Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / Müəllim töhmət alan direktordan yazdı

Müəllim töhmət alan direktordan yazdı

Xəbər verdiyimiz kimi, ötən gün Təhsil naziri Emin Əmrullayevin əmri ilə Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktroru Elnur Rzayevə töhmət verilib. Buna səbəb məktəb direktorunun “Müəllimlərin etik davranış Qaydaları”nı pozmasıdır.

Belə ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə E. Rzayevin  məzuniyyət günlərində avtobus sürməsi ilə bağlı görüntülər paylaşılmışdı. Nazirin məktəb direktoru ilə bağlı məlum qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir qrup şəxs müəllimin məzuniyyət dövründə avtobus sürücüsü işləməsini onun zəhməti hesabına yaşaması ilə əlaqələndirir və müəllim etik qaydaları pozmadığını qeyd ediblər.  

“Qafqazinfo” xəbər verir ki, E. Rzayev isə sözügedən hadisə ilə bağlı sosial şəbəkə hesabında bir neçə paylaşım edib. O, həmin statuslarında BNA-ya məxsus avtobusu simvolik olaraq seçdiyini, bu qədər müzakirə olunacağını gözləmədiyini bildirib. Direktor həmçinin jurnalistləri ittiham edərək onları dəqiqləşdirmədən hər hansı mövzunu xəbərə çevirməkdə ittiham edib: “Məzuniyyət vaxtı hər hansı işlə məşğul olub əlavə qazanc əldə etmək qəbahət deyil. Sadəcə bizim bəzi xəbər saytları məsələni dəqiqləşdirmədən müzakirəyə çıxarıblar…Buna görə xahiş edirəm hər hansı məsələni dəqiqləşdirmədən xəbərə çevirməyin”.

Bu gün isə tanınmış müəllim Həbib Əlizadə hadisəylə bağlı sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, direktor məlum paylaşımı ilə cəmiyyəti ələ salıb: “Bu yaxınlarda direktor Elnur Rzayev əvvəlcə “BakuBus”-dan, sükan arxasında şəkillər paylaşdı, məzuniyyət dövründə də işlədiyini yazdı. Sonra təhsil işçiləri, jurnalistlər bunu yaydı. Gördüyüm o idi ki, Elnur Rzayevə bu paylaşımlar çox xoş idi. Sonra direktoru tənqid etdilər, ardınca töhmət verildi. Direktor başladı medianı günahkar çıxarmağa ki, yanlış məlumat yayırsınız. Halbuki ictimaiyyəti ələ saldığı üçün ən azı üzr istəyə bilərdi. Töhmətə gəldikdə isə ona töhmət haqlı verilib, yoxsa haqsız, bu haqda danışmıram. Amma direktor Elnur Rzayevin ictimaiyyəti ələ saldığı artıq dəqiqdir”.

Daha sonra H. Əlizadə Elnur Rzayev tərəfindən saxta sənədlərlə işdən çıxarılan və hazırda aralarında məhkəmə işi davam edən tarix müəllimi Pərviz Zərbaliyevin direktorun özbaşınalıqdan bəhs edən məktubunu paylaşıb.

Məktubda 2009-cu ildən Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində tarix müəllimi kimi çalışan P.Zərbaliyev bu on il ərzində məktəbdə saxtakarlıq, təhsilə ayrılan büdcə vəsaitinin mənimsənməsi ilə bağlı direktor Elnur Rzayev barəsində dəfələrlə aidiyyəti orqanlara, yəni Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Saatlı Rayon Prokurorluğuna müraciət edib: 

“Sonuncu dəfə 1 oktyabr 2018-ci ildə məktəbdə baş verən qanunsuzluqlara göz yummayıb Saatlı Rayon Prokurorluğuna şikayət əizəsi ilə müaciət etdim. Belə ki, 23 yanvar 2019-cu il tarixində Saatlı Rayon Prokurorluğunun təqdimatı əsasında Maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, və 313-cü maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi bu direktoru vəzifəsinə və müəllimlik fəaliyyətinə xitam verib. Direktor Elnur Rzayevin cinayət işi Saatlı Rayon Məhkəməsində getdiyi halda səkkiz aydan sonra Nərimanov Rayon Məhkəməsində onun işə bərpası barədə qətnamə qəbul edilib. Sonda cinayət işinə Saatlı Rayon Məhkəməsi tərəfindən baxılaraq, 9 yanvar 2020-ci ildə Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib və  66.2 maddə əsasında 5000 manat cərimə olunub”.

Məktubda qeyd olunur ki, bütün bunlara baxmayaraq, bu direktor haqqında yüngül cəza qərarı qəbul edilərək, direktor kimi işləməsinə heç bir məhdudiyyət qoyulmur. Hazırda Elnur Rzayevin təqsirləndirilməsinə dair cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır və sentyabrın 7-də məhkəmə olacaq.

Qeyd edək ki, direktor Elnur Rzayevin “BakuBus”-da, sükan arxasında paylaşdığı şəkillərdən sonra Bakı Nəqliyyat Agentliyi açıqlama yayaraq bu məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi: “Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Bildiririk ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o bunu sadəcə paylaşım xatirinə edib”, – Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Həmçinin oxuyun

Ramiz Zeynalovun qardaşı hakim qarşısında

Generalın baş həkim olan qardaşı cavabdeh qismində məhkəmə qarşısına çıxarılacaq. Unikal.org xəbər verir ki, Məmmədov Sərxan …