Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / MTN-dəki cinayətkar antisahibkar qrupun ifşası digər dövlət qurumlarına dərs nümunəsi oldu

MTN-dəki cinayətkar antisahibkar qrupun ifşası digər dövlət qurumlarına dərs nümunəsi oldu

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində ötən şənbə günü baş tutan əməliyyatdan sonra illərdir bu nazirlikdə kök atmış cinayətkar qrupun əməlləri ifşa olunmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, əməliyyatdan sonrakı ilk iş günündə yüzlərlə sahibkar istintaq orqanına müraciət edərək, MTN-də başına gətirilənlərdən danışıb.
MTN-dəki cinayətkar qrupun qurbanı olan minlərlə iş adamından biri də Maqsud Mahmudov olub. Belə ki, bu il iyulun 4-də iş adamına zəng gəlib, özünü MTN-in əməkdaşı kimi təqdim edən şəxs ondan səhər saat 10.00-da MTN-in Antiterror İdarəsinə gəlməsini tələb edir. İş adamı deyilən saatda nazirliyə gəlir, şəxsiyyət vəsiqəsini birinci mərtəbəyə təqdim edir. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparırlar. Biznesmeni burada özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayır. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, bu polkovnik ona terrorçu olduğunu deyib. Bildirib ki, daim Ukraynaya gedib-gəlirsən, min oyundan çıxırsan.
Daha sonra polkovnik otağı tərk edir və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdır, yanındakı şəxsi Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim edir. İlqar Əliyev isə Maqsud Mahmudovu gördükdən sonra göstəriş verir ki, bu şəxsi dərhal uçota alsınlar. İş adamı nə də günahlandırıldığını, hansı səbəbdən bura dəvət olunduğunu soruşmağa cəhd edir. Bu zaman ona deyirlər ki, telefonu izlənir, daim diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daim Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirir, lakin cinayət etmədiyini xatırladır. Bu zaman ondan tələb olunur ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxır, durumu pisləşir. Amma buna baxmayaraq, ona deyilir ki, 250 min manat gətirməsə, onu İŞİD-in üzvü və ya narkobaron elan edəcəklər, özü də bu ittihamı boynuna almalı olacaq. Biznesmen hazırda 250 min manat nağd pulu olmadığını deyir və 3 saat orada saxlanır. Ondan tələb olunur ki, o halda 200 min manat versin. Lakin iş adamı bundan da imtina edir. Bu zaman iş adamı telefonla təmas qurduğu xanımla şantaj edilir, bildirilir ki, bu məsələ açıqlanacaq. Qeyd edilir ki, bu baş versə, həm dostluq etdiyi xanımın valideynləri, həm də özünün ailə üzvləri bundan xəbər tutacaq.
Bundan sonra iş adamına deyilir ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün gecə ikən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-in məlum şantajçı qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyirlər və məsləhət görürlər ki, sussun, bu haqda heç vaxt danışmasın. Beləcə, iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı Notariat Kontorunda gerçəkləşdirilir.
Əldə etdiyimiz məlumata görə, hazırda iş adamının nümayəndəsi MTN-də baş verən son hadisələrlə bağlı aparılan istintaq orqanına müraciət edib.

“Mənim dağ kimi igid oğlumun ölümünə səbəb oldular”

Əslən Naxçıvanın Sədərək rayonundan olan, uzun illərdi Bakıda yaşayan Nərgiz Məmmədova da oğlunun MTN-dəki məlum şəbəkə tərəfindən ölümə sürükləndiyini bildirir:
“Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri mənim dağ kimi igid oğlumun ölümünə səbəb oldular. Onun başına elə oyunlar açdılar, elə vəziyyətə saldılar ki, oğlum sonunda dözməyib canına qıydı. Bunu nə Allah, nə də bəndə götürər.”
Nərgiz Məmmədova iş adamı, karqo daşımaları şirkəti olan, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən ötən il həbsə alınıb buraxıldıqdan sonra intihar edən Cahangir Məmmədovun anasıdır. Borc bataqlığına düşən Cahangir Məmmədov bu il iyulun 13-də 53 yaşında intihar edib.
MTN-in ifşa olunan şəbəkəsinin əməlindən zərər çəkən və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hüquqlarının pozulduğunu deyən Əfsəl Həsənəliyev bildirir ki, 2013-cü ilin sentyabrında Cahangir Məmmədov, Məcid Anqubazov, Orxan və Sərdar adlı tanışları ilə Balakəndən Tbilisiyə “skoç” (yapışqanlı lent – red.) gətirmək üçün gedib: “Orda Məcid Anqubazov dedi ki, burda pirotexniki maddələr var, onları da aparmaq olar. Onu qeyd edim ki, biz malı Gürcüstandan İrana aparacaqdıq. Gürcüstan gömrüyündə bütün sənədləşmə işlərini həll etdik. Bəyannamədə qeyd olundu ki, yük pirotexniki maddə və “skoç”dan ibarətdir. Azərbaycanda da gömrük prosedurlarını keçdik.
Yükdə pirotexniki maddə olduğu üçün İran sərhədinə qədər bizi iki gömrük müfəttişi də müşayiət edirdi. İran sərhədinə doğru gedəndə MTN əməkdaşları bizi saxlayıb, qanunsuz yük daşıdığımızı, qaçaqmalçılıqla məşğul olduğumuzu dedilər. Bildirdilər ki, artıq cinayət işi də başlanıb. Biz gömrük bəyannaməsini göstərdik, gömrük müfəttişləri də yükdə problem olmadığını təsdiqlədilər. Açıb yükə baxdılar, bəyannamədə qeyd olunan mallardan başqa heç nə tapmadılar. Buna baxmayaraq, bizi birbaşa MTN-ə aparıb həbsə atdılar”.
Agentliyə müraciət edən keçmiş polis əməkdaşı bildirib ki, onu 4 ay 29 gün həbsdə saxlayıblar:
“Məndən 100 000 manat rüşvət istədilər. Vəkilim də şahiddir. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi “Unibank”a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. İndi o pulu da qaytara bilmirəm, dilənçi vəziyyətindəyəm”.

Ə.Həsənəliyev bildirib ki, onlar həbsdə olan vaxt hətta vəkilinin müraciətilə Dövlət Gömrük Komitəsi sahibkarların saxlanmasının qanundankənar olduğunu bildirən etiraz məktubu da göndərib. Ə.Həsənəliyevin vəkilinin təqdim etdiyi iş materiallarında bu məktub da öz əksini tapıb. Lakin bu da işə yaramayıb
“Bizdən pulu tələb edənlər deyirdilər ki, bunu yuxarı rəhbərliyin tapşırığı ilə edirlər”, – deyə Ə.Həsənəliyev bildirib.

O qeyd edib ki, sonradan Məcid Anqubazovun məhz MTN əməkdaşları tərəfindən onlara qoşulduğu anlaşılıb: “Orxan və Sərdardan 100 min, rəhmətlik Cahangirdən isə 80 min manat aldılar. Cahangir 40 gün əvvəl dözməyib intihar etdi. Borcun içində batırdı”.

Bunlar bir dövlət qurumunun iş adamlarının başına açdığı müsibətlərdir. Göründüyü kimi, Prezidentin göstərişinə əsasən belə hallarla bağlı kiməsə güzəşt edilmir. İş adamlarını incidənlər ciddi şəkildə cəzalandırılır. Amma acı reallıq ondan ibarətdir ki, iş adamları onlarla təmasda olan başqa dövlət qurumları tərəfindən də incidilir. Bunu ölkə başçısı öz çıxışlarında da dəfələrlə bəyan edib. Artıq bir neçə gündür ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində ard-arda sərəncamlar verilir. Dövlət qurumlarının özəl subyektlərdə yoxlamalar aparması dayandırılıb.
Bütün bu yaşananlar ölkədəki sahibkarlıq subyektləri ilə əlaqədə olan digər dövlət qurumları üçün dərs ola bilərmi?
Politoloq Qabil Hüseynli hesab edir ki, MTN ətrafında baş verənlər nəinki sahibkarlıq subyektləri ilə təmasda olan qurumlara, eləcə də bütün vəzifəli şəxslərə dərs olacaq: “Prezident bu qətiyyəti ilə bir daha sübut etdi ki, ölkədə xüsusi imtiyaza malik olan adam yoxdur. Hər kəs etdiyi əmələ görə cəzasını almalıdır. MTN-lə bağlı yayılan informasiyalarda sahibkarların başına açılan müsibətlər adamı dəhşətə gətirir. Bu adamlara böyük bir post tapşırılıb ki, onlar dövlətin vətəndaşlarını qorusunlar, onlar isə insanların qanına susayırmışlar. Son günlər ərzində ölkə başçısının verdiyi fərmanlara fikir verirəm. Bir sözlə, görünən budur ki, ölkədə yeni bir dönəm başlayır. Artıq qeyri-neft sektorunun yüksək templi inkişafına zərurət yaranıb. Bu səbəbdən də sahibkarlarla təmasda olan bütün qurumlar MTN hadisəsindən öz lazımi dərsini götürəcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın