Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Nazir Eldar Mahmudov: “Bu, hər bir əməkdaşın bir nömrəli vəzifəsidir”

Nazir Eldar Mahmudov: “Bu, hər bir əməkdaşın bir nömrəli vəzifəsidir”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
MTN-in İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, əvvəlcə mərhum prezident Heydər Əliyevin xatirəsi anılıb və abidəsi önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Mərhum prezident Heydər Əliyevin, Azərbaycanın Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov buraxılış müna­si­bətilə məzunları, onların va­li­deynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Qeyd edilib ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Ölkənin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şəxsin dərin biliyi, məsuliyyəti və vətənpərvərliyi ilə seçilməli olduğunu qeyd edən general-polkovnik Eldar Mahmudov, bütün bunların öz növbəsində hər bir zabitdən əzmkarlıq və qətiyyət tələb etdiyini, eyni zamanda, bu sahədə Akademi­yanın rəhbərliyinin və kollektivinin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirib: “MTN-in Heydər Əliyev adına Akademi­yası indi təlim-tədrisin və xidmət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Gələcək əməkdaşların yüksək peşə, fiziki, mənəvi-psixoloji hazırlığı üçün burada hər cür imkanlar vardır. İntellektual vəsait imkanlarının və maddi-texniki bazanın daim gücləndirilməsi, eləcə də digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlan­masına xidmət edir. Xüsusilə son 10 ildə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Akademi­ya böyük inkişaf yolu keçib”.

Eldar Mahmudov bildirib ki, əldə olunan nəticələrdə prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən onun xüsusi təyinatlı Akademi­yasına göstərdiyi qayğı və diqqətinin böyük rolu var: “Milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu ölkə rəhbərliyinin Azərbaycan Respublikasının əra­zi­ bütövlüyü uğrunda ardıcıl siyasətinə əlverişli şərait yaratmaqdır. Bu, hər bir əməkdaşın bir nömrəli vəzifə­si­dir. Silahlı Qüvvələrin Ali Baş Ko­man­­danı cənab İlham Əliyevin dediyi kimi: “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, indi Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir””.
Qeyd olunub ki, MTN-in həyata keçirdiyi effektiv tədbirlər nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliy­yət­ləri­nin qarşısı­nın alın­ması, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miq­rasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübari­zədə ardıcıl uğurlar əldə edilir.
Nazir Eldar Mahmudov bir neçə gündən sonra idman tarixində birinci dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları­ kimi möhtəşəm beynəlxalq tədbirin hərtərəfli və yüksək səviyyədə baş tutması üçün geniş hazırlıq işlərinin görüldüyünü, o cümlədən təhlükəsizlik üzrə bütün aidiyyəti orqanların qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edib: “Azərbaycanda beynəlxalq səviyyəli bu cür idman tədbirinin uğurla keçirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər olunmalı, ilk Avropa Oyunlarının sülh, dostluq və əməkdaşlıq bayramına çevrilməsində bütün səylər birləşdirilməlidir”.
Eldar Mahmudov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib.
Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışıb.
Akademiyanın məzunları leytenant Kamal Qəmbərli və leytenant Aslan Həmidov çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildiriblər.
Gənc zabitlər Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etdib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Sonra nazir, general-polkovnik Eldar Mahmudov və general-leytenant Ziya Yusifzadə Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.
Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib. Sonda Eldar Mahmudov məzunların valideynləri ilə görüşüb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın