Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Murov yüksəkliyi Madagizə, ardınca isə Sərsəng su anbarına yol açır…”

“Murov yüksəkliyi Madagizə, ardınca isə Sərsəng su anbarına yol açır…”

“Dünən(30 sentyabr 2020-S.L.) mən səfərbərlik xidmətinin  Bərdədəki çağırış məntəqəsinə baş çəkmişdim. Şahidi oldum ki, yüzlərlə rayon sakini könüllü olaraq döyüşlərə yollanmağa hazır olduğunu ifadə edərək adlarını siyahıya yazdırır.  Onların arasında həm 1-ci Qarabağ, həm 2016-cı il Aprel savaşının döyüşçüləri, həm də döyüş təcrübəsi olmayanlar var.  İndiyə qədər belə bir coşğu görünməyib hələ.  Yəni, bu, onu göstərir ki, inşallah, yaxın vaxtlarda  işğal altındakı bütün bölgələrimiz tamamilə işğaldan azad olunacaq…”

Tanınmış Qarabağ qazisi, keçmiş “Bərdə taboru” nun komandiri, istefada olan mayor Gəray Əsədov  Moderator.az-a açıqlamasında  belə deyib. 
“Çox şükürlər olsun ki, Milli Ordumuz çox sürətlə ermənilərə zərbələr endirir. Bir sıra uğurlarımız var… Əsas məsələ odur ki, ölkədə hərbi vəziyyət elan edilib. Və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin  çağırışıyla səfərbərlik xidmətinə minlərlə insan müraciət edib və etməkdədir… İnşallah, tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndində, Xocalıda, Kəlbəcərdə, Laçında dalğalanacaq…” – deyə Qarabağ qazisi Silahlı Qüvvələrimizin yeni qələbələr qazanacağına böyük ümidini ifadə edib.
1993-1994-cü ilin qışında Murovdağ silsiləsindən Kəlbəcər istiqamətində ilk mərhələdə uğurlu olmuş əməliyyatlarda da tabor komandiri kimi iştirak etmiş peşəkar zabit  sentyabrın 27-də  azad edilmiş Murov  yüksəkliyinin strateji əhəmiyyətindən də danışaraq gələcək uğurlarımızın təxmini “sxem”ini cızıb.

“Murov yüksəkliyi – Murovdağ silsiləsinin ən hündür zirvəsi olan Gamışdağın sağında inzibati cəhətdən Tərtər rayonuna aid olan Madagizin(əsl adı Suqovuşan- S.L.)  yuxarısındadır, yəni Murovdağın ətəyidir. Müdafiə Nazirliyinin rəsmi məlumatında da deyildiyi kimi, artıq ordumuz bu strateji mövqedən Ermənistanın Basarkeçər(“Vardenis”) ərazisindən Kəlbəcər, Ağdərə və Xankəndinə gedən yola nəzarət edir və bununla da erməni qoşunlarına göndərilən silah-sursat və ərzaq təchizatının da qarşı alınır. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki,  qoşunlarımız Murov yüksəkliyini Ballıqaya istiqamətindən keçərək götürüb və növbəti mərhələdə, inşallah, Madagiz də, oradakı kiçik su anbarı da azad olunacaq. Digər strateji əhəmiyyətli Talış kəndi Madagizdən arxada qalır. Talışdakı erməni birləşmələrinə də silah-sursat və ərzaq təminatı əsasən Madagizdən gəlir.  İnşallah, Madagiz alındıqdan sonra növbə  Sərsəng su anbarınındır… 
Ümumiyyətlə, strateji baxımdan Qarabağın açarı Ağdərədədir.  Çünki… Murovdağ silsiləsinin cənub yamacıyla Sərsəng gölünə çatmaq gərəkdir. Yəni, inşallah, Madagiz alındıqdan sonra “Aterk” adlandırılmış Həsənriz, Kərəmli kəndləri gəlir və Ağdərə arxada qalır. Bundan sonra Murov-Kəlbəcər-Tərtər yolu da tamamilə kəsilir. Yəni ermənilər artıq Murovdakı digər strateji yüksəkliklərdə yerləşən qoşunlarını təmin edə bilmirlər. Sərsəngin sol tərəfindən strateji əhəmiyyətli Heyvalı(“Drmbon”), Mehmanə, Çildıran kəndləri gəlir. O tərəfdən Narınclar, Vəng, Dovşanlı(“Araçadzor”) kəndləri…  Həmin ərazilər və Ağdərə şəhəri azad ediləcəyi təqdirdə Ağdərə- Papravənd-Ağdam yolu da nəzarətə götürülür və Ağdam şəhərinin azadlığına yol açılır…
Füzuli istiqamətindən də uğurlarımız davam edir. Artıq xəbər verildiyi kimi, 7 kəndimiz azad edilib. İnşallah, Xocavəndin Əmralılar, Kuropotkino, Qarakənd,  eləcə də Ağdamın Mərzili, Novruzlu kəndləri də azad ediləndən sonra Ağdam şəhəri ərazisi də sol tərəfdən mühasirədə qalacaq. Sağ istiqamətdən isə Ağdərə-Papravənd yolu da nəzarətə götürüldükdən sonra Ağdam ərazisi sağdan da mühasirəyə alınacaq və inşallah, azad olunacaq…
Bir sözlə, Qələbə bizimlədir. 
Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm…”- deyə Qarabağ qazisi fikirlərini nikbin notlarla tamamlayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …