Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Müharibə kimi it dişləməsi xəbərləri – “parçaladı, yaraladı…”

Müharibə kimi it dişləməsi xəbərləri – “parçaladı, yaraladı…”

Küçə itlərini xaricə satmaq təklifi…

Son bir neçə gündə küçə itlərinin insanlara hücum edib, xəsarət yetirməsi, onların ölümünə səbəb olması ilə bağlı çoxlu sayda informasiyalar yayılmaqdadır. Göyçay rayon sakininin it dişləməsindən dünyasını dəyişməsi, ardınca Bakının Sulutəpə qəsəbəsində 4 yaşlı Hüseynin quduz it tərəfindən çox ağır halda üz-gözünün parçalanması hadisəsi cəmiyyətdə böyük narahatlıq doğurmağa başlayıb.

Bu azmış kimi, məlum oldu ki, ötən gün Lənkəranda bir gecədə 10 nəfər  quduz itlərin hücumuna məruz qalıb. Hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib. 18-65 yaş arasında olan şəxslər it dişləməsi nəticəsində müxtəlif bədən xəsarətləri aldığından rayon xəstəxanasına yerləşdiriliblər. Sosial şəbəkələrdə quduz itlərin həmin şəxslərə hücum etməsi ilə bağlı videogörüntülər də yayılıb. Görüntülərdən küçə itlərinin yoldan keçən insanlara vəhşicəsinə hücum etdiyi əks olunub.

Bu hadisə bir daha sübut edir ki, sahibsiz küçə itləri ilə bağlı problem təkcə paytaxtda deyil, regionlarda da ciddi məsələyə çevrilib. Məsələn, statistik məlumata görə, təkcə son 3 ayda Lənkəranda 120 nəfərdən çox şəxs it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib.

Bu baxımdan gözlər rəsmi qurumlara dikilib. Ümid edilir ki, qurumlar tezliklə problemin həlli üçün hər hansısa addımlar atacaq. Lakin rəsmi qurumlar mətbuata açıqlamasında bildirirlər ki, hələlik bu problemin həlli ilə bağlı yalnız “Toplan” Mərkəzi məşğul olur. Lakin təkcə Bakı şəhərində 500-600 min sahibsiz it var. Mərkəzin tez bir zamanda bu qədər iti nəzarət altına alması mümkünsüzdür.

it dişlədi ile ilgili görsel sonucu

Bu arada belə bir xəbər də yayılıb ki, Abşeron rayonunun Xırdalan şəhərinin 26-cı məhəlləsində qadın küçədə it sürüsü saxlayır. Bu barədə Bakupost.az-a məhəllə sakinləri məlumat verib. Sakinlər bildirib ki, məhəllədə yaşayan orta yaşlı qadın küçə itlərini öz həyətində yox, elə küçədə saxlayır, onları yemləyir. İtlər isə hamısı xəstəlik daşıyıcısıdır.

 Sakinlər bildirib ki, küçədə sürü ilə gəzən itlər mütəmadi olaraq bu qadının evinin ətrafında gəzişir, məhəllədən keçən uşaq-böyük hər kəsə hücum edir. Hətta bir neçə azyaşlı itlərin əlindən son anda xilas edilib.

Sakinlər onu da əminliklə bildirir ki, məhəllədə dolaşan küçə itlərinin heç biri vaksinasiya edilməyib və itlər müxtəlif xəstəliklərin daşıyıcısıdır: “Bunu itlərə baxdıqda dərhal bilmək olur. Onların əksəriyyəti yara-xoradır və tükləri tökülüb. Hətta bəziləri o qədər xəstədir ki, yatdıqları yerdə ölürlər”.

Sakinlər deyir ki, itləri sürü ilə məhəllədə saxlayan qadına bu barədə dəfələrlə irad bildirsələr də, qadın onları tutdurmaqla hədələyir.

Qeyd edək ki, əksəriyyət çıxış yolunu küçə itlərinin sayının tənzimlənməsində, bəziləri isə onların kənar yerlərdə öldürülməsini təklif edir.

it dişlədi ile ilgili görsel sonucu

 “Azərbaycandan it əti ixrac etmək mümkündür”. Bu qalmaqallı açıqlamanı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cebhe.info saytına bildirib. Sədr son vaxtlar paytaxt Bakıda və rayonlarda sürü ilə gəzən itlərin insanlara hücum etdiyini, onların nəzarətsiz qaldığını vurğulayıb və qeyd edib ki, ölkəmizdə it ətinin ixracı üçün hər bir şərait var:“Bakıda, rayonlarda, hər yerdə nə qədər it var və onlar sürü halında gəzirlər. Məsələn, ”Yeni Bulvar”ın sağ tərəfində 20-yə qədər, “Köhnə Bulvar”da 8-ə qədər it sürüsü daima gəzir ki, onlara nəzarət də yoxdur. Özüm də bir neçə dəfə həmin itlərin insanlara hücumlarının şahidi olmuşam.

Qaldı ki, ölkədən it ətinin ixrac edilməsinə, azad bazar iqtisadiyyatı şəraitində kimsə it təsərrüfatı ilə məşğul ola, bu əti ixrac edə bilər. Ancaq mən iqtisadçı hüquqlarını qoruyan təşkilatın sədri olaraq razı olmaram ki, Azərbaycan dünyada it əti ixracı ilə məşğul olan ölkə olsun. Lakin nə etmək olar? Bir halda ki, ölkədə hamı eşşək südü, qurbağa istehsalına göz yumur, ona görə də bu ola bilər. Ancaq yenə də deyirəm ki, ölkədə it ətinin ixrac olunmasının tərəfdarı deyiləm”.

E.Hüseynov əlavə edib ki, bunun üçün ilk olaraq it ətinə hansı ölkədə tələbat olduğu müəyyənləşdirilməlidir:

“Daha sonra hansısa bir ölkədə tələbat varsa, bunu təşkil etmək olar. Bu sahədən gəlir də əldə etmək mümkündür. Lakin düşünürəm ki, ölkədə özünü müsəlman adlandıran şəxslər bunu etməz. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvü ola-ola it əti istehsal etməsi düzgün deyil və İslam dəyərlərinə ziddir”. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sahibsiz itlərin xarici ölkələrə satılması ilə bağlı təklif irəli sürmüşdü:

it dişlədi ile ilgili görsel sonucu

“Çin və digər bir çox ölkələrdə it əti sevilən qidadır. Onlar xarici ölkələrdən də it əti alırlar. Biz də Çinə it əti sata bilərik”.

Məlumat üçün bildirək ki, Çin və Koreyada it əti qida kimi istifadə olunur. Bu ölkələrdə it əti yemək ənənəsi 4-5 yüz il əvvələ gedib çıxır. Hətta yazın sonunda it əti festivalı da keçirilir. Araşdırmalar onu göstərir ki, it əti yemək təkcə Çin və Koreyada deyil, həmçinin Avropa ölkələrində, o cümlədən İsveçrədə mövcuddur. Məlumata görə, bu ölkədə hər yüz adamdan üçü gizlicə it və ya pişik əti yeyir.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …