Ana səhifə / Aktual / Nə kitablar var, nə də müəllimlər: Gürcüstanda Azərbaycan dilində təhsil batır

Nə kitablar var, nə də müəllimlər: Gürcüstanda Azərbaycan dilində təhsil batır

Gürcüstandakı Azərbaycan məktəblərində müəllimlər və zəruri dərsliklər çatışmır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Gürcüstan Ombudsmanının 2017-ci il insan hüquq və azadlıqları haqqında hesabatında qeyd olunub ki, Azərbaycan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil.

“Azərbaycanda 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir” — deyə sənəddə bildirilir.

Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. Prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən, Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 550 minədək müxtəlif adda — “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı” və s. dərs vəsaiti göndərilib.

Xatırladaq ki, Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi, eləcə də müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

Təhsil sahəsi üzrə ekspert Kamran Əliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bu məsələyə aydınlıq gətirərkən deyib ki, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı “4+1” dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Onlar bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Eyni zamanda, dərsliklərin keyfiyyətində də ciddi nöqsanlar var: “Gürcüstanda çap olunan hər bir dərslikdə informasiya ağırlığı mövcuddur. Azərbaycan isə eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır”.

“Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər Gürcüstanın tələb və normalarına cavab vermir” — deyən ekspertin sözlərinə görə, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə olmalı, onların təhsil standartlarını öyrənib dərslikləri ona uyğun hazırlayaraq göndərməlidir ki, şagirdlər üçün faydalı olsun.

Ekspert onu da qeyd edib ki, Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsaydı, bu gün orada yaşayan azərbaycanlı ziyalılar daha yararlı dərsliklər hazırlayardı.

Qeyd edək ki, analoji layihələri Rusiya və Gürcüstan da həyata keçirir. Misal üçün Quba, Qusar və Xaçmaz rayonlarındakı rusdilli məktəblərə kitablar Rusiyadan göndərilir. Eləcə də Qax və Zaqatala rayonlarındakı gürcüdilli məktəblərə dərsliklər Gürcüstandan gəlir.

Gürcüstan Azərbaycanlıları Konqresinin üzvü Əli Babayev də öz növbəsində qeyd edib ki, bu, Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı yeganə problemi deyil.

Bu gün azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə pedaqoqlar çatışmır. Müəllimlərin 78-85 yaşları var. Hətta məktəb direktorları ahıl yaşdadırlar. Bununla əlaqədar olaraq tədris metodikası da köhnəlib.

Əli Babayev təklif edib ki, Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıları Azərbaycan universitetlərinə pulsuz qəbul etməlidir.

“Əgər onlar Gürcüstanda Azərbaycan dilini xilas etmək istəyirlərsə, hər il Azərbaycanın pedaqoji universitetlərinə yeni kadrlar qəbul etməlidirlər ki, onlar Gürcüstana qayıdanda dərsləri Azərbaycan dilində tədris edə bilsinlər” — deyə Babayev bildirib.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyindən agentliyimizə bildiriblər ki, indiyə qədər onlara Gürcüstandan dərsliklərin keyfiyyəti ilə bağlı hər hansı rəsmi müraciət daxil olmayıb. Məhz buna görə də, nazirlik məsələyə öz rəsmi münasibətini bildirə bilmir və bu məsələ onun gündəmində deyil.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …