Şənbə , Dekabr 10 2022
Ana səhifə / Aktual / Nərimanov rayonundakı parklar niyə baxımsız qalıb? – “Əyyaşxanadır, bu yerlərdən keçməyə belə utanırıq”

Nərimanov rayonundakı parklar niyə baxımsız qalıb? – “Əyyaşxanadır, bu yerlərdən keçməyə belə utanırıq”

Bakıda milyonlarla manat büdcə vəsaiti hesabına inşa edilən bəzi parklar baxımsızlıq ucbatından dağılıb, gedir. Həmin baxımsız parklardan üçü Nərimanov rayonu ərazisindədir.

Vaxtilə adla deyilən və səhər sakinlərinin ən sevimli məkanları olan həmin parklardan biri Koroğlu Rəhimov küçəsindəki Gənclik parkıdır.

Böyük bir ərazini əhatə edən və gediş gəlişin gur olduğu bir ərazidə yerləşən Gənclik parkı bir neçə il əvvəl salınıb. Şəhər memarlığına və milli dəyərlərə rəng qatan bu park çox təssüf ki, son zamanlar bərbad günə qalıb.

Parkdakı ağaclar və bəzək kollarının bir çoxu quruyub. İşıq dirəkləri sınıb və yaxud sındırılıb. Eləcə də məhəcərlərin üzərində quraşdırılan işıq plafonlarının çoxu qopardılıb. Bundan əlavə parkdakı fəvvarələr də pis günə qalıb.

Baxımsızlıq üzündən fəvvarələr normal işləmir. Sındırlımış və dağıdılmış detallar aylarla fəvvarələrin hovuzunda yığılıb qalıb. Nəzarətsizlik üzündən suvarma suyu hara gəldi axıdılır. Bir sözlə Gənclik parkı öz gəncliyini və gözəlliyini yaşamadan solub gedir.

Parkda olarkən bəzi sakinlərlə həmsöhbət olduq. Şəhər sakinlərindən biri vaxtilə bu parkın əsrarəngəz gecə görüntüsü olduğunu söylədi.

“Amma indi, çox şey dağıdılıb. Fanarların çoxu yanmır. Fəvvarələr normal işləmir. Bəzi oturacaqlar sındırılıb. Di gəl ki, dağılıb gedən parka baxan yoxdur”.

Nərimanov rayonundakı baxımsız ərazilərdən biri də Atatürk prospektindəki yaşıllıqlardır. Daha doğrusu böyük Atatürkün adına olan parkdır. Çox təəssüf ki, bu müqəddəs ünvan hazırda kimlərinsə biznes maraqlarına xidmət edir.

İndi ərazinin böyük bir hissəsində kafe və restoranlar fəaliyyət göstərir. Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi ərazi dəmir hasara alınıb. Hasarın içərisindəki 20-dən artıq ağac, onlarla bəzək və gül kolları məhv edilib.

Üstəlik, həm insanların rahat gediş-gəlişinə ciddi əngəl yaradılıb, həm də ki, hasarın içindəki ağaclar qəsdən qurudulub yandırılır. Bu isə paytaxtda sınanılmış bir metoddur. Əvvəl yaşıllıq ərazi hasarlanır, sonra ərazidəki yaşıllıqlar qurudulur və sonda müvafiq qurumların “razılığı” ilə ərazi qurumuş ağaclardan “təmizlənir”.

Yerində möhtəşəm ticarət və yaxud iaşə obyekti tikilir. Yəqin ki, Atatürk parkındakı yaşıllıq zolağını da eyni aqibət gözləyir.

Şəhər sakini Şahismayıl Quliyev bizimlə söhbət edərkən parkın indiki vəziyyətindən yana-yana danışdı:

“Əvvəllər buranın gözəl ab-havası vardı. Park boyu yürüş edirdik. Volesiped sürürdük, əylənirdi. İndi isə parkın yarısını restoran ediblər, bir hissəsini də hasara alıblar. Burdan indi piyada keçib getmək belə mümkün deyil. Rayon İcra Hakimiyyəti hara baxır bilmirik?!”

Rayondakı baxımsız parklardan biri də Azərbaycanın böyük oğlu Nəriman Nərimanovun adını daşıyır. Bura parkdan daha çox kababxana şəbəkəsini xatırladır. Bütün günü ətraf kababxana tüstüsünə bürünür. Bütün yaşıllıqlar işbazlar tərəfindən zəbt edilib.

Parkın mərkəzindəki hovuz isə baxımsızlıq üzündən dağılıb gedir. Ən pisi də odur ki, bu park axşam saatlarında daha çox LGBT-lərin oylağına çevrilir. Əhalinin gur hərəkət etdiyi ərazidə addımbaşı “üzdəniraq”ların tərbiyəsiz hərəkətləri ilə rastlaşılır. Bir sözlə Nərimanov parkı öz missiyasından çoxdan uzaq düşüb.

Parka az da olsa ailəvi gələnləri gördük. Özünü təqdim etmək istəməyən uşaqlı ana bildirdi ki, əvvəllər hər axşam ailəlikcə bu parka gəlirdik:

“Amma indi gələ bilmirik. Çünki, bura parkdan daha çox əyyaşxananı və pozxunxananı xatırladır. Nəinki, burada dincəlməyə, hətta burdan ötüb keçməyə adam utanır. Çox biabırçı mənzərədir”.

Çox təəssüf ki, hər 3 parkda baş verənlər Nərimanov rayon İcra Hakimiyyətinin gözü qarşısında baş verir. Di gəl ki, baş verən mənzərəyə İcra Hakimiyyətindən heç bir reaksiya yoxdur.

Ona görə də adını çəkdiyimiz parklardakı vəziyyətlə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etdik. Bizə bildirdilər ki, məsələ ilə bağlı Sizə yaxın günlərdə açıqlama veriləcək. Amma bu yaxın gündən artıq o qədər vaxt keçib ki, müraciət tarixini belə unutmuşuq. Ona görə də mövzunu gündəmdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

Həmçinin oxuyun

ABŞ “Bandotdel” əməkdaşı, polkovnik Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib

Ötən gün (9 dekabr) Birləşmiş Ştatlar azərbaycanlı polis zabiti Kərim Əlimərdanova qarşı insan haqlarının pozulmasına …