Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / MTN POLKOVNİKİ GENERALLARDAN KÖMƏK İSTƏDİ – İCARA BAŞÇISI VƏ TANINMIŞLARIN ADININ KEÇDİYİ HADİSƏ

MTN POLKOVNİKİ GENERALLARDAN KÖMƏK İSTƏDİ – İCARA BAŞÇISI VƏ TANINMIŞLARIN ADININ KEÇDİYİ HADİSƏ

Nazir Eldar Mahmudovun işdən çıxarılmasından sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) kök salmış banda tərəfindən iş adamlarının, vəzifəli məmurların başına açılan oyunlar, pullarının, əmlaklarının zorla əlindən alınması, özlərinə və övladlarına qarşı işgəncələr verilməsinə dair çoxsaylı faktlar açıldı. Məlum oldu ki, dövlətin və millətin təhlükəsizliyi etibar edilmiş qurumun rəhbərliyi kriminal yollara baş vuraraq, iş adamlarını, vəzifəli şəxsləri şantaj ediblər, açıq soyğunçuluq siyasəti yürüdüblər. Bu faktların sayı həddən artıq çox olduğundan, cəmiyyətdə belə bir rəy yaranıb ki, MTN-də xidmət edənlərin əksəriyyəti bu cür kriminal işlərlə məşğul olublar.

Ancaq təbii ki, bu, tamamilə yanlış fikirdir. Bütün çətinliklərə baxmayaraq, MTN-də “çekist” adının təmizliyini qoruyan, öz peşəsinə sadiq qalan, vəzifə bocunu ləyaqətlə yerinə yetirən kifayət qədər zabit olub. Belələrinin bir qismi Mahmudovun bataqlığına düşüb çirklənməmək üçün kənarda iş axtarıb, öz ərizlərilə MTN-dəki vəzifələrindən istefa veriblər.
1eb1

Onlardan biri də vaxtilə MTN-də müxtəlif vəzifələrdə çalışmış, sonuncu iş yeri qurumun rayon şöbələrindən birinin rəisi vəzifəsi olan, 2012-ci ildə öz ərizəsi ilə vəzifəsindən getmiş ehtiyatda olan polkovnik Əbülfəz Əliyevdir.

Qəribə də olsa, MTN-də yüksək vəzifə tutan şəxslər iş adamlarına, məmurlara, necə dəyərlər, qan uddurduqları vaxtlarda, bu qurumun polkovniki bir başqa sahədə rəhbər vəzifədə olan şəxsin fırıldağı ilə üzləşib.

Uzun illər vətənə və dövlətə sədaqətlə xidmət etmiş polkovnik Ə.Əliyevin üzləşdiyi fırıldaq, qanunsuzluqlar haqqında oxuculara geniş məlumat vermişik (bax: “YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR!” “DEDİ Kİ, GET PULUNU KƏMALƏDDİN HEYDƏROVDAN AL…” başlıqlı yazılara).

Qısaca xatırladaq ki, Ə.Əliyev iki vəzifəli şəxsin yaxını olan, uzun illər özünə dost bildiyi birinin xəyanəti ilə qarşılaşıb. Belə ki, zərərçəkənin “AzPolitika.info”ya verdiyi məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki olan Aslanov Rövşən Qəşəm oğlu (Söhbət Şuşa, İsmayıllı, Abşeron rayonlarının keçmiş birinci katibi, jurnalist, şair Qəşəm Aslanovdan gedir-red.) onun etibarından sui-istifadə edərək, aldatma və fırıldaq yolu ilə yarım milyon dollara qədər pulunu mənimsəyib!

3gf

Əbülfəz Əliyevin sözlərinə görə, ötən ilin sonlarına qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girməklə, həyata keçirib.
Bununla da kifayətlənməyib, Əbülfəz Əliyevin hüquq-mühafizə orqanlarında işləməsindən ehtiyat etdiyindən, hiylə yolu ilə onun vəzifəsindən də uzaqlaşmasına nail olub. Belə ki, Ə.Əliyevi vəzifəsindən istefa verərək, İstanbuldakı “fabrikin və işlərin” başına keçməyinin zəruri olduğuna inandırıb. Ancaq ordada nə bir fabrik olub, nə də bir iş…
Ötən 2 il ərzində Ə.Əliyevin hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbi isə, R.Aslanovun nüfuzlu vəzifəli qohumlarının məsələyə müdaxiləsi olub.

2ibbİsmayıl Vəliyev və Xəzər Aslanov

Daha dəqiqi, yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda onların pulun qaytarılacağına dair vəd vermələri olub.
Hətta Ə.Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı İsmayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr də təklif edərək, pulun silinməsini tələb ediblər. Ancaq o, bunu qəbul etməyib.

Bundan əlavə, Rövşən Aslanov Fövqəladə Hallar Nazırliyində yüksək vəzifə tutduğundan, aldadıldığını bildikdən sonra pulunun qaytarılması üçün bu qurumun rəhbərliyinə müraciət edib. Bunun bir səbəbi də, özünü fövqəladə hallar naziri Kəmaləddin Heydərovu uşaqlarının kirvəsi kimi təqdim edən, nazirlə çox yaxın ailəvi münasibətləri olduğunu deyən Rövşən Aslanovlun, görüş zamanı ona “get pullarını Kəmaləddin Heydərovdan al” söyləməsi olub.
Əbülfəz Əliyev də məhz bu səbəblərdən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib.

6ke

Nazir K.Heydərovun özü ilə görüşə bilməsə də, müavinləri Rəfael Mirzəyev və Orucəli Hacıyev tərəfindən bir neçə dəfə qəbul olunub. Müavinlər nazirin Rövşən Aslanova onun pulunu qaytarmaq barədə göstəriş verdiyini bildiriblər.

Ötən ilin oktyabrında isə, Ə.Əliyevi qəbul edən Rəfael Mirzəyev bildirib ki, Rövşən Aslanov həm bu, həm də digər əməllərinə görə, tutduğu vəzifədən azad edilib. Odur ki, haqqını daha FHN-də deyil, hüquq-mühafizə orqanlarında arasın.

Bundan sonra onlardan da ümidini üzən Əbülfəz Əliyev hüquq-mühafizə orqanlarına müraciət etsə də, burdan da hələlik bir nəticə ala bilməyib. Bunun səbəbi kimi, Ə.Əliyev aparılan istintaqa Rövşən Aslanovun himayədarlarının ciddi maneə törətməsini göstərir.

Əbülfəz Əliyevin sözlərinə görə, ortada Rövşən Aslanovun qanunsuz əməllərini sübut edən kifayət qədər fakt olsa da, onun haqqında heç bir tədbir görülmür.

Qeyd edək ki, Ə.Əliyev həmçinin saytımıza açıqlamasında R.Aslanovun və dəstəsinin başqa ağır cinayətlər törətməsinə dair əlində təsdiqedici materialların olduğunu iddia edib.
1TU-300x169Belə ki, polkovnikin iddasına görə, bu hadisələr baş verən zaman onun kimi bir nəfər də Rövşən Aslanovun və onun dəstəsinin dələduz əməllərinin qurbanı olub. Diqqət çəkən mühüm və olduqca vacib məqam odur ki, həmin şəxslərdən biri artıq həyatda yoxdur. Söhbət Türkiyə Cümhuriyyətinin vətəndaşı Kadir adlı birinin Bakı şəhərində faciəli və müəmmalı ölümündən gedir.

Zərərçəkən bildirir ki, Rövşən Aslanov ona Kadir və Kübar adlı Türkiyə vətəndaşlarını, şəriki İsmayıl Vəliyevlə birlikdə İstanbul şəhərində qurduqları 2 milyon dollar dəyərində olan tekstil fabrikinin inzibati işçiləri kimi təqdim edib: “Rövşən həm də Kübarın Türkiyə Cümhuriyyətinin xüsusi xidmət orqanının (Milli İstihbarat Təşkilatının) əməkdaşı olduğunu deyirdi. Bildiridi ki, Kübar MİT əməkdaşı kimi ona Türkiyədə müəyyən məsələlərdə dəstək göstərir. Yəni onu mənə Türkiyədəki işlərini dövlət qurumları ilə əlaqələndirən şəxs kimi təqdim etmişdi. Kadirın isə onun sırf biznes ortağı olduğnu deyirdi”.

Qeyd edək ki, Ə.Əliyevi bu şəxslərlə R. Aslanov ondan dələduzluq yolu ilə 482 min dollar pulu aldığı dövrdə tanış edib. Sonrakı dövrdə Ə.Əliyevin şəxsi araşdırması nəticəsində məlum olub ki, Rövşən Aslanov dələduzluq yolu ilə insanları aldadaraq, var-dövlət qazanmaq üçün hələ 2007-2008-ci illərdə Kübar və Rahiblə birlikdə “1001 RAKİB” adlı şirkət qurublar. Bu şirkətə şərik etmək adı ilə Əbülfəz Əliyevlə eyni vaxtda adını çəkdiyimiz Kadir adlı şəxsdən də 500 min dollar məbləğində vəsait alıblar. Ona isə Moskvada böyük mağazalar aldıqlarını deyiblər.
moskva_vnukovo-300x160Bu yalan isə yeni şirkətin şəriki olduğunu düşünən Kadirın işlərlə tanış olmaq üçün Moskvaya getdiyi zaman açılıb. Belə ki, Kadır bir müddət sonra yeni yaradılmış şirkətin Moskvada yerləşən mağazalarına baş çəkmək məqsədilə həmin şəhərə yollanır:“Moskva şəhərinə düşən kimi Kadir şəxsiyyətləri məlum olmayan bir qrup tərəfindən qanunsuz olaraq saxlanılır. Sonradan məlum olur ki, həmin şəxslər Rövşən, Kübar və Rahib tərəfindən aldadılaraq pulları mənimsənilmiş Azərbaycan vətəndaşlarıdır. Vəziyyəti anlayan və aldadıldığını hiss edən Kadir bu məsələni Rövşənlə aydınlaşdırmaq üçün Kübarla birlikdə Bakıya gəlir”.

Ə.Əliyevin sözlərinə görə, Moskvadan birbaşa Azərbaycana R.Aslanovdan hesab sormaq üçün gələn Kadir, Bakıda müəmmalı şəkildə ölür: “Bakı şəhərinə düşən kimi aeroportdan otelə taksi ilə gələn Kadir elə otelin qarşısında müəmmalı şəraitdə yol qəzasına düşərək vəfat edir. Hadisədən sonra Kadirin qohumları Bakıya gəlirlər və bu müəmmalı ölüm faktının araşdırılması üçün əvvəlcədən tanıdıqları Milli Məclisin deputatı İqbal Ağazadədən kömək istəyirlər. Ancaq hansısa səbəbdən, sonradan bu hadisənin qəsd olması versiyası üzərində araşdırma aparılmır.
Ölkəsində ciddi və nüfuzlu iş adamı sayıldığından Kadirın Türkiyə banklarından götürdüyü zaminsiz 500 min dollar kredit ölüm hadisəsindən sonra sığorta şirkəti tərəfindən ödənilir. Beləliklə, Kadirin həmin şəriklik üçün verdiyi 500 min dollar Rövşən və Kübar tərəfindən asanlıqla mənimsənilir”.

Əbülfəz Əliyev maraqlı bir məqamı da qeyd edərək, bildirir ki, Rövşən və Kübar Türkiyədə olduğu zaman onu da həmin xüsusi sığorta növü ilə sığortalamağa cəhd göstərirlər. Lakin Ə.Əliyev Azərbaycan vətəndaşı olduğundan bu əməliyyat baş tutmur: “Bu zaman Rövşən və Kübarın nə fikirləşdiyini bilməsəm də, Kadirin müəmmalı ölümü müəyyən şübhələrə yol açır”.

eldar-mtn

Əbülfəz Əliyev həm bu müəmmalı ölüm hadisəsinin, həm də özünün üzləşdiyi dələduzluq faktının ciddi araşdırılmadığını bildirir. Onu sözlərinə görə, bunlarla bağlı, o, vaxtilə çalışdığı MTN-nin rəhbərliyinə də məlumat verib: “Mən bu barədə şəxsən sabiq nazir Eldar Mahmudova müraciət emişdin. Bundan sonra MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev məni çağıraraq materialları aldı.
Bir müddət sonra isə MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev də məni qəbul edərək, bəzi faktları dəqiqləşdirdi. Bundan bir müddət keçsə də, heç bir səs çıxmadı. Mən təkrar müraciət etdikdə isə, məhkəməyə müraciət etmək məsləhət görüldü. Danışıqlarından hiss etdim ki, R.Aslanovla görüşüb, razılaşıblar. Bu yaxınlarda onların hansı əməlləri törətdiyi açıldıqdan sonra isə buna heç bir şübhəm qalmadı”.

3

Əbülfəz Əliyev təəssüflə bildirir ki, yalnız MTN deyil, digər hüquq-mühafizə orqanları da onun müraciətini lazımınca araşdırmırlar: “Məlumat üçün bildirim ki, bu dələduzluq faktı 30.03.2015-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qeydiyyata alınıb. Cinayət faktının araşdırılması həmin idarədə aparıldığından, Daxili İşlər Nazirliyinin müvafiq qurumları bu işlə məşğul ola bilmirlər.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində isə cinayət faktının araşdırılması istiqamətində ciddi bir irəliləyiş yoxdur. Buna görə də mən yenidən Baş Prokurora müraciət etdim. Ordan isə 16.11. 2015-ci il tarixdə göndərilən məktubda ərizəmin qeydiyyata alındığı, araşdırılacağı bildirilib. Ancaq bir ay keçsə də, bir nəticə yoxdur”.

Bu üzdən də Əbülfəz Əliyev yenidən mətbuat vasitəsilə baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edərək, cinayət işini öz nəzarətlərinə götürməyi, öbyektiv araşdırılmasını təmin etməyi xahiş edir. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın