Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “MTN-çi” generalların şikayətlərini geri götürməsinin sirri

“MTN-çi” generalların şikayətlərini geri götürməsinin sirri

Əvəz Zeynallı: “Mahmudovçu” generalların azadlığa buraxılması Azərbaycan cəmiyyəti və dövləti üçün təhlükəlidir”

2015-ci ildə MTN-dəki əməliyyatdan sonra həbs olunan generalların hamısı birinci və apelyasiya instansiya məhkəmələrini keçəndən sonra Ali Məhkəməyə şikayət etsələr də, sonradan şikayətlərini geri götürüblər. Baxmayaraq ki, onlar müxtəlif qrupların tərkibində, bir-birindən ayrı mühakimə olunurlar, hamısı eyni addımı atıb.

“Mahmudovçu” generalların şikayətləri geri götürmələrin arxasında dayanan məqsəd nə olar bilər?

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a deyib ki, hazırki gedişat sabiq generalların azadlığa buraxılmalarına zəmin hazırlanmasıdır: “MTN generallarları, başda Akif Çovdarov olmaqla, əllərində ciddi məbləğdə pul torbaları ilə redaksiyalarda axtarışdadırlar. Özlərinin mətbuat üzərindən də müdafiə olunmalarına çalışırlar. Onların guya haqq səslərinin cəmiyyətə çatdırılmasına nail olmaq istəyirlər. Bu cür addımların şikayətlərinin Ali Məhkəməyə göndərilməsi ərəfəsində başlanması da təsadüfi hesab etmək olmaz. Bu cinayətkar şəbəkə çox yüksək dairələrdən dəstəklənir. Əsas hamiləri Eldar Mahmudov azadlıqdadır. Ona görə də onları bir-bir ”içəri”dən dartıb çıxaracaqlar”.

Əvəz Zeynallı deyir ki, həbsdə olarkən Ali Məhkəməyə şikayət verib sonrakı mərhələdə şikayətini geri götürən dustaqlarla söhbət etmək imkanları olub: “Adamları necə “torba” tikib tuturlarsa, eləcə də azadlığa buraxma mexanizmi də var. Çağırıb deyirlər filankəslər tutulub, siz şikayətinizi verin, biz şikayəti nəzərə alacağıq. Həmin şikayətlər əsasında adamlara ittihama verib məhkum edirlər. Sonra lazım olanda isə əks proses baş verir. Bu  mexanizm bizim məhkəmə sistemində çox ciddi şəkildə işləyir”.

Ə.Zeynallı deyir ki, iş Ali Məhkəmədə baxılana qədər məsələ həll olunur: “Ali Məhkəmədə iş hakimin masasına ”təmiz” çatır. Hakim iş üzrə şikayətçilərin şikayətlərindən imtina haqda ərizələrinin olduğunu bəyan edir. Deyir ki, iş üzrə zərərçəkənlər yoxdur, adamlar da 3-5 il həbsdə qalıblar. Bununla kifayətlənir şərti azadlığa buraxılması üçün qərarların qəbuluna imkan verən gedişat hazırlanır və ya müəyyən ciddi maddələr ittihamdan xaric edilir ki, adamlar tez bir zamanda azadlığa çıxa bilsinlər”.

Əvəz Zeynallı ile ilgili görsel sonucu

Əvəz Zeynallı “Rabitə işi” üzrə hazırda həbsdə kimsənin qalmadığına diqqət çəkir: “Rabitə işi” üzrə həbsə alınan nazirliyin yüksək vəzifəliləri Vidadi Zeynalov, Beytulla Hüseynov və digərləri artıq həbsdə deyillər. Adamları açıb buraxıblar. Halbuki MTN-nə Rabitə Nazirliyindən ayda 300 min manat pul ödənilməsi kimi böyük dövləti cinayət fakt və sübutlarla təsdiq olunmuşdu”.

Baş redaktor deyir ki, “MTN işi” başlandığı gündən həbs olunanların azadlığa buraxılması üçün “əl yeri” qoyulub: “İşi əvvəldən elə qururlar ki, vəziyyət dəyişəndə adamları rahat şəkildə açıb azadlığa buraxa bilsinlər. ”MTN işi”ndə tutulanlar generallar idi və bütün sistem də bunları tanıyırdı. Ona görə də işi lap əvvəl gündən 2-3 variant üzrə qurublar. 3-4 il keçir və variantlardan hansı uyğundursa, həmin variant üzrə hərəkətlilik baş verir. Hazırda MTN-çi generalların azad edilməsi üçün çox ciddi şəkildə zəmin yaradılır”.

Müsahibimiz deyir ki, sabiq MTN-çilərin şikayətlərini verib sonradan geri çəkmələri vaxt uzatmağa hesablanıb: “Şikayəti verirlər, reaksiyanı yoxlayırlar. Uyğun zamandırsa, ”yuxarılar”ın reaksiyası kəskin olmayacaqsa, istənilən qərar verilə bilir. Ali Məhkəmədən şikayət verənlərə bunu deyirlər. Alınmayanda isə deyirlər ki, şikayəti geri götür, başqa vaxt, məsləhət olanda yenidən verərsiz. Bu Azərbaycan məhkəmə sisteminə xas olan gedişatdır”.

Jurnalist deyir ki, “mahmudovçu” generalların azadlığa buraxılması Azərbaycan cəmiyyəti və dövləti üçün təhlükəlidir:“Sübut olundu ki, bu adamlar mütəşəkkil cinayətkar dəstə olublar. Akif Çovdarov kimi birinin azadlığa buraxılması bütün halı ilə cəmiyyətə, mediaya təhlükədir. Cəmiyyətin, ictimaiyyətin dövlət adına qərar verən məhkəmələrdən incikliyi var. İnsanlar növbəti dəfə dövlətdən incik düşəcəklər, məhkəmə hakimiyyətinə olan-qalan inam da itəcək. Bu adamlar azadlığa çıxandan sonra ilkin mərhələdə qisasçılıq zəminində nəsə etməsələr də, sonrakı etapda bunu gözləmək olar. Akif Çovdarov kimi adamlar adətən ömürlük cəzaya məhkum olunurlar. Bu tip adamlar o boyda cinayəti törədib 3-4 ildən sonra azadlığa çıxmaları cəmiyyət üçün böyük təhlükədir. Bu adamların pullarını ”KamAZ”larla daşıyıblar. Bütün kriminal işlərdə adları hallanan, cinayətkar bandit dəstəsi quran, adam öldürən, adamları izsiz-tozsuz itirən adamların azadlığa çıxması o deməkdir ki, sabah istənilən gedişat ola bilər. Eldar Mahmudovun qudası Cahangir Hacıyevə Beynəlxalq Bankdan 20 milyard manat talamasına görə 17 il iş veriblər. O da 7 il sonra azadlığa çıxacaq. Bəs 20 milyard hara getdi?”

Əvəz Zeynallı deyir ki, əllərində böyük maddi imkanlar, cinayətkar şəbəkə ilə əlaqəli bu adamlar təhlükə mənbəyidirlər: “Bu adamların törətdikləri cinayətin miqyası o qədər böyük idi ki, prezident MTN-i bir qurum kimi ləğv etdi. Bu cinayətkar şəbəkənin imkanlarının geniş olmasını göstərir. Eldar Mahmudov hazırda azadlıqdadır, əllərində xeyli kompromatlar, çox böyük maliyyə resursları var”.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən 2 ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlardan təxminən 2 il sonra – 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir. Həbs olunan sabiq MTN-çilərdən bir qismi artıq azadlığa buraxılıb. 2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …