Cümə , Sentyabr 20 2019
Ana səhifə / Aktual / Nazim İbrahimov niyə elə dedi? – Azər Həsrət Diaspor Komitəsindən yazdı

Nazim İbrahimov niyə elə dedi? – Azər Həsrət Diaspor Komitəsindən yazdı

11 aprel seçkisindən sonra Prezident İlham Əliyevin yeni baş nazir təyin etməsi, bəzi nazirlərə yenidən etimad göstərməməsi hələ də müzakirə edilir. Böyük hesabla bu təyinatlar təqdir edilir, ümumi ictimai rəy cənab Prezidentin islahatların davamını arzu etdiyini təkrarlayır. Əlbəttə, belə bir durum bir daha təsdiq edir ki, xalq öz səsini təkrar İlham Əliyevə verməklə ona güvənir, gözləntiləri də az deyil.

Ən çox müzakirə olunan təyinatlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsilə bağlıdır. Gənc deputat Fuad Muradovun bu komitəyə rəhbər təyin edilməsi, əvvəlki rəhbər Nazim İbrahimovun vəzifəsinə yenidən təyinat almaması bəzi manipulyasiyalara yol açmaqdadır.

Nazim İbrahimovun özü şəxsən bu təyinatı olduqca təmkinli qarşıladı, reaksiyası da bu oldu ki, dövlət necə məsləhət bilirsə, elə də olmalıdır. Cənab Prezidentə bundan sonra da sadiq qalacağını bəyan edən İbrahimov Prezident Administrasiyasının rəhbəri hörmətli akademik Ramiz Mehdiyevin komitə ilə bağlı səsləndirdiyi tənqidlərə də olduqca uyğun bir cavab verdi. O, Ramiz Mehdiyevi ağsaqqalı adlandıraraq açıqlamasına təmkin nümayiş etdirməklə dövlət işində ərkan məsələsini nə qədər mənimsədiyini göstərmiş oldu.

Amma cəmiyyətin bəlli bir kəsimi Nazim İbrahimovun bu qədər təmkinli davranmasına baxmayaraq ciddi-cəhdlə diaspor sahəsindəki bütün problemlərdən onun cavabdeh olduğunu iddia etməkdədir. Bəzən də haqsız sayılmazlar. Amma ümumi hesabda heç də hər zaman haqlı olmadıqlarını deyə bilərik.

Şəxsən Nazim İbrahimovu son bir ilə qədər tanımırdım. Yollarımız kəsişməmişdi, hansısa məsələlərdə tənqid də etməmişdim. Amma ötən ilin sonunda Brüsseldə təşkil edilmiş bir tədbirdə birlikdə olduqdan sonra haqqında ilkin təəssüratım formalaşdı. Özü də yaxşı mənada. Çünki o tədbir Azərbaycanın ən ciddi problemi olan bölücülük məsələsinə həsr edilmişdi. Həm də otuza qədər xarici ekspertin iştirakı təmin olunmaqla. Prezidentin köməkçisi Əli Həsənovun da əsas çıxışçı kimi iştirak etdiyi tədbir şəxsən məndə yüksək təəssürata səbəb olmuşdu. Bu fikirlərimi Nazim İbrahimovla da paylaşmış, yüksək təşkilatçılığa görə təbrik etmişdim.

Daha bir tədbir isə bu ilin fevralında Amsterdamda keçirildi. Yenə də diaspor tədbiri idi. Xocalı soyqırımının anımı və Avropa Azərbaycanlılarının Konqresində Nazim İbrahimov ön planda idi. Hər iki tədbir həm təşkilatçılıq, həm də təmsilçilik baxımından mükəmməlliyi ilə seçilirdi. İştirakçı olaraq bu dəfə də rəyim yüksək olmuşdu.

Demək istədiyim odur ki, Nazim İbrahimovun diaspor işinə məsul şəxs kimi gördüyü işlərdən bu ikisi məndə onunla bağlı yaxşı təəssürata səbəb olmuşdu. Amma cənab Prezident Nazirlər Kabinetinin tərkibini yenidən formalaşdırarkən heç şübhəsiz ən doğru qərarı verdi və Komitəyə yeni rəhbər təyin etdi. Biz də bu təyinatı dəstəklədik və yeni sədr Fuad Muradovun uğurlarını gözləmək fikrindəyik.

Lakin Fuad Muradov haqqında deputat olduğu dönəmlə bağlı deyəcəklərim də yox deyil. Baxmayaraq ki, Bakıda ərazisində yaşadığım və deputatlığa iddia etdiyim 34 saylı Xətai II Seçki Dairəsini təmsil edir, şəxsən yaxınlığımız olmayıb. Fərqli insanlarıq. Hətta etiraf edim ki, onunla bağlı heç də yaxşı fikirdə olmamışam. Bir qədər şübhəli yanaşmışam bu şəxsə. Ta ki, 2017-ci ilin martında Brüsseldə AvroNest Parlament Assambleyasının bir toplantısında birlikdə iştirak edənədək.

Fuad Muradov həmin qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Məni də media azadlığının müzakirə edildiyi bir toplantı üçün ekspert qismində dəvət etmişdilər. Fuad Muradovla bərabər deputatlar Məlahət İbrahimqızı və Rasim Musabəyov da toplantıda iştirak edirdi. Hər üçü haqqında təəssüratım xoş olsa da, bu yazımda yalnız Fuad Muradov barədə qənaətimi paylaşmaq istərdim.

Ayrıntılarına varmadan deyim ki, o toplantıda Fuad Muradovun nə qədər çevik, hazırlıqlı, yetişkin bir siyasət adamı olduğunu müşahidə etdim. Özünü yetərincə sərbəst, arxayın aparması, çıxışlarında arqumentlərə söykənməsi bu adam haqqındakı ilkin təəssüratlarımı büsbütün alt-üst eləmişdi. Bu fikirlərimi özünə deməyə fürsətim olmasa da müəyyən çevrələrdə dilə gətirmişdim. Əlavə olaraq sevindiyimi də bildirmişdim ki, Azərbaycanı beynəlxalq tribunalardan belə təmsil edənlərimiz çox olarsa həll edə bilməyəcəyimiz məsələ qalmaz.

İndi cənab Prezident Fuad Muradova etimad göstərib, onu Diaspor Komitəsinə rəhbər təyin edib. Bilən də, bilməyən də bu şəxslə bağlı tənqidlər səsləndirir, təyinatı şübhə altına almağa çalışır. Mənsə deyirəm ki, gəlin, bir müddət gözləyək, işini müşahidə edək, ondan sonra fikir bildirək. Şəxsi təcrübəmdə onun haqqında heç də yaxşı fikirdə deyildim, amma əməlini görüncə yanıldığımı hiss etdim. O baxımdan diaspor məsələsində tənqiddən əl çəkib adamın əməlini gözləməyi daha uyğun bir davranış sayıram.

Fikrimi yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, bu dəfə Diaspor Komitəsinə Nazim İbrahimovun deyil, Fuad Muradovun təyin edilməsi cənab Prezidentin qərarı olmaqla ən doğru addım kimi qəbul edilməlidir. Ona görə də Fuad Muradova yeni işində uğurlar arzu edirəm. Nazim İbrahimovu isə sərgilədiyi təmkinli davranışa, Prezidentə sədaqətinə kölgə düşürəcək heç bir açıqlama verməməsinə görə təbrik edirəm. Dövlət işi, dövlət adamı məhz elə belə də olmalıdır. Yəni yalnız vəzifədə olduqda deyil, vəzifədən uzaq tutulduqda da sədaqətini qorumağı bacarmalıdır.

musavat.com

Həmçinin oxuyun

“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

“Nar”-ın baş sponsorluğ ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 14-cü …