Ana səhifə / Nəqliyyat Nazirliyinin qoçuları sürücüyə hücum etdilər, qəza vəziyyəti yaratdılar – VİDEO

Nəqliyyat Nazirliyinin qoçuları sürücüyə hücum etdilər, qəza vəziyyəti yaratdılar – VİDEO

Nəqliyyat Nazirliyinin əməkdaşları qəza şəraiti yaradaraq, TIR sürücüsünü saxlamaq istədilər.
“Nəqliyyat Nazirliyinin qoçuları”… Bu ifadə daimi xəbər oxucuları üçün yad deyil. Çünki NN-nin əməkdaşları artıq bu ad ilə tanınırlar. Onların Bakı şəhərində və ətraf bölgələrdə etdikləri qanun pozuntularının sayı-hesabı yoxdur.
“Nəqliyyat Nazirliyinin qoçuları sürücünü döydülər”, “Nəqliyyat Nazirliyinin qoçuları aktyoru döydülər”, “Nəqliyyat Nazirliyinin qoçuları jurnalistə hücum çəkdilər” və s. bu kimi başlıqlı yazılar, internet medianın əsas xəbər başlıqları sırasında yer alır.
Bu əməllərlə məşhurlaşan nazirlik işçilərinin daha bir qanun pozuntusu qeydə alınıb. Özlərini qanun keşikçiləri, taksi sürücülərinin haqlarını müdafiə edən məmurlar kimi göstərən NN-nin əməkdaşları tərəfindən aprelin 1-də saat 13:00 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında, “Dərnəgül” yolu istiqamətində qəribə hadisə törədiblər.
Belə ki, avtomobillər normal hərəkət edən zaman, Nəqliyyat Nazirliyinin əməkdaşarı iki xidməti avtomobillə yolla hərəkət edən TIR-ın qarşısını kəsiblər. TIR-ın qarşısında qəfil şəkildə avtomobili saxlayan nazirlik əməkdaşları ucbatından qəza şəraiti yaranıb.
Bütün bunlara musavat.com saytının əməkdaşı şəxsən şahid olub. NN-nin əməkdaşları sürücünü hansı yolla olursa-olsun, maşını saxlamaq məcburiyyətində qoymağa çalışırdılar. Amma bu, onlarda alınmırdı.
Bu “qaçdı-qovdu” bir müddət davam etdi. Nazirliyinin əməkdaşlarından biri avtomobildən düşərək, sürücüyə yaxınlaşmağa çalışdı. Amma sürücü dayanmadı. O, yük maşınını geriyə sürərək, oradan uzaqlaşdı. Onun ardınca isə NN-nin əməkdaşları…
Əgər sürücü yük maşınını saxlayıb, aşağıya düşsəydi, onun sonu necə olacaqdı?
Bunu bilmək olmaz. Bəlkə onu da digər sürücülər kimi döyəcəkdilər. Yerlə sürüyüb, maşınını əlindən alacaqdılar.
Belə hadisələrin dəfələrlə şahidi olmuşuq. “Nəqliyyat Nazirliyinin qoçuları sürücünü döydülər” – başlığı ilə xəbərləri oxusanız, yazılanların həqiqiliyini anlayacaqsınız.
Hadisə baş verdikdən sonra kənarda dayanan digər sürücülər çəkiliş apardığımızı görüb, bizə yaxınlaşdılar: “Çəkin, çəkin… Görün, nə qədər qudurublar. Həmişə belə edirlər. Mafiya adamları kimi maşının qabağını kəsirlər, sürücünü düşürürlər. İstədiklərini ala bilməyəndə də döyürlər. Çünki sayları çox olur. 4-5 nəfər cumurlar sürücünün üstünə… Mənim bir dostumun başına belə bir şey gəlmişdi. Taksi sürücüsü işləyirdi. Gəlib, zorla maşının açarlarını əlindən almışdılar. Özünü də döyüb, yolun qırağına atmışdılar”.
 

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın