Bazar ertəsi , May 27 2024
Ana səhifə / Aktual / Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.

TNS-ə ötən ilin may ayında keçirilən tədbirlərdən birinə 5 milyon manata yaxın vəsait xərcləndiyi ilə bağlı məlumat daxil olub. İddia edilir ki, həmin vəsait tender keçirilmədən xərclənib. Bundan başqa, o vəsaitin istifadə olunması ilə əlaqədar bəzi qaranlıq məqamlar var.

Turizm Departamentinin təşkilatçılığı ilə ötən ilin may ayında hansı tədbirlər keçirilib və nə qədər vəsait xərclənib? Bu tədbirlərin təşkili ilə bağlı tender keçirilibmi? Həmin tədbirlərin təşkil olunması məqsədilə hansı şirkətlərlə müqavilə bağlanıb? Tədbirlərin təşkili üçün hansı mənbələrdən istifadə olunub?

Bu suallara aydınlıq gətirilməsi üçün Turizm Departamentinə sorğu göndərilmişdi.

Sorğuya cavabda bildirilib ki, qeyd olunan tədbirlərin əsas təşkilatçısı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetidir. Ona görə də suallarımızı aidiyyəti üzrə yönəltməyimiz xahiş olunmuşdu.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən bildirilib ki, 2023-cü ilin may ayında Nazirlər Kabinetinin təşkilatçılığı ilə tədbir keçirilməyib.

Nazirlər Kabineti muxtar respublikanın yuxarı dövlət orqanıdır. Ona görə də qurumun yalan məlumat verməsini ehtimal etmirik.

Belə olduğu təqdirdə ötən dəfə ünvanlanan suallara daha bir neçə sual əlavə edilərək fevralı 22-də və martın 14-də Turizm Departamentinə təkrar soğru göndərilib. Təəssüf ki, həmin sorğuların göndərilməsindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, sorğulara cavab verilməyib.

Bir tədbirə 5 milyon manat vəsait xərclənməsi mümkün deyil. Üstəlik, tədbir beynəlxalq tədbir də olmayıb. Sorğulara cavab verilməməsi iddiaların doğruluğunu təsdiqləyir. Deməli, belə bir tədbir keçirilib və həmin vəsait də xərclənib. Əks təqdirdə, Turizm Departamenti məsuliyyəti Nazirlər Kabinetinin üzərinə atmaz, sorğulara cavab verərdi.

Turizm Departamenti medianın sorğusuna yalan məlumat verib? Əgər belədirsə, yalan məlumat verməyə qurum rəhbərini kimlər vadar edib? Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz təkzibolunmaz faktlar sübut edir ki, həmin tədbiri Turzim Departamenti təşkil edib. Turizm Departamenti muxtar respublika səviyyəli bayram tədbiri təşkil edə bilərmi? Bu vəsait hara xərclənib? Bu qədər böyük məbləğdən tender keçirilmədən niyə istifadə olunub?

TNS-in aylardır, yönəltdiyi sualları aidiyyəti dövlət orqanları cavablandırmır. Maraqlıdır ki, bir neçə dəfə ictimailəşdirilən, gündəmə gətirilən bu məsələyə muxtar respublika rəhbərliyi reaksiya verməyib. Bəs, muxtar respublikaya nəzarət funksiyasını yerinə yetirən Prezidentin səlahiyətli nümayəndəsi Fuad Nəcəfli niyə susur? Dövlət büdcəsindən bu qədər vəsaitin tendersiz xərclənməsi, hətta şübhəli formada xərclənməsi iddiası niyə araşdırılmır? Bunlar ciddi suallardır. Bu məsələyə aydınlıq gətirilməli, 5 milyon manatın hara və necə xərcləndiyi araşdırılmalıdır. Naxçıvan rəhbərliyi bu işin mənəvi tərəfini də nəzərə almalı, ciddi araşdırma aparmalıdır.

Həmçinin oxuyun

Vasif Talıbova ağır itki

Talıbovlar ailəsinə ağır itki üz verib. Azinforum.az TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası …