Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / NAXÇIVANLI SƏRNİŞİNLƏR AZAL-dan NARAZIDI – CAHANGİR ƏSKƏROVUN BİLMƏSİ VACİBDİR

NAXÇIVANLI SƏRNİŞİNLƏR AZAL-dan NARAZIDI – CAHANGİR ƏSKƏROVUN BİLMƏSİ VACİBDİR

Azinforum.az xəbər verir ki, ölkə başçısı İlham Əliyevin keçirdiyi son müşavirələrdən birində AZAL şirkətinin fəaliyyətini kəskin tənqid etməsindən Cahangir Əskərovun komandası yaxşı nəticə çıxarmayıb. Bizim bu qənaətə gəlməyimizə aviabiletlərin qiymətində nəzərə çarpacaq dərəcədə endirimin edilməməsi və bir sıra başqa neqativliklərin olması əsas verir.

Azinforum.az-a bir qrup Naxçıvan MR sakini müraciət edərək, AZAL-ın yerli reyslərə və xüsusilə də hava nəqliyyatından daha çox istifadə edən naxçıvanlı sərnişinlərə münasibətdə bir qədər fərqli davrandığından şikayət edirlər.

Şikayətdə bildirilir ki, Naxçıvana və bir sıra başqa yerli xətlərə uçuşun həyata keçirildiyi Cənub Terminalındakı şərait digər zallardan xeyli fərqlənir: “Sanki bizə ikinci sort insan kimi baxırlar. Gözləmə zalında olan pulsuz WY-FY məlum olmayan səbəbdən ləğv edilib. Halbuki başqa zallarda, əsasən də xaricə uçuşun həyata keçirildiyi terminallarda pulsuz və yüksək sürətli internet var. Bütün aeroportlarda olan “Ana və uşaq otağı” bizim uçduğumuz terminalda yoxdur. Bu da, uzun yol gedən körpəli sərnişinlər üçün olduqca vacibdir. Terminalda siqaret çəkmək üçün quraşdırılan xüsusi kabinalarda hava soran qurğu işləmir. Çəkilən siqaretin tüstüsü yenidən zala dolacaqsa, onda həmin kabinanı quraşdırmaq nəyə lazımdır?”

Bizə ünvanlanan şikayəti araşdırmaq üçün Azinforum.az-ın reportyoru hava limanının sözügedən terminalında olub. Müxbirimizin verdiyi məlumata görə, Cənub Terminalında doğrudan da pulsuz internet xidməti yoxdur. Siqaret çəkmək üçün quraşdırılan kabinada nəzərdə tutulan havasoran qurğu isə ümumiyyətlə işləmir.

 Hava limanında olan Naxçıvan sakini Eliyar Vəlisoy adlı şəxs Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Naxçıvana getmək, orada istirahət etmək yaxşıdır, amma Bakiya dönəndə mütləq Bakı Hava Limaninda adamın qanını qaraldırlar:

“Təsəvvür edin ki, qadın, yaşlı, uşaqlı və ya xəstə adam gəlir və siz də çıxıbsınız onları qarşılamağa. Təbii ki, gələn əliboş gəlmir. Mütləq bir neçə çantası və ya bağlaması olur. Amma AZAL-ın işçiləri imkan vermir ki, onlara kömək edəsən. Hər dəfə bura qoyulan qapıkəsənlərlə mübahisə etməli oluram. “Ana uşaq otağı” nın olmaması ilə bağlı bir neçə dəfə şikayət etmişəm. Yalannan söz versələr də, hələ ki, bizim uçduğumuz terminalda həmin otağı yaratmayıblar. Xahiş edirəm ki, mənim sözlərimi AZAL rəhbərliyinə çatdırasınız”.

Eliyar Vəlisoy daha sonra bildirib ki, Naxçıvana olan biletlərin qiyməti əksər vətəndaşların ailə büdcəsinə uyğun deyil: “AZAL Prezidentin tənqidindən lazım olan nəticəni çıxararaq, ilk olaraq Naxçıvana olan biletlərin qiymətinə endirim etməlidir. Təsəvvür edin ki, 2 yaşında uşaq üçün Naxçıvana biletin qiyməti 40 AZN-dir. Görün, 2 ve ya ondan yuxarı yaşı olan  bir ailənin Naxçivana gedib-gəlməsi üçün nə qədər vəsait lazımdır? Hər uşağın gediş-gəlişi üçün 80+80 AZN, valideynlər üçün isə 100+100 AZN. Bu da  ümumilikdə 360 AZN edir. Mənim kimi gənc alim isə  ayda 200 manat əmək haqqı alır”

Bütün bu neqativliklərlə bağlı səslənən fikirlərə aydınlıq gətirmək üçün, AZAL-la əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən tapılmadı. Onların da mövqeyini dinləməyə hazırıq…

Cəmilə Seyidova,

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın