Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Aktual / Naxçıvanda özəl şirkətin bahalı və AA seriyalı avtomobilini hansı vəzifəli şəxs istifadə edir?

Naxçıvanda özəl şirkətin bahalı və AA seriyalı avtomobilini hansı vəzifəli şəxs istifadə edir?

Son bir ildə Naxçıvanda bir sıra yeni şirkətlər yaradılıb. Onlardan biri də “Batika Global Group” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin qanuni təmsilçisi Hüseynov Nihad Əli oğludur. Bu MMC Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində qeydiyyata alınıb.

“Batika Global Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı TNS maraqlı məlumatlar əldə edib. Bu məlumatların dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq, onları ictimailəşdirməyi məqsədəuyğun hesab etdik.

Əvvəlcə onu qeyd edək ki, bu şirkətlə bağlı açıq informasiya mənbələrində heç bir məlumat yoxdur. MMC-nin nə işlə məşğul olduğu, hansı sektorda fəaliyyət göstərdiyi bilinmir. Amma şirkət bahalı əmlaklar, avtomobillər alır.

Bu yaxınlarda “Batika Global Group” Məhdud Məsuliyyətli Cəmiyyəti, təqribən, 120 min avro dəyərində “Lexus” markalı avtomobil alıb. Maraqlıdır ki, 2 mart 2023-cü ildə yaradılan, nizamnamə kapitalı cəmi 20 manat olan bu şirkət birdən-birə bu qədər bahalı avtomobili necə və niyə alıb? “Batika” özəl şirkətdir, istədiyi modeldə, istədiyi qiymətə avtomobil ala bilər. Ancaq istənilən şirkətin də gəlir mənbəyini araşdırmaq ölkəmizin müvafiq dövlət orqanlarının səlahiyyətindədir. Bu məsələnin bir tərəfi. “Batika Global Group”un balansında olan avtomobilin digər maraqlı tərəfi onun nömrəsidir. Yeni “Lexus”un dövlət nömrə nişanı 70 AA 075-dir. Qeyd edək ki, 70 AA seriyalı dövlət nömrə nişanları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və az sayda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin avtomobillərinə verilib. Bu zaman sual yaranır. “Batika Global Group” bu nömrəni necə əldə edib? Cəmi 8 ay bundan əvvəl yaradılan, muxtar respublika üçün əhəmiyyətli işlər görməyən, ciddi layihələr həyata keçirməyən bir şirkətin avtomobilinə Ali Məclisin və Nazirlər Kabinetinin avtomobilləri ilə eyni seriyadan olan nömrəni kim və niyə verib? Halbuki muxtar respublikada iri dövlət məmurlarının belə avtomobilinin nömrəsi 70 AA seriyalı deyil. Məsələn, Azərbaycan Prezidentinin vəzifəyə təyin etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinin, muxtar respublika prokurorunun, Naxçıvan Dövlət Universitetinin rektorunun xidməti avtomobilinin nömrəsi 85 AA seriyalıdır.

Əldə etdiyimiz məlumata görə, bu avtomobil “Batika Global Group”un balansında olsa da, muxtar respublikanın yüksək vəzifəli şəxsinin şəxsi avtomobili kimi idarə edilir. Bizdə həmin şəxsin kimliyi barədə dəqiq məlumat, avtomobilin fotoşəkli olsa da, obyektiv səbəblərə görə, hələ ki şəxsin adının çəkilməsini, maşının fotosunun yayılmasını lazım bilmirik. Burdan belə bir nəticə çıxır ki, bu şirkətlə həmin vəzifəli şəxs arasında biznes əlaqələri vardır. Yaxud da şirkət hansısa “xidmətin” müqabilində həmin vəzifəli şəxsə bahalı avtomobil hədiyyə edib. Hər iki variant Azərbaycan qanunlarının pozulmasıdır və məsuliyyət yaradır.

İnanırıq ki, ölkəmizin hüquq-mühafizə orqanları Naxçıvandakı belə qaranlıq məqamlara aydınlıq gətirəcək, qanuni tədbirlər görəcəkdir.

Həmçinin oxuyun

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə …