Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Aktual / Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır: Kimlər kənarda qalacaq?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır: Kimlər kənarda qalacaq?

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi olan test imtahanları başlayacaq. 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanına qatılmaq üçün 50 mindən artıq namizəd qeydiyyatdan keçsə də, onlardan sadəcə 46 mini bu imkanı qazanıb.
Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə Musavat.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə 46 mindən çox namizədin imtahan verəcəyi bu mərhələnin təşkilində müəyyən fərqlər var. Fərq ilk növbədə mövcud şəraitlə bağlıdır. Belə ki, bu il kütləvi sayda insanın bir yerə cəmləşməməsi zərurəti nəzərə alınıb. Bu məqsədlə imtahanların keçiriləcəyi məkanlarla bağlı yeni qərar verilib. Həmin qərara əsasən test imtahanları sadəcə Bakıda deyil, 17 bölgədə təşkil edilən 32 mərkəzdə keçiriləcək.
Murad Camalzadə qeyd edib ki, namizədlər yaşayış yerinə müvafiq bölgədə imtahan verəcək, imtahan yerlərində giriş-çıxış məhdudiyyətləri nəzərə alınacaq: “İmtahanlar üçün ayrılan vaxt 90 dəqiqədir.Avqust ayının 14-dən başlayaraq, şənbə və bazar günləri istisna olmaqla 18 gün davam edəcək test imtahanları sentyabr ayının ilk 10 günlüyündə başa çatdırılacaq. Mövcud pandemiya şəraitinə uyğun planlaşdırılan imtahan vaxtı namizədlərin şəxsi səhifələrinə göndərilib. Belə ki, avqustun 11-dən etibarən yaxın günlərdə keçiriləcək fizika, fransız dili, biologiya, Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət, rus dili və ədəbiyyat fənləri üzrə imtahanların qrafikləri namizədlərin şəxsi səhifələrinə göndərilib. Digər fənlər üzrə də məlumatlar növbəti günlərdə namizədlərin şəxsi səhifələrində olacaq”.
Murad Camalzadənin sözlərinə görə namizədlər yanlışlarını imtahan binasını tərk etmədən öyrənə biləcək:
“Builki test imtahanlarında ən vacib dəyişikliklərdən biri test suallarının tərkibi ilə bağlıdır. Əvəlcədən elan edilən bu dəyişiklikdən sonra 60 sualdan ibarət test tapşırıqlarından məntiqə aid suallar çıxarılıb. Beləliklə, namizədlərə ixtisasdan 40 sual, metodikaya dair isə 20 sual təqdim ediləcək.Bu il Təhsil Nazirliyi tərəfindən həyata keçirilən digər vacib dəyişikliyə görə test imtahanları başa çatdıqdan sonra namizədlər öz imtahan nəticələri ilə tanış ola biləcəklər.
Xatırladaq ki, ötən ilədək namizədlər imtahan bitən kimi ümumi nəticəsini, hər bölmə üzrə neçə bal topladığını bilirdi. Ancaq əldə etdiyi həmin nəticənin səbəbini bilmirdi. Artıq imtahandan çıxan namizədə imtahan nəticələri təfərrüatı ilə təqdim ediləcək. Həmin məlumat əsasında namizəd hansı suala səhv cavab verdiyini imtahan bitəndən ilk 10 dəqiqə ərzində öyrənə biləcək.Xatırladaq ki, ötən ilədək test tapşırıqlarında nəyi səhv etdiyini bilmək istəyənlər əlavə apelyasiya mərhələsinə müraciət etməli olurdular. Bu il bu məcburiyyət də aradan qalxacaq və bununla da məcburi təmasların qarşısı alınacaq”.
Nazirlik rəsmisi qeyd edib ki, temperaturu 37-dən yuxarı olanlar imtahana girə bilməyəcək:
“Builki test imtahanlarında zəruri sanitar-epidemioloji tədbirlərə əməl olunacaq. İmtahan binasına namizədlər hərarəti ölçülərək buraxılacaq. Bədən temperaturu 37 dərəcədən yuxarı olanlar binaya girə bilməyəcəklər. Hərarəti 37 dərəcədən aşağı olanlardan isə maska taxaraq binaya girmələri tələb ediləcək. Xatırladaq ki, imtahan prosesində maskanın çıxarılması yolverilməzdir. Namizədlər imtahana gələrkən tibbi əlcəklərlə də təmin ediləcəklər.
TƏBİB ərazi bölmələrinin metodiki göstərişinə əsasən müvafiq tənzimləmə işləri artıq başa çatıb. İmtahanların keçiriləcəyi binalarda dezinfeksiya işləri görülüb. Bu tədbir imtahan günü də həyata keçiriləcək. Belə ki, hər imtahan seansı başa çatdıqdan sonra imtahan zalında namizədin əyləşdiyi masa, təmasda olduğu yer dezinfeksiyaedici məhlullarla təmizlənəcək”.

Həmçinin oxuyun

“Sədərək Yusif” həbs edilə bilər: Üç maddə ilə cinayət işi açıldı

“Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədiməliyev həbs edilə bilər.  Yusif Qədiməliyevə məxsus olduğu …