Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / “Nar Mobile”ın yeni fırıldaq sistemi abonentləri necə soyur?

“Nar Mobile”ın yeni fırıldaq sistemi abonentləri necə soyur?

Abonentlərin pullarını çoxsaylı və müxtəlif formalı fırıldaq üsulları ilə soyan şirkətlərin siyahısına “Azərfon” da qoşulub.
İndiyə qədər bu mobil operator fırıldaq kampaniyalar və mürəkkəb tarif sistemləri ilə abonentlərini soymağa üstünlük vermirdi. Bu şirkətin mobil operator brendi “Nar Mobayl”la danışmaq, ismarış yazmaq, internetdən istifadə etmək dünyanın ən soyğunçu şirkətlərindən olan Azercell-dən 3 dəfə, ondan yalnız bir qədər insaflı olan “Baksell”dən isə 2 dəfə ucuz başa gəlir. Məhz bu səbəbdən “Nar Mobayl” fəaliyyətə başladığı vaxtdan indiyədək onun sadiq abonenti olmuşam. Ailəmizdə də hamı “Nar” nömrə istifadə edir. Lakin artıq bu operator da yeni fırıldaq üsullardan istifadəyə başlayıb.
Bu barədə son vaxtlar dost-tanışlardan eşidirdim, srağagün isə öz başıma gəldi. Əslində, buna qədər də bir neçə dəfə balansımdan özbaşına pul silinməsi halları olmuş və operatorlarla uzun cənə-boğaz heç bir nəticə verməmişdi. Bir neçə dəfə özbaşına hansısa kampaniyalara qoşmuşdular, balansımdan hər gün özbaşına pul çıxılırdı, axırda xəbər tutub dava-qırğınla çıxmışam onlardan. Bu dəfə fərqli fırıldaq oldu.
Belə ki, gecə saat 3-ə qalmış qəfildən mənə bir məlumat lazım oldu. İnternet trafikimi yoxlamaq üçün dəfələlərlə sorğu verdim, lakin sistem “bu məlumat sərfəli deyil” yazıb imtina etdi. Bu dəfə balansımı yoxladım, cavab gəldi ki balansda 44 qəpik var. Quql-da axtardığım sözü yazıb axtarış verdim, elə ilk sətirdən lazım olan məlumatı görüb heç bir linkə girmədim və dərhal interneti söndürdüm. Bir dostuma zəng etmək istədikdə robot cənabları dedi ki, indi zəng etmək çətin deyil, filan kodu yığırsan, vəssalam. Məlum oldu ki, saniyəlik ən yüngül sayta- quqla-a girib çıxmağa görə hesabdan silinib. “Nar Mobayl” operatoru ilə əlaqə cəhdi həmişəki kimi boşa çıxdı.
Məlum olduğu kimi, bu şirkətin operatoru ilə danışmaq şərəfinə nail olmaq praktiki olaraq mümkün deyil. Belə ki, hesabdan pulu qanunsuz silirlər və abonentə bunun səbəbini soruşmaq üçün zəng etməyə imkan vermirlər- çünki balansda pul bitəndə operatora zəng etmək olmur- bu qayda son illərdə qoyulub. Buna oxşar hallar başqa şəxslərlərdən də eşitdiyim üçün məsələni ictimailəşdirmək qərarına gəldim.
İndi buradan “Azerfon” şirkətindən soruşuram: Cənablar və xanımlar- 44 qəpiyi hansı əsasla, hansi tarif planı ilə, hansı fırıldaq yolu ilə 4 saniyəlik internet üçün çıxırsınız? Əgər maliyyə problemləriniz varsa, xəbər eləyin- biz sadiq abonentlər sizi darda qoymarıq- hərəmiz 1 manat yardım edərik 1-2 milyon qazanarsınız. Amma belə ucuz fırıldaqlar nəyə lazımdır?
Balans halqda məlumat sorğusu verəndə “bu məlumat sərfəli deyil” deyə cavab mesajı göndərmək nə deməkdir? Kimə sərfəli deyil? Mənə sərfəlidir və sizin də borcunuz bu məlumatı mənə verməkdir. Əgər bu sizə sərfəli deyilsə, onda zəhmət olmasa şirkəti bağlayın, gedin şadlıq sarayı açın- orda adamları geninə-boluna aldatmaq üçün hər imkanlar var.
Xatırladım ki, mən uzun illərdən bəri dəyişməz olaraq eyni tarif planına qoşulmuşam- hər tərəfə 4 qəpik. Bu hazırda ölkədə ən ucuz danışıq tarifidir. Heç bir kampaniyaya heç vaxt qoşulmuram.
Yeri gəlmişkən, əvvəllər bu şirkət 1 manata 100 mqb internet trafiki verirdi, təxminən 1 il qabaq bunu 80 mqb-ə endirdi. Soruşaq cavab verin- bütün dünyada mobil danışıq və internet tarifləri davamlı olaraq ucuzlaşdığı halda siz niyə bahalaşdırırsınız ki?
Mənim balansımdan oğurladığınız 44 qəpiyi təcili geri qaytardıqdan sonra bu suallara cavablarınızı redaksiyaya və ya şəxsən mənə ([email protected]) göndərə bilərsiniz. Biz də oxuculara çatdıraq görsünlər nə deyirsiniz. Gözləyirik…

Elçin Bayramlı

Azadinform.az

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …

Bir cavab yazın