Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / Müharibənin 44-cü günü: Zəfər layihəli final

Müharibənin 44-cü günü: Zəfər layihəli final

Müharibənin ilk günündən “rəşadətli” erməni ordusunun uğursuzluqlarını ört-basdır etməyə çalışan düşmən 2020-ci il noyabrın 9-da bir gün əvvəl Şuşanın itirildiyini və Xankəndinin də belə təhlükə ilə üzləşdiyini etiraf etmək məcburiyyətində qaldı. “Şuşa tamamilə nəzarətimizdən çıxıb, Azərbaycan Ordusu artıq Xankəndinin yaxınlığında döyüşlər aparır. “Paytaxtın” mövcudluğu təhlükə altındadır. Təəssüf ki, bu günə kimi uğursuzluq zənciri bizi təqib etdi” – Qarabağdakı separatçı rejimin “mətbuat katibi” Vaqram Poqosyan bildirdi.

Hətta belə çıxılmaz vəziyyətdə də Poqosyan ənənəvi erməni sərsəmliyi ilə dolu “Şuşanın yenidən bizim olmasını, “Artsax”ın (Qarabağ – red) qorunub saxlanılmasını istəyiriksə, bu gün Stepanakertdə (Xankəndi – red) və cəbhənin digər istiqamətlərində etibarlı müdafiə təşkil etmək üçün bütün imkanlarımızdan istifadə etməliyik” bəyanatını da verdi.

Amma müharibənin ilk günlərindən Azərbaycan Ordusunun dəmir yumruğu altında əzişdirilən Ermənistanın “imkanları” çoxdan tükənmişdi. Müharibənin son günü isə cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verən düşmən yenə də geri çəkildi. Son vaxtlar düçar olduğu uğursuzluğun miqyasını gizlətmək üçün döyüş meydanlarındakı itkilərin sayını açıqlamayan Ermənistan 2020-ci il noyabrın 9-da daha 44 hərbçisinin öldürüldüyünü etiraf etdi. Sutka ərzində düşmənin 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edildi və sıradan çıxarıldı.

Müharibənin son günü Azərbaycan Prezidenti düşmən əsarətindən xilas edilən yeni ərazilərimiz barədə özünün “Twitter” hesabında 2 dəfə xalqımıza xoş müjdələr verdi.

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Beləliklə, 2020-ci il noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azadlığa qovuşdu.

Bu reallıqlar fonunda Ermənistanın müqavimət göstərmək cəhdlərinin əbəs olduğunu Azərbaycan Prezidenti İlham Əliyev “BBC News”a verdiyi müsahibədə “Ermənistan böyük səhv edir” ifadəsi ilə rəsmi İrəvana və onun xarici havadarlarına çatdırdı.

Amma sərt xəbərdarlıq bununla bitmədi. Dövlət başçımız Türkiyənin münaqişədə birbaşa hərbi iştirakının mümkünlüyü barədə suala

– Bu, Ermənistanın və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz bu variantı nəzərdən keçirəcəyik, – cavabını verdi.

Bu müsahibədə Azərbaycan Prezidenti Ermənistanın qərbdəki havadarlarının Qarabağ bölgəsində yaşayan ermənilərin gələcək taleyindən “narahatlığının” da yersiz olduğuna növbəti dəfə aydınlıq gətirdi.
“Ermənilərin Dağlıq Qarabağda qalması və Azərbaycan qanunları ilə yaşaması mümkündür. Bir Prezident kimi, mən dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki?” – Prtezident İlham Əliyev bildirdi.

Ermənilərdən çox erməni olmaq sevdası ilə bulanıq suda balıq tutanlara isə hələ 2020-ci il oktyabrın sonlarında bir qrup Qarabağ fəalının “Azərbaycanlılarla birgə yaşamaq istəyirik” bəyanatı ən tutarlı cavab idi. Ermənistan və Azərbaycan arasındakı sülh platformasının həmsədri Artur Ağacanov, fəallar Leva Yaxşibekov, Valera Yeritsyan, Karina Yeritsyan və başqalarının imzaladıqları bəyanatda “Hər kəs anlamalıdır ki, Azərbaycan bölgədəki münasibətlərin konfiqurasiyasını düşmənçilikdən əməkdaşlığa dəyişir” reallığı ehtiva olunurdu.

Bu reallığa rəğmən, hələ də bölgədə düşmənçilik atmosferini körükləməyə çalışanlara dövlət başçımız “BBC News”a müsahibəsində belə cavab verdi.
– Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkəmizin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik, – Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı.

Nikol Paşinyanın və Ermənistanın havadarlarının bu şərti qəbul edərək təslimçilik aktını imzalamasına artıq saylı saatlar qalırdı.

AzVision.az

Həmçinin oxuyun

“Omicron” Azərbaycanda aşkarlanıb?

Azərbaycanda “Omicron” ştammı aşkarlanmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin …