Ana səhifə / Aktual / “MTN GENERALLARI İLƏ İŞLƏMƏYİ MƏNƏ İQBAL AĞAZADƏ TƏKLİF ETDİ” – RAMİZ TAĞIYEVDƏN SENSASİON AÇIQLAMA

“MTN GENERALLARI İLƏ İŞLƏMƏYİ MƏNƏ İQBAL AĞAZADƏ TƏKLİF ETDİ” – RAMİZ TAĞIYEVDƏN SENSASİON AÇIQLAMA

Milli Azadlıq Hərəkatənın tanınmış simalarından olan, siyasətçi Ramiz Tağıyev ləğv edilmiş MTN-in onun başına gətirdiyi oyunlar, hansı səbəbdən iki dəfə həbsə salınması və bu işdə Eldar Mahmudovun komandasına hansı siyasətçi və jurnalistlərin yaxından kömək etməsinə aydınlıq gətirən silsilə yazılar yazmağa başlayıb. Azinforum.az həmin mövzunu əhatə edən 2 yazını ümumiləşdirərək təqdim edir:

Ömrümün iyun ayları həm sevincli, həm kədərli günləriylə zəngindi. 60 il öncə bu ayın 8-də dünyaya göz açmışam. 1994-cü ilin həmin günündə Tanrı mənə doğum günü hədiyyəsi edib. Məhz həmin gün oğlum dünyaya gəlib. Sevincli günlər yaşadığım iyun mənə bir xeyli acılar da yaşadıb…

2003-cü ilin iyun ayının 14-ü idi. İki gün olardı ki, Nabrana gəlmişdim. Birinə borc verdiyim pulu almalıydım ki, həmin axşam doğmalarımdan birinin toy məclisində iştirak etmək üçün Bakıya dönüm. “Sən saydığını say, gör fələk nə sayır” deyiblər… Səhər saat 7:30-da yuyunub, geyinib yola çıxmaq istəyirdim. Birdən qaldığım otağın qapısı zərblə sındırıldı. Bir-birini itələyərək otağa soxulan idman geyimli, cüssəli gənclərin əllərindəki silahların üstümə tuşlanması azmış kimi, biri hətta iki dəfə atəş açdı. Qeyri-iradi olaraq əlimdəki qayışla atəş açanın sifətinə vurdum. İçimdən bir səs gəldiyini duydum; “ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi”. Doğrusu, həm qorxurdum, həm də nədənsə son dəfə gülmək istəyirdim…

Başıma, sifətimə dəyən zərbələrin ağrısını da hiss etmirdim. Artıq “əzrayıl”ların cənginə düşdüyümü anlayıb, daha dəhşətlisini-ölümü gözləyirdim. Qanım axır, ağlıma cürbəcür fikirlər gəlir, içimdəki qəfil gülüş isə qəribə hisslər yaşadırdı. Axan qanım soyuq təsir buraxdığından, nə yaman soyuqqanlıyammış, deyə düşündüm. Nə üçün cəbhədə-düşmənlə döyüşlərdə şəhid ola bilmədim sualı üzərində ani olaraq baş sındırmağa çalışdım. Evim-eşiyim yox idi, heç olmasa şəhid adım ailəmin ehtiyaclarını az da olsa ödəməyə kömək edərdi…

Qanımın soyuqluğu məni, sanki yuxudan ayıltdı. Özümü toparlayıb, sözün əsil mənasında soyuqqanlı olmağa çalışdım. Axan qanımın gözlərimi tutmasına imkan vermədən, astaca,”məni niyə vurursunuz” sualını verib, əslində, vaxt qazanmağa-əlverişli məqam axtarmağa çalışırdım ki, heç olmasa bunlardan birinin “işi”ni bitirim, qanım yerdə qalmasın. Çözaltı baxdım, atəşi açmış yekəpər qarşımda dayanıb, tapançanın arxasıyla başıma, çiynimə zərbələr endirirdi…

Bu qarışıqlıqda yeni bir “kəşfim”də oldu. Ekstremal vəziyyətlərdə beyinin ildırım sürətilə, hədsiz iti işlədiyini kəşf etmişdim. Bir neçə dəqiqə içərisində nələr keçməmişdi ağlımdan.

Ağır zərbələr qol-qabırğamı sındırsa da, qürurumu qoruyub saxlamağa çalışırdım. İçimdə bu cür ölüm mənə yaraşmır, deyirdim. Elə həmin hisslə də özümü yekəpərin üzərinə atıb, cəld arxasına keçdim. O qədər gözlənilməz olmuşdu ki, yekəpərin digər üç dostu bir anlıq donub qalmışdılar. Artıq kəlpeysərin boynu qollarım arasına keçmişdi. Ölüm qorxusu və ya qisas hissi qollarıma elə qüvvət vermişdi ki, yekəpərin boynunu əlimdən kimsə ala bilməzdi. Özümü arxası üstə çarpayıya atıb, yekəpəri boynuyla birgə üstümə çəkdim. Əlindəki tapança sağa-sola hərəkət etdiyindən, digər 3 nəfər bizə yaxınlaşmağa ehtiyat edirdi. Sol əlimlə yekəpərin boynunu sıxıb, sağ əlimlə əlindəki tapançanı zərərsizləşdirməyə çalışırdım. Elə həmin an növbəti atəş açıldı. Biri yaralandığından, ani olaraq ortalığa sükut çökmüşdü. Yekəpər qeyri-ixtiyari silahı əlindən buraxmalı oldu. Əsəbimdən onlara ucadan “mən, sizin kimi nakişi deyiləm, onu həkimə aparın”-dedim. Dediyim kimi etdilər… İkimiz qalmışdıq-yekəpər və mən. Növbəti addımımın nə olacağını müəyyənləşdirməyə çalışırdım. Ağlıma ilk gələn aradan çıxmaq idi. Qarşımdakıları cinayətkar sandığımdan, münaqişənin daha da böyüməsini arzulamırdım. Tapançanı götürüb, ayağa qalxmaq istədim. Mümkün olmadı, silah rəqibin xüsusi kəmərinə bərkidilmişdi. Sanki bədənimə cərəyan ötürdülər, “siz,kimsiniz axı”-deyib, yekəpəri silkələdim. Ondan cavab almamış, başımı qaldırıb, pəncərədən istirahət mərkəzinin həyətinə boylandım. Həyət qara maskalılarla, polislərlə dolu idi. Ömrümdə ilk dəfə idi ki, onları görməyimə bu qədər sevinirdim.Yaxşıki xəbər tutub, gəliblər- deyə, xeyli rahatlandım.

 

Maskalılarla birgə otaga mülki geyimli, vəzifəli şəxs təəssüratı yaradan bir nəfər də daxil oldu. Özünü təqdim etsə də, adını yaddaşıma həkk edəcək durumda deyildim. Həmin şəxs hadisə araşdırılana qədər qoluma qandal vurulacağını söylədi. Sadəlövh olmadığımdan bilirdim ki, boşuna qandal vurulmur. Səhv etməmişdim… Qollarıma qandal vurulduqdan sonra, otaqda yalnız qara maskalılar və mən qalmışdım. Onların verdiyi işkəncələri gördükcə, “cinayətkar”lara müqavimət göstərməyimin peşimançılığını çəkirdim. Kaş ki, öldürsəydilər deyirdim…

Qollarım arxadan qandallandığından üz-gözümü belə müdafiə edə bilmirdim. Burnum qırılmış, dişlərim sındırılmışdı. Nəfəs almağa çətinlik çəkirdim. Bədənimə dəyən dəyənək və təpiklərdən o qədər keyimişdim ki, ağrı-acını hiss edə bilmirdim. Demə isti-isti imiş. Bu ağrıları hələ uzun müddət-saxlandığım Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında hiss edəcək, baş-başa qalacaqdım. Böyrəklərimin tutmaları məni “divara dırmaşdıracaq”, səsimə, harayıma yetən olmayacaqdı.

 

 

Bəri başdan deyim ki, həbsimə hazırlıq işlərinə ötən il 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etmiş, keçmiş MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev rəhbərlik edib. (həmin zaman hansı vəzifə daşıdığından məlumatsızam-R.T) Biz hələ çox qarşılaşacaqdıq. Etdikləri pisliklərin qarşılığını vermədən ondan əl çəkməyəcəyimə and içmişdim. Məhz həmin səbəbdən Tanrıdan ömür diləyir, yaşamaq istəyirdim.

Nabrandan məni Xaçmaz rayon Polis İdarəsinə apardılar. Yolboyu qandal qolumu elə sıxmışdı ki, qollarım neqr qolları kimi qapqara olmuşdu. Bilmirəm indi necədi, o zaman həmin polis idarəsinin saxlanma kameralarının qapıları elə idi ki, gərək, heyvan kimi, əyilərək, dördayaqlı içəri daxil olaydın.

 

Tanrıma dönə-dönə sual edirdim; axı mənim günahım nədir? Ömrümün ən gözəl çağlarını Vətənin azadlığına, müdafiəsinə həsr etsəm də, ailəmə gün ağlamamışdım. Budurmu mükafatım? – deyirdim.

Gecəyarısı Xaçmaz rayon Prokurorluğunun müstəntiqi Ələmşah Şükürov adlı birisi gəldi. Vəkilim gəlməmiş ifadə verməyəcəyimi bildirdim. Qırsaqqız olub keçmişdi xirtdəyimə ki, ifadə verməlisən. İmtina etdikdə, təhqir etmək istədi, məni dələduz adlandırdı. Şərəfini üç qəpiyə satmağa hazır olan Ələmşahın məni-ömrünü halal zəhmətiylə yaşamış Ramiz Tağıyevi dələduz adlandırmasını qəbul edə bilməzdim. Gözlərinin içinə baxaraq, dələduz sənsən, sənə bu tərbiyəsizliyi öyrədənlərdir- deyə bağırdım. Zaman gələcək, ölməyib sağ qalsam, bunu sənə mütləq sübut edəcəyəm dedim…

Uca Tanrım nə qədər ədalətli imiş! Ələmşahla görüşdük. Hədsiz maraqlı bir görüş oldu. Maraqlı olan görüş məkanımızdı. 2013-ildə xəstələndiyimdən, məni cəza çəkdiyim 12 saylı müəssisədən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmüşdülər. Cərrahiyyə şöbəsində əməliyyat olunacaqdım. Şöbəyə yeni gətirilmiş bir məhkum diqqətimi çəkdi. İlahi, bunu harda görmüşəm-deyə, fikrimi cəmləyib Ələmşaha bənzətsəm də, onun məhkum həyatı yaşamasına inana bilmirdim. Məhkumlar həmin “bədbəxtə” palatalarda qalmaq imkanı vermirdilər. Televizora baxmaq üçün ayrılmış otaqda, oturacağın üstündə gecələməli olurdu. Səbəbini öyrəndikdə “zloy poqon” olub, dedilər. Dözmədim, ona yataq şəraiti təşkil edib, evdən gətirilmiş sovqatlardan pay verdim. Doluxsundu… Mən həmin Ələmşaham deyərək, dönə-dönə üzr istədi. Dələduzluq maddəsiylə bir müddət axtarışda olub, həbs edilmişdi. Bax belə, bu imiş həyatın istehzası!

MTN-nin ilk həbsindən də məhz iyun ayında azad oluna bildim. 2005-ci ilin iyun ayının 20-si mənim üçün sürpiriz bir gün oldu. Əlbəttə, sevinirdim ailəm, doğmalarım, dostlarım artıq əlçatmaz deyildilər.

Təəssüf ki, bu sevinc uzun çəkmədi. Məni növbəti dəfə quldurlarla, dələduzlarla şavaş gözləyirmiş. Bu dəfə rəqiblərim daha güclü, hədsiz qəddar, tülküdən də hiyləgər olacaqmış.

2005-ci ilin iyin ayının 31-də İlqar Əliyevlə bir daha qarşılaşmalı olduq. Həmin zamana qədər onun MTN əməkdaşı olduğunu bilmirdim. Nabranda həbs edildiyim ərəfədə, mənimlə yanaşı otaqda qalırdı. Mənə yaxınlaşıb, özünü iş adamı kimi təqdim etmişdi. Çay içib, dünyanın dərd-sərindən söhbət açmışdıq. Demə, hərif həbs olunmağım üçün əməliyyat şəraiti hazırlayırmış.

Bu dəfəki görüşümüzdə, indi Kürdəxanı İstintaq Təcridxanasının sakininə çevrilib, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev də iştirak edirdi. (E.Quliyev o zaman polkovnik idi)

 

Görüşümüz paytaxtın adlı-sanlı restoranlarından birində baş tutdu. Elçin Quliyevi əvvəllər tanımamışdım. Aramızda “körpü” salmaq istəyən, 2 saylı cəzaçəkmə müəssisəsində birgə əziyyət çəkdiyim Ümid partiyasının sədri İqbal Ağazadə oldu. Iqbal Elçini imkanlı iş adamı kimi təqdim edib, onun AXCP sədri Əli Kərimli ilə ciddi problemi olduğunu və həmin səbəbdən də məni ona rəqib etmək istədiklərini söylədi və həmin adamlarla işləməyin vacibliyini bildirdi. Elçinin hərəkətləri, danışıq tərzi nədənsə məndə tam başqa hisslər yaradır onun iş adamı olmasına inana bilmirdim. Hər bir halda, düşünmək üçün vaxt istədim…

Həyatım boyu arxadan zərbəni namərdlik bildiyimdən, belə çirkin oyuna baş vura bilməzdim. Ümumiyyətlə, siyasəti oyunbazlığa çevirib vətənin taleyindən şəxsi istəkləri üçün bəhrələnənlərə daima nifrətim olub. Nə bilim, bəlkə də siyasi fəaliyyətimdə məni addım-addım izləyən uğursuzluqlar belə oyunlardan anlamamağım olub.

Əli Kərimli ilə görüşüb İqbal və dostu ilə söhbətimi anlatdım. Belə razılığa gəldik ki, onlarla görüşləri davam etdirib, məqsədlərinin nə olduğunu sonunacan öyrənməliyəm. Etiraf edim ki, həmin hadisələri yenidən yaşıya bilsəydim, Əliyə inanıb belə ağır davaya girməzdim. Çünki nələrin baş verəcəyini, onsuz da əzablı keçən həyatımın bir daha nə kimi faciələrlə yaşanacağını öncədən təxmin edə bilirdim. Ən çətin məqamlarında köməyinə yetişdiyim Əli Kərimli çox keçmiyəcəkdi ki, məni meydanda tək qoyacaq, iqtidarlı-müxalifətli üstümə ley kimi şığıyan “ağır artilleriya” birləşmələrinin qarşısında özüm və bir neçə sadiq dostum tək və əliyalın qalacaqdıq…

Ikinci görüşümüz də həmin restoranda idi. Tanrının mənə bəxş etdiyi intiusiya ilə hiss edirdim ki, görüş yeri gizli kameralarla müşahidə olunur. Elçin və İqballa “atacağımız” növbəti addımları müzakirə edirdik ki, qəfil qonağın otağa daxil olmağı, məni sanki yuxudan ayıltdı. Bu qəfil qonaq, İlqar idi. Həmin İlqar ki, bu görüşümüzdən iki il iki ay öncə onunla Nabranda tanış olmuşduq. Indi Elçinin də iş adamı olduğuna inanmaq istəmirdim… İlqarın məni tanımaq istəmədiyindən şübhələnib: ”Xatırlayırsınızsa sizinlə Nabranda görüşmüşük” – dedim. Bu arada duydum ki, köhnə “dost” duruxub, peşəsinə uyğun gəlməyən açıqlar buraxmağa başlayır. O, “Bağışla, həmin zaman əmr yerinə yetirirdim, narahat olma, itirdiklərinin əvəzini artıqlaması ilə alacaqsan” – deyib məni qucaqlayaraq üzümdən öpdü. Ani olaraq baş verənlərdən Elçin və İqbalın da çətin vəziyyətə düşdüklərini, hiss etməmək, sezməmək mümkün deyildi. Indi söz demək sırası Elçinin olmalıydı. Belə də oldu. Aram-aram “Biz sənə hər şeyi açıqlayacaqdıq, sadəcə peşəmizə uyğun olaraq, səninlə ətraflı tanış olmaq istəyirdik” – deyə, ardınca MTN-nin şöbə müdiri olduğunu, İlqarın isə onun müavini vəzifəsini tutduğunu açıqladı. Bundan sonra yağlı vədlərdən ağız dolusu söhbət açıb məni şirnikləndirməyə çalışdı…

 

 

Elçin milyonlardan dəm vurduqca, gözümün önünə, Nabranda ayaqlar altında təpikləndiyim, qol-qabırğamın sınması, MTN-nin istintaq təcridxanasında sızıldaya-sızıldaya “çarpayı” adlanan döşəksiz narahat dəmir parçasının üstündə ağrılı-acılı keçirdiyim günlər, həftələr, aylar gəlirdi. Qərarım qəti idi. Bunlara elə bir zərbə vuracaqdım ki, ömürlük dərslərini alsınlar, günahsız insanların həyatları ilə məzələnməyin nə demək olduğunu anlasınlar.

“Dost”larım doğrudan da “iş” başındaymışlar. Məndən də nüfuzlu şəxsləri şantaj edib, onlardan qazanc əldə etmək üçün istifadə etmək istəklərini gizlətmirdilər. Axı, dələduz “çekist”lərin etibarını qazana bilmişdim. Mənim evsizliyimi, işsizliyimi nəzərə alıb, bu ehtiyaclarımın da artıqlaması ilə qarşılanacağından ağız dolusu danışırdılar. Ilqar Dərnəgüldə kirayə qaldığım yataqxanadakı bir otaqlı mənzilimə gəlib, şəraitimlə tanış olduqdan sonra, doluxsunaraq, tezliklə mənzillə təmin olunacağıma söz vermişdi…

Aldanmadım, aldana bilməzdim. Çünki heç bir zaman dünya malına, pula, yaxşı şəraitə aldanmadığımdan, bu dəfə də aldanmayacaqdım…

Görüşlər davam edir, mənə qarşıdan gələn parlament seçkilərində namizədliyimi irəli sürüb, Əli Kırimli ilə eyni dairədə ona alternativ olmağım təklif edilirdi. Mən isə içimdə bunlara gülür, “daha nə dərdim qaldı, ki, mandatım, evim, pulum var” – deyə, “dostlarımın” məni kimlərləsə səhv saldıqlarının acı sonluğunu planlaşdırırdım…

Müəyyən etmişdim ki, Əli Kərimliyə qarşı hesablanmış bu çirkin oyunu, ona düşmən kəsilən bir deputat maliyyələşdirir. Əslində bu “plan” ölkədə sabitliyin pozulmasına xidmət edəcəkdi ki, doğrusu, ölkə iqtidarının belə bir “plana” razı olacağına nə o zaman, nə də bu gün inanmamışam…

Nə isə, cəmi bir neçə gün çəkən oyun bitdi və mən Əli Kərimli ilə birgə mətbuat konfransı keçirib, MTN-nin necə çirkin işlərə başlamağı barədə ətraflı açıqlamalar verdim. Dələduz “çekistlərin” müxalifətdəki və mətbuatdakı agentlərini- “siyasətçi və pullu mirzələrini” ifşa etdim…

Mübaliğə kimi qəbul etməyin, həmin zamanı xatırlayanlar yaxşı bilir ki, ölkənin siyasi gündəmini dəyişə bilmişdim. Mətbuat konfransı zamanı yanımda əyləşmiş hüquq müdafiəçisi Novella Cəfəroğlunun qulağıma nələri pıçıldadığını da hələ unutmamışam. O məndən Elçin və İlqarın adlarını çəkməməyi xahiş edib, “aman günüdü Ramiz, onların adını açıqlama, səni öldürəcəklər” deməsi də məni mövqeyimdən çəkindirmədi. Əksinə, “mən 88-də fatihəmi verib, kəlmeyi-şəhadətimi söyləyib meydana atılanlardanam” – cavabını verdim…

 

O anlarda düşünürdüm ki, müxalifətdən, o dövrün müstəqil sayılan və müxalif yönlü mətbuatından ciddi dəstək alacam. Amma yanılmışdım, hədsiz dərəcədə yanılmışdım. Qısa bir zaman kəsiyində yalnız “Azadlıq” qəzetindən dəstək gördüm ki, bunu da mənim müdafiəmdən daha çox Əli Kərimlinin təbliğatı hesab etmək olardı. Dörd bir yandan üstümə şığıyan muzdu mirzələrin hansından başlayıb, hansında qurtaracağımda çətinlik çəkir, barəmdə uydurulan olar-olmaz təbliğat xarakterli yalan və böhtanların öhtəsindən necə gəlməyin yollarını arayırdım. Heç şübhəsiz ki, bu yöndəki fəaliyyətlərim istənilən nəticəni vermədi və verə də bilməzdi. Çünki dəstəyinə güvənib, uğuruna həyatımı riskə qoyduğum dostlarım, Əli Kərimli başda olmaqla, məni faktiki olaraq meydanda tək buraxmışdılar.

Ortalığa zamanın öndə gedən baş redaktorlarından sayılan Eynulla Fətullayev atılmışdı. O arada Eynullanın “Gündəlik Azərbaycan” adlı qəzetində geniş “müsahibəmin” getdiyini eşitdim. Ilahi, bu qədər yalana, bu boyda şərə-böhtana hansı şeytan, hansı iblis imza atıbmış? Axı, mən ümumiyyətlə nə şəxs, nə də qəzet olaraq kimsəyə müsahibə verməmişdim. “Müsahibə”nin müəllifi kimi Fəxri Nəsirov adlı birisinin adı qeyd olunsa da, çox keçmədən, Eynulla alçaqca növbəti açıqlamasını edib: ”Ramiz Tağıyev mənə zəng edərək, gəl, Filarmoniya bağında görüşək, müsahibə vermək istəyirəm” – deyəcəkdi.

 

Yalançı müsahibənin müəllifini məhkəməyə verdim. Ömrümdə ilk dəfəydi ki, məhkəməyə müraciət eləyirdim. Vəkilim iddia ərizəsini Yasamal məhkəməsinə təqdim etsə də, Elçin və İlqarın bir telefon zəngi kifayət etdi ki, ərizəmi keçərsiz hesab etsinlər…

Mənim “müsahibəmin” dərcindən cəmi üç gün keçmişdi ki, Eynullanı Qələbə meydanında keçirilən mitinqdə gördüm. Bir neçə jurnalistlə birgə dayanmışdı. Yaxınlaşıb hamısı ilə görüşdüm, Eynulla isə”məni tanıyırsanmı” sualıma “yox” cavabını verdikdə, ətrafdakı digər jurnalistlər gülüşlərini saxlaya bilmədilər. “Mən üç gün öncə görüşüb müsahibə aldığın Ramiz Tağıyevəm” – deyə özümü təqdim etdikdə, Eynulla özünü itirib sürətlə aradan çıxdı. Bax belə. Çox keçməyəcək, uğurunda çarpışdığım Əli Kərimli Eynulla ilə qardaşlıq edəcək, onun haqq etdiyi həbsi siyasiləşdirərək, bütün dünyaya car çəkəcək, olan-olmayan mətbu və siyasi gücünü ortaya qoyaraq, Eynullanı zəmanənin qəhrəmanına çevirəcək.

E.Fətullayevin MTN-ə güvəni o qədər idi ki, artıq heç nədən çəkinmir, ard-arda məni açıq-aşkar təhqir edən yazılara imza atırdı. Qəribədir, o “Realnı Azərbaycan” qəzetində “Qadji i Qeydar” başlıqlı yazıya müəlliflik edib, mənim Heydər Əliyevlə birgə şəklimi də iri fonda səhifəyə çıxartmışdı. Bütün bunların MTN-nin sifarişi ilə edildiyinə qətiyyən şübhəm yox idi. Arxasında güclü qüvvənin dayanmasına güvənən Eynulla ölkənin ən iri çaplı nazirlərinə və digər tanınmışlara qarşı da meydan sulayırdı…

Bəli, artıq Əli Kərimli ilə birgə addımlaya bilməzdim. Üzərimə olan basqıları sükutla qarşılayan və düşündüklərimin əksinə olaraq, mənə hücum çəkınlərlə dostluq edən biri ilə yola necə davam edə bilərdim? Özümü dərk etdiyimdən xəyanətin, etibarsızlığın, dönüklüyün hökm sürdüyü yerdə bir an qalmadığım kimi, AXCP-nin məni müdafiə etmədiyini müəyyən edən kimi, təşkilatdan istefa verib uzaqlaşmağı qərara aldım. Dediyim kimi, artıq mən AXCP-dən getməyi düşündüyüm halda, Əli Kərimlinin, növbəti xəyanətə bərabər tutulacaq addımı, bu işi xeyli sürətlədirdi və necə deyərlər, burda da Əli Kərimlinin “köməyi” ilə AXCP-dən biryolluq getdim. Artıq parlament seçkiləri keçirilmiş və o zaman Əli Kərimlinin müavini olan CəmilHəsənli partiyanın qərarının əleyhinə olaraq, mandatdan imtina etmədiyi üçün təşkilatdan kənarlaşdırılmışdı. Mən də üzərimə dalğa-dalğa gələn, arxasında böyük güclərin dayandığı təqib və təhqirlərdən nisbətən qurtla bilmək üçün Əli Kərimli ilə görüşüb, müvəqqəti də olsa, partiyadan getmiş Cəmil Həsənlinin postuna təyinatımın verilməsini istədim. Zatən Əli Kərimli mənə əvvəldən də müavinlik postunu verəcəyini demişdi. Bu məqamda Əli Kərimlinin verdiyi cavab məni gerçəkdən şoka saldı. Əli bəy bildirdi ki, Ramiz, sənin müavinliyin barəsində biz gələcəkdə düşünərik, ancaq indi sənə görə təşkilatın üzərinə hücumlar çox olur deyə, yaxşı olar ki, bir müddət buralarda görünməyəsən. Dediyim kimi, bu şokedici təklifini eşidən kimi, ayağa durub, “sən çox əclaf, yaramaz və şərəfsiz birisənmiş” – deyib, Əli Kərimlinin yanından da, partiyadan da birdəfəlik getdim…

 

Bilirdim ki, təklənəcəkdim, çətin olacaqdı. Elçin və İlqarın və onların simasında MNT-nin mənə ölüm hökmü çıxarmasından da xəbərdar olduğum üçün, özümün də, ailəmin də ciddi təhlükə ilə üz-üzə qaldığının fərqindəydim. Hər an, hər şey ola bilərdi. Geriyə dönüşü olmayan bir yola girdiyimi bildiyimdən, “bu da bir taledir, ölərəm, haqq bildiyim yoldan dönmərəm” düşüncəsi ilə MTN-dəki bir qrup quldur dəstəsi ilə sona qədər mübarizə aparacağıma söz verdim..

Bu arada hərəkatçı dostlardan biri ilə görüşümüz oldu. O, İlqar və Elçindən işimi bitirmək üçün göstəriş aldığını, neçə müddət məni təqib etdiklərini, kirayə qaldığım növbəti mənzilin yaxınlığında ev kirayələdiklərini və hətta bu iş üçün avans aldıqlarını da etiraf etdi. Bəxtim gətirmişdi. Dostum mənim keçdiyim əzablı, ağır mübarizə yolunu bildiyindən, son anda tətiyi çəkməyə qıymamış və məni xəbərdar etməyi özünə borc bilmişdi..

“Dost”luğumuz zamanı Elçin və İlqardan öyrənmişdim ki, onların əsas kuratoru keçmiş MTN-nin sabiq nazir müavini Hilal Əsədovuymuş. Məcburi araşdırmalarım və müqavimət göstərmək istəyim məni bir növ MTN-şünas eləmişdi. Bu yöndə zamanında Culfarayonuna rəhbərlik etdiyim də xeyli karıma gəlirdi. KQB-nin Culfa rayon şöbəsi daima bu bədnam qurumun ən önəmli təşkilatlarından biri olub. Hətta bir zamanlar bu şöbəni “KQB məktəbi” də adlandırırdılar. Demək istədiyim odur ki, informasiya mənbəyim var idi. Ara-sıra MTN-dəki daxili çarpışmalardan da məlumat ala bilirdim. Onu da bilirdim ki, keçirdiyi “Qara kəmər” əməliyyatından məsti-xumar olmuş Eldar Mahmudov, zamanının əksəriyyətini ya viski içməyə, ya da ki, idmanla məşğul olub, gövdəsini şişirtməyə sərf edir. Barışmaz rəqiblər – nazir müavinlər Hilal Əsədovla Əli Nağıyev isə əsas rıçaqları ələ keçirmək üçün amansız savaş aparırdılar. Bu savaşa artıq ad da qüoyulmuşdu – OBXSSlərlə peşəkarların savaşı”.

Ardı var…

Yazıda adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın