Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Nailə Mirməmmədli: “Elə bil, mahnını benzinlə yazıram” – MÜSAHİBƏ, FOTO

Nailə Mirməmmədli: “Elə bil, mahnını benzinlə yazıram” – MÜSAHİBƏ, FOTO

Musavat.com-un bu dəfəki müsahibi əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədlidir. Bəstəkar ilə onun çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetində görüşüb, söhbətləşdik:
– Nailə xanım, nə vaxtdan bu universitetdə işləyirsiz?
– Çoxdan… Amma indi çıxmaq fikrim var. Xoşum gəlmir, artıq… (Bir qədər gileyli görkəm alır). Dəyişib, hər şey… Təzə rektor heç ürəyimcə deyil. Başa düşmürəm, nə etmək istəyir. Ona görə…
 
– Bəs, pedaqoq kimi tələbələrinizdən razısız?
– Yaxşıları var. Amma çox narazıyam. Nədən belə hadisələr baş verir? Bəlkə də bunu mənim deməyim düzgün deyil, amma çox ağrıdıcı işlər baş verir. Buna bir çıxış yolu tapılmalıdır. Əsasən burda mən 4-cü kurslara dərs deyirəm. Amma elə tələbələr olur ki, heç bir musiqi təhsili yoxdur. Soruşanda deyir ki, “Müəllim, mən başqa fakültəyə sənədlərimi vermişdim, lakin testə görə bura düşdüm”. Siz təsəvvür edin, bununla da bir gəncin bütün həyatı alt-üst olur. Gəlir, burda 4 il oxuyur, öyrənir, amma onun orta musiqi təhsili yoxdur və o, hər şeyi dərk edə bilmir.
 
– Tanınmışlardan kimsə gəlib, burada təhsil almaq istəyib?
– Mənim tələbəm Ənvər olub (akkardion ifaçısı), indi xalq artistidir, skripka ustası Natiq və s… Mənim özümün də təhsil aldığım ilk universitet bura olub.
 
– Hazırda hansı fənndən dərs deyirsiz?
– Xor oranjimanı, dirijorluq və vokal…
 
– Bəs, sırf bəstəkarlıq ixtisası üzrə..?
– Bəstəkarlıqla bağlı əsasən məndə fərdi dərslər olur.
 
– Gənc bəstəkarlar daha çox hansı janra meyl edir?
–  İş orasındadır ki, kütləvi janrımız mahnı janrıdır. Ona görə də kəsmə yolla tez populyarlaşmaq istəyənlər əsasən mahnı janrına üstünlük verirlər. Bu, elə bir janrdır ki, elə bir mükəmməl təhsili olmayan da zümzümə edib, yaza bilir. Əlbəttə ki, peşəkarın yazdığı aşkar bilinir.
 
– Sizi əsasən mahnı janrında yazan bəstəkar kimi tanıyırıq. Bəs, iri həcmli əsərlərə də müraciət edirsizmi?
– İri həcmli əsərlərim əlbəttə ki, var. Amma sadəcə olaraq, bizim buna hələ ki, tələbatımız yoxdur. Daha doğrusu, keçmişdə var idi, indi yoxdur. Məsələn, elə bir şey yoxdur ki, mən hansısa populyar bir televiziya kanalına dəvət alım və orada simfonik orkestr yerləşdirilsin və əsərim ifa olunsun.  Amma gələn ilə planlaşdırıram ki, Filarmoniyada iri həcimli əsərlərimdən ibarət konsertimi keçirim. İkinci hissədə isə ancaq vokal əsərlərim, romanslarım səslənəcək. Əsərlərimi populyar ifaçılar oxuyacaq, özüm isə fortepianoda müşayiət edəcəm.
 

 
– İri həcmli əsərlər yazmaq üçün bəzən bəstəkar aylarla vaxt itirir. Bəs, bu cür əsərləri təqdim edəndə qazanc əldə edirsiz, ya itirirsiz?
– Tutaq ki, bir opera yazım bitirim, digərini başlayım, buna mənim savadım çatır. Amma bir şey var, onda gərək kimsə gəlib, evimdəki problemlərimi həll etsin, uşağı məktəbə aparsın, bazarlıq etsin, universitetdə dərs desin ki, 260 manat maaş alsın, mən də gedim bir uzaq kənddə ya bağda, royalın arxasında əyləşib, əsərimi bitirim. Təsəvvür edin, mənim vəziyyətimi… Evdəki problemlərdən başımı itirmişəm. Üstəlik universitet, burada da yeni qanunlarla üz-üzə gəlirəm, hansı ki, mənim öyrəşmədiyim işlərdir.
– Nədir onlar..?
– Elementar bir şey deyim. Universitetin ərazisində maşın saxlamaq qadağan olunub. Mən maşınımı gərək uzaq bir yerdə saxlayım, oradan da ayaqla universitetə gəlim. Heç başa düşmürəm ki, bu, nə deməkdir?
 
– Kifayət qədər tanınmış bəstəkarsız və məşhur müğənnilərlə işləyirsiz. Amma gileylərinizdən anladım ki, qazancınız sizə yetmir. Səbəb nədir, qeyri-peşəkar musiqiçilərin mahnı bazarına daxil olması, yoxsa..?
– Siz düz fikirləşirsiz. Qeyri-peşəkarlar nəinki daxil olub, hətta zəbt ediblər (acı-acı gülümsəyir). Və istifadə edirlər. Əllərində də tutduğu bayraq odur ki, “camaatımızın zövqü sizin kimi bəstəkarların musiqisi deyil, bizim ara musiqilərimizdir”. Amma çox nahaq yerə elə fikirləşirlər. Millətimizin çox gözəl musiqi zövqü var və hər şeyi görür, eşidir, hər şeyi də dəyərləndirir. Ona görə sakit oturmuşam. Necə ki, illər öncə ara musiqi yazanların indi heç adları da qalmayıb, eləcə də indiki dövrdə… Tarix özü bunu göstərəcək ki, kimin musiqisi qalacaq, kiminki yox…
 
– İl ərzində neçə  mahnı yazırsız?
– Planlı şəkildə mahnı yazmıram.
 
– Bəs, son müddətdə sifarişləriniz artıb, ya azalıb?
– Bu barədə yaxşıdır, sifarişlər olur. Sadəcə olaraq mənim işimi ağırlaşdıran bəzi şeylər olur, probelmlərimin birini çatdırıram, o birini yox… Olur ki, sifarişçi mənim dediyim qiyməti vermir”.
 
– Bu gün nəsə çox əsəbi görünürsüz…
– Hə, çox əsəbiyəm, deyiləsi deyil… Mən sadəcə, istəyirəm ki, yığdığım hörmətin qarşılığını görüm. Adama təsir edən belə şeylərdir. Çox heyf ki, elə adamlar var ki,  özünün tərbiyəsindən, çərçivəsindən irəli gələrək, elə bilirlər ki, hansısa kresloya otururlarsa, onların səlahiyyətləri hər şeyə çatır. Amma belə olmur. İnsaniyyətlə iş görmək lazımdır. Əgər xüsusən də yaradıcı insanlara insanlıq etməyi bacarmayacaqsansa, onda mənlik deyil, bu iş…
 
– Gənc ifaçı Almaxanım Əhmədli sizdən çox razılıq edirdi ki, bir neçə mahnınızı ona təmənnasız vermisiz… 
– Bəli, çünki atası mənimlə həm qohum, həm də qardaşım kimidir.
 
– Məşhurlara da təmənnasız mahnılar vermisiz?
– Cavanşir Quliyevin belə bir misalı var. O deyir ki, “bir dəfə bir müğənni dedi ki, “sən niyə başqasına mahnını pulsuz verirsən, mənə isə yox?”, mən də dedim ki, “həmin müğənni mənim xalamqızıdır, sonra?” (gülür). Yəni bu, mənə də aiddir. Kimdən umuram bilirəm, kimdən ummuram, onu da bilirəm. Əgər müğənni orta və ya aşağı səviyyədədirsə, onlara qiymət başqa olur. Amma əlbəttə ki, onlara qiymət deyiləcək. Əgər müğənni mənim mahnımı hansısa auditoriyada düzgün, məndən də gözəl ifa edəcəksə, onda hardasa danışmaq olar. Hərdən bəziləri deyir ki, “axı  sizin müəllimləriniz mahnı satmırdı, siz niyə şatırsız?” Mənim bundan başqa qazanc yerim yoxdur. Bəstəkarlara da elə bir maaş ayrılmayıb ki, biz ürəyimiz istəyən müğənniyə pay verək. Mənim o cür şəraitim, arxa, dayağım yoxdur. Üç övladım, gəlinim, nəvəm, qudam – 7 nəfər bir yerdə yaşayırıq. İşləyən də tək mənəm və mən də ayda 260 manat maaş alıram. İndi təsəvvür edin. Amma bu qədər savadlı, 19 il  təhsil alan adamam. Sizcə bu, adama təsir etməz? Oğlum İqtisadiyyat Universitetini bitirib, mən ona iş tapa bilmirəm. Qızım isə Memarlıq Universitetini bitirib, soraqlaşıram, həmçinin ona da iş tapa bilmirəm.
 
– Çox böyük arzunuz idi ki, onlara ali təhsil verə bilərsiz… 
– Əlbəttə ki… Çox çətinliklə, əzab-əziyyətlə, yeməyib-içməyib onların təhsillərinə xərc qoydum. Amma bu gün mənim üçün çox çətindir. Özümü onunla sakitləşdirirəm ki, hamıda çətindir, tək məndə belə deyil. Ona görə də bu dövrü dözməliyəm. Hərdən deyirlər ki, “sənə tək yaşamaq yəqin ki, çox çətindir, benzin də, dollar da bahalaşıb” (gülür). Elə bil ki, mahnımı benzinlə yazıram. Əlbəttə ki, çətindir.
 
– Maraqlıdır, övladlarınız musiqiçi ailəsində böyüsə də, bu sənəti seçmədilər… 
– Böyük oğlum eyni zamanda orta musiqi məktəbində skripkanı, qızım isə fortepianonu bitirib. Onlar həm gözəl ifa edirlər, həm də gözəl oxuyurlar. Amma sənətləri başqadır. Onlar gələcəklərini bu sənətdə görmədilər.
 
– Qazanc onlara az göründü, yoxsa..?
– Yox… Mən onları məcbur etmədim. İstedad, talant olmalıdır ki, insan özünü bu sənətə həsr etsin. Amma kiçik oğlum tar, fortepiano sinfinə gedir, yaxşı da eşitmə qabiliyyəti var. Doğrudur, o da deyir ki, gələcəkdə musiqiçi olmaq istəmir. Amma nəvəmə ümidim böyükdür, çünki o da Nailə Mirməmmədlidir.
 
–  Bir az öncə qeyd etdiz ki, vokal imkanlarınız var. Bəs niyə özünüzü müğənni kimi sınamadız. Halbuki, həmkarlarınızın əksəriyyəti həm də öz mahnılarının ifaçısıdır… 
– Onları deyə bilmərəm, amma mən özümü heç cür müğənni kim təsəvvür etmirəm. Bu, mənim xarakterimə uyğun deyil.
 
– Son zamanlar xeyli sayda seriallar çəkilir. Onlara musiqi yazmaq üçün sifarişlər alırsız? 
– İlk dəfə dövlət tərəfindən sifariş gələndə gördülər ki, nəsə ciddi məsələdir. Onda mənə sifarişlər gəldi. Birinci işim “Pərvanələrin rəqsi” serialı oldu. Hətta serialın musiqisi bir neçə dəfə bəziləri tərəfindən oğurlandı da… Bir neçə serialda Kənanla, Rövşən İsakla da işləmişəm. Amma indi artıq yeyilib, bu mövzu… Aranjimançıya verirlər, o da effektlər verir, heç musiqi olmasa da olar. Bununla da yadda qalan musiqi də olmur. Heç olmasa, türklərin təcrübəsinə baxsınlar, görsünlər ki, necə musiqilər var ki, filmdən sonra da sərbəst öz ömrünü yaşaya bilir.
 
– Toylar üçün də musiqi bəstələyirsiz?
– Bəli, var. Bəy tərifi, gəlin tərifi də var. Bu, mütləq olmalıdır və həmişə bəstəkarların yaradıcılığında olur.
 
– Alın yazısına inanırsız?
– Əlbəttə ki, inanıram. Amma bir şeyə də inanıram ki, alın yazısı, qismət varsa da, o insanın özündən, tərbiyəsindən, xarakterindən asılıdır ki, hansı yolu seçir. O məndən asılıdır, hansı yolu seçim ki, düz yolla gedə bilim. Bu da çətin deyil, sadəcə, həyatın özünü dərk edə bilməlisən.
 
– Həyatınızda iki dəfə ağır faciə yaşamısız. Həyat yoldaşınızın, oğlunuzun faciəli ölümü qarşısında çox mərdliklə  dayandız. Əzizlərinizin itkisi yaradıcılığınızda nələrisə dəyişdimi?
– Mənim həyatımda çox şey dəyişdi. Amma bir şey deyə bilərəm ki, sifariş olunan və ya özümün xoşuma gələn daha lirik notlara oturan şeyləri bir qədər də dərindən, təsiredici yaza bildim, çünki onları yaşamışam.
 
– Nəvəniz üçün mahnı həsr etmisiz?
– Yox, hələ yazmamışam. Bilmirəm, bəlkə də gələcəkdə özü-özü üçün yazacaq. Amma onu deyə bilərəm ki, onu qucağımda ağlayan vəziyyətdə tutub, royalda ifa etmişəm, ağlamağını kəsib və musiqiyə maraqla qulaq azmağa başlayıb. Bu, mənə çox maraqlı gəldi. Uşağın hələ qırxı çıxmayıb, amma musiqiyə necə maraq göstərir.
– Gəlininizin musiqi ilə əlaqəsi varmı?
– Yox, amma şeirlə əlaqəsi var.
– Uzun müddətdir ki, bir imicdə qalırsız, saçınızın rəngini dəyişmirsiz, eyni formada saxlayırsız. Bunun özəl bir səbəbi varmı?
– Qətiyyən yox… Mən fikirləşirəm ki, saçımı rəngləsəm və yaxud geyim tərzimə dəyişiklik etsəm, gözdən düşərəm. Mənə elə gəlir ki, hər bir yaradıcı insan xalqının nümunəsi olmalıdır. Ümumiyyətlə, hər bir sahənin öndə gedəni nümunə olmağa çalışmalıdır. Mən də fikirləşirəm ki, elə olum ki, bu tərzdə olan qadınlar mənə bənzəsinlər.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …

Bir cavab yazın