyucu zirehi zəiflədi, indi artıq ayaq ala bilərik” kimi bir məkrli planı işləyənlər bilməlidirlər ki, bu ssenarilər dövlətin ali zirvəsinə bəllidir. Müxtəlif ölkələrdə bəlkə də sınaqdan keçirilə bilər, ələlxüsus da çox yaxşı bilirəm ki, Ukrayna inqilabları zamanı daxili işlər orqanları özünü xeyli dərəcədə vecsiz aparırdı. Amma Ramil Usubovun bir insan və dövlətçi bir nazir kimi xarakterini bilənlər buna əmindirlər ki, Azərbaycan polisi keçmişdə öz canını, qanını torpaqlarımız uğrunda veriblər, onlar şəhid olublar. Yeri gəlmişkən, dövlət başçısın şəhid ailələri və onların vərəsələri ilə görüş zamanı vaxtilə canından keçən Azərbaycan polisinin də rəşadətini, igidliyini dəyərləndirməsi dediyimiz məsələyə nümunədir”.

Z.Oruc qeyd etdi ki, hər kəs əmin olmalıdır, bu açıqlamalar uyğun dairələrdə kimlərisə qurban seçək, küçələrə çıxanlara, meydanlardan yol və tranzit məkanlara gedənlərə hansısa düyün nöqtələrində qısaqapanmalar yaratsınlar, polisi təhqir etməklə onları əlbəyaxa döyüşə vadar etsinlər, sonra onların qəddarlığından dünya informasiya məkanı üçün paylaşımlar etsinlər kimi addımlar baş tutmayacaq: “Əgər qəddarlıq görmək istəyirlərsə, Paris küçələrində bunun nümunələri minlərlədir. Makron da bəyan edir ki, bu mübarizələr başlayandan 11 nəfər həyatını itirib. Amma şükürlər olsun ki, Azərbaycan polisi ən yüksək soyuqqanlılığı ilə hər kəsin təhlükəsizlik təminatını qorumaqla öz fəaliyyətini aparmaqdadır. Ona görə də Ramil müəllim tərəfindən bəyan edilmiş bu dövlətçilik mövqeyi Azərbaycanda əmin-amanlıq istəyən bütün qüvvələrin ürəyindəndir. Mən hesab edirəm ki, bu mesajlar eyni zamanda müxtəlif planlar hazırlayanlar üçün də öz təsirini göstərəcək və nəticələrini verəcək”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …