Ana səhifə / Aktual / Mübariz İbrahimov və Ramil Səfərova qatil deyənlərin beyinlərini belə yuyurlar – sensasion təfərrüat

Mübariz İbrahimov və Ramil Səfərova qatil deyənlərin beyinlərini belə yuyurlar – sensasion təfərrüat

Gözümüzün içinə baxa-baxa seyid nəslindən olan Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırırlar. Biriləri “şəhid olmaq qəhrəmanlıq” deyil, iddiasını əsaslandırmağa çalışır. Təbii ki, digər bir milli qəhrəmanımız Ramil Səfərovu da ittiham edirlər. Millətimiz üçün rəmzə çevirmiş bu şəxslər sosial şəbəkələrdə hədəfə çevrilib. Sapı özümüzdən olan baltalar hücumdadır. Vahid mərkəzdən idarə olunurlar, hücum sistemlidir, təsadüfi xarakter daşımır. Niyə zabit Ramil Səfərovu, xüsusi təyinatlımız Mübariz İbrahimovu gözdən salmaq üçün bu qədər əldən-ayaqdan gedirlər? Bu işin arxasında kimlər dayanır? Hansı məqsədi güdürlər? Bu barədə az sonra.

İndi isə mövzunun önəmini vurğulamaq üçün bir məqama toxunmaq istərdim. Yazılarımın birində yazmışdım ki, Ramil Səfərov və Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıqlar Ermənistan-Azərbaycan savaşında sınma nöqtəsi effekti yaratdı və Azərbaycan Ordusu cəbhə xəttində köklü şəkildə psixoloji üstünlük əldə etdi. Aprel döyüşləri bu psixoloji üstünlüyün nə qədər böyük olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Şübhəsiz ki, beynəlxalq şərtlər mane olmasaydı Azərbaycan Ordusu qısa zaman kəsiyində Qarabağ savaşında ciddi dəyişikliklərə nail olacaqdı. Ermənilərə havadar çıxan beynəlxalq güc mərkəzlərini qarşımızda gördük. Daha çox adı hallanan Rusiya o mərkəzlərdən sadəcə biri idi.

Картинки по запросу Ramil Səfərov və Mübariz İbrahimov

Bəli, Ramil Səfərov və Mübariz İbrahimovun igidliyi Azərbaycan xalqına yeni nəfəs və yeni ruh verdi. Məkrli qüvvələrin məğlubiyyətə sürüklədiyi milləti qələbəyə doğru istiqamətləndirdi.

Похожее изображение

İndi isə onları aşağılamağa çalışırlar. İndimi? Yox, bu proses çoxdan başlayıb. Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya bir dustaq, məhkum kimi gətirilirdi; ölkəmizə çatmadan, onu gətirən təyyarə havada olarkən Azərbaycan prezidentinin göstərişi ilə əfv olundu. Xalq da, dövlət də mübariz oğluna ehtiram göstərdi. Və az qala bütün dünya Azərbaycanın üzərinə yeridi. Erməni və anti-Azərvaycan şəbəkəsinin ölkəmizdəki uzantıları da həmən fəallaşdı. Onları da xatırladım. Zərdüşt Əlizadə, Xədicə İsmayıl, Fuad Ağayev, Əkrəm Əylisli…

Sonucunun bu məsələyə münasibəti belə olmuşdu: “Mənim qəhrəmanlıq haqqında öz fikirlərim var, bu məsələyə yanaşmam fərqlidir”. Daha sonra isə “Daş Yuxular” romanını üzə çıxdı. “Ramil Səfərovun əfv olunmasından sonra həmin əsərin çap etdirməyə qərar verdim”, yazıçı beləcə də dedi. Yəni, bu olaya etiraz olaraq “Daş Yuxular” ortaya qoydum. Yadıma gəlir, həmin romanla bağlı Amerika mətbuatında geniş bir yazı getmişdi. Həmin yazıda deyilirdi ki, Nobel mükafatı alan Orxan Pamuk erməni genosidi haqqında bəyanat verib. Ancaq Əkrəm Əylisli ilk türk (məhz türk yazılmışdı) yazıçıdır ki, bu düşüncəni öz əsərində ortaya qoydu…

Bəziləri adıçəkilən qəhrəmanlara həqarəti özlərinin guya sülhpərvər olması ilə ört-basdır etməyə çalışır. Mən də sülh tərəfdarıyam. Heç kimin də ölməsini və ya öldürülməsini istəmirəm. Ancaq bizə güllə atana gül çələngi ərməğan edə bilərikmi?

Bir daha yaddaşımızı təzələyək, 1954-cü il doğumlu Varujan Karapetyan “Ermənistanın Azadlığı Uğrunda Erməni gizli Ordusu”nun – (“Armenian Secret Army for the Liberation of Armenia”) (ASALA) – Fransa bölümünün lideri olub. O, 1983-cü ildə Türkiyə Hava Yollarına məxsus təyyarədə partlayış törətdi. 8 nəfər öldü. Onlardan 4-ü Fransa, 2-si Türkiyə, 1-i ABŞ və 1 nəfəri İsveç vətəndaşları idi. Ömürlük həbs olundu. Ancaq 1990-cı illərin sonunda Ermənistanda 1 milyondan artıq insan bu terrorçunun əfv olunması üçün imza topladı. Ermənistan prezidenti Robert Köçəryan həyatının 17 ilini həbsxanada keçirən Karapetyanın 2001-ci ildə həbsxanadan Ermənistana gətirilməsini təmin etdi. O, Ermənistanda ən yüksək səviyyədə-ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılandı. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanı iş və evlə təmin etdi. Hazırda da Ermənistanda kef içində yaşayır.

Necə olur ki, 8 adamın ölümünə, 60 adamın yaralanmasına bais olan terrorçunun müdafiəsi üçün humanist Ermənistanda 1 milyon nəfərdən çox adam imza verir? Bu, Ermənistan əhalisinin üçdə biri deməkdir. Niyə ermənilərə bu terrorçuya qucaq açanda doğru olur, biz Ramil Səfərovu bağrımıza basanda qəddar oluruq.

Ermənistanda sosial şəbəkələrdə bu və ya digər qruplar terrorçu Varujan Karapetyana “cinayətkar və qatil” deyərmi?…

Başqa bir məqam. Gürcüstan, Dağıstan, İran, Türkiyə, Azərbaycan və bu ölkələrin həndəvərində olan Ermənistan. Adını sadaladığım ölkələrin hamısında müxtəlif xalqlar birgə yaşayır. Ermənistan dövlətinin yaydığı rəsmi statistikaya görə, Ermənistan əhalisinin 99,9 faizi ermənidir. Çünki ermənilər çoxluqda olduqda digər xalqlara qarşı etnik təmizləmə siyasəti aparır. Ermənistanda, elə ermənilərin nəzarətində olan Dağlıq Qarabağda da biz bu siyasətin nəticəsini aydın görürük. Dünyanın heç bir ölkəsində 99,9 faizlik göstərici qeydə alınmayıb. Belə bir nəticə almaq üçün etnik təmizləmə aparmaq şərtdir. Heç faşist Almaniyasında da Hitler 99,9 faizlik nəticə əldə edə bilməmişdi. Həqiqət budur ki, Ermənistan faşizmə yuvarlanmış bir ölkədir. Qərbin siyasi dairələrində söz sahibi olan birisi ötəri də olsa bu mövzuya toxunurmu? Yox, elə bil ki, qurbağa gölünə daş atılıb. Ermənistan dövlətinin və xalqının bütün mahiyyətini ortaya qoyan bu kimi faktların üstündən həmişə sükutla keçiblər. Əvəzində, Türkiyəyə, Azərbaycana buynuz atıblar. Qərb yəhudilərdən ərəblərə, ermənilərdən isə türklərə qarşı istifadə etməkdədir. Erməni məsələsində Rusiya da eyni mövqedən, amma öz çıxarları baxımından çıxış edir.

Məhz belə bir fonda Azərbaycanda bəlli bir qrup Ramil Səfərov və Mübariz İbrahimova qənim kəsilib. Niyə? Bu barədə də çox yazmışam. Təəssüf ki, bir daha yazmaq zorundayam. Söhbət ondan gedir ki, Qərbin bu və ya digər mərkəzlərindən Azərbaycana axan qrantlar xüsusən gənclər arasında bu kimi əhval-ruhiyyənin yayılmasına xidmət edir. Fikir vermisizmi, Qərbdən qrant alanlar arasında milli təəssübkeşliyi olana tək-tük hallarda rast gəlmək olar. Adətən Qərb qrantı kimlərə verir? O kəslər ki, etnik, dini və ya cinsi azlıqları təmsil edir, onlara qucaq açırlar. Bu kimi mərkəzlərin kosmopolit düşüncəli şəxslərə xüsusi simpatiyası var. Şübhəsiz ki, bu maliyyə dəstəyi müəyyən öhdəliklərin yerinə yetirilməsi şərti ilə verilir. O şərtlərdən biri də yüksəlişdə olan milli ruhun sarsıtmağa hesablanıb. Görünən odur ki, aprel döyüşləri zamanı ortaya qoyulan milli iradə Qərbin ürəyincə olmayıb. Bu işi əvvəlki axarına qaytarmaq üçün qran mərkəzləri hərəkətə keçib.

Bu işdə xüsusi canfəşanlıq edən yenə “People in Need“ təşkilatıdır. Bu təşkilatın adı ilk dəfə 2014-cü ilin yanvarında Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumundan sonra Azərbaycanda hallanmağa başladı. O vaxt “Yeni Müsavat”la bu təşkilat arasındakı dartışma ölkənin gündəminə oturdu.

Qəzet bu təşkilatı ermənilərə xüsusi simpatiya bəsləməkdə suçladı. Araşdırmalar zamanı bəlli oldu ki, 1988-ci ildə Spitak zəlzələsindəki qurbanlara yardım məqsədilə o vaxt mövcud olan Çexslovakiyada təşkilat yaradılıb. Həmin təşkilat Ermənistana, daha sonra isə Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa yardım edib. Bu işdə xüsusi fəallıq göstərən Yaromir Ştetina (Jaromír Štětina) 1992-ci ildə Praqada “People in Need“ adlı qeyri-hökumət təşkilatını yaratdı və onun həmtəsisçisi oldu. Təşkilat rəsmən etiraf edir ki, “People in Need“ məhz Spitak zəlzələsi zamanı formalaşmış qrupun əsasında formalaşıb.

O vaxt bu məsələ ilə bağlı silsilə yazılar yazdım. Konkret faktlar əsasında bu təşkilatın ermənipərəstliyini ortaya qoyduq. Həmin yazılara cavab olaraq “People in Need“ təşkilatı bəyanat verdi. Təşkilatın Şərqi Avropa proqramının koordinatoru İvana Skalova: “ “People in Need“in qurucularından bəziləri təşkilat təsis olunmamışdan 4 il əvvəl, yəni 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ qurbanlarına humanitar yardım göstərən qrupa cəlb olunublarmış. Biz çox təəssüf edirik ki, bəzi Azərbaycan Kütləvi İnformasiya Vasitələri tərəfindən bu fakt bizim QHT-nin ermənipərəst olmasını əsaslandırmaq üçün istifadə olunur”.

Bu bəyanata cavab olaraq bu təşkilatın həmtəsisçisi olan Yaromir Ştetina-nın video-çıxışların ortaya qoyduq. Rus dilində kəskin erməni ləhcəsi ilə danışan Yaromir Ştetinanın Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyev haqqında təhqiramiz ifadələr işlətməsinə oxucularımız özləri şahid oldu. Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması üçün xüsusi fəallığı ilə seçilən bu şəxs ermənidən daha çox erməni olan birisidir.

Qənimət Zahid və Natiq Adilov Yeromir Ştetina ilə birlikdə

O vaxt bu məsələlərə onun mövqeyini öyrənmək üçün ingilis dilində suallar hazırlayıb, göndərdim. Cavab gəlmədi. Yeri gəlmişkən o, 2014-cü ildən Avropa Parlamentində Çexiyanın təmsil edib. Orada da Ermənistana və Dağlıq Qarabağa açıq şəkildə dəstək verir. Təbii ki, anti-Azərbaycan mövqeyi ilə seçilən birisidir. Amma…buna baxmayaraq bir çox “vətənpərvər” soydaşımız onun sağ-solunda fırlanır. Millətimizə yağı düşmən olan bu kəslə Əli Kərimliyə yaxın olan şəxslər də sıx əlaqədədir. Ötən il Azərbaycan mətbuatında Qənimət Zahid və Natiq Ədilovun Yaromir Ştetin-lə Avropa Parlamentində görüşünü əks etdirən foto yayıldı. O vaxt yazdıqlarımı bir daha təkrar edirəm: ” Görün, bizim jurnalistlər nə gündədir? Yağı düşmənimizə yalmanırlar. Adın çəkdiklərim Əli Kərimlinin yaxın adamlarıdır. AXCP sədri bu foto ilə bağlı bir kəlmə açıqlama verdimi? Vermədi. “Azadlıq” qəzetində çalışan və gecə-gündüz “millət, dövlət, Azərbaycan…” bağıran bircə yazar bu həngaməyə etiraz etdimi? Etmədi… Azərbaycan jurnalistikasında şəxsiyyət problemi var”.

Başqa bir misal, “Meydan” TV bir neçə il əvvəl ingilis dilində bir yazı vermişdi. Müəllif təklif edirdi ki, Azərbaycan dövləti Türkiyədə erməni soyqırımının olması iddiasını qəbul etməlidir. Düşünürsüz, bunu bir azərbaycanlı yazır. Aydındır ki, bu kimi yazılar daha çox qrant almağa hesablanır. Və bu kimi məqamlar təəssüf ki, tez-tez rastlaşırıq.

Hazırda Ramil Səfərov və Mübariz İbrahimova qarşı aparılan iyrənc təşviqat da eyni sistem əsasında hərəkətə gətirilib. Biz xalq olaraq bu kimi meyllərə qarşı ayıq-sayıq olmalıyıq. Milli rəmzə çevrilmiş qəhrəmanları qorumaq hər birimiz üçün şərəf məsələsinə çevrilməlidir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …