Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / MSK daha 4 seçki məntəqəsinin nəticəsini ləğv etdi

MSK daha 4 seçki məntəqəsinin nəticəsini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məmmədov Anar Sədrəddin oğlu və digərlərinin müraciətinə baxılıb.

Müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçilər səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı şikayətçinin təqdim etdiyi 5 protokoldan yalnız 31 saylı məntəqəyə aid olan protokolda uyğunsuzluqların olduğu müəyyən edilib. Bu səbəbdən həmin məntəqənin nəticələri ləğv edilməlidir”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, 1, 4, 6 saylı məntəqələrdə pozuntular var və onlar da ləğv olunmalıdır.

Beləliklə MSK 1, 4, 6, 31 saylı məntəqələrin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

*   *   *17:12

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızının (Aygün Muradxanlı) müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, namizəd A.Süleymanlı müraciətində sözügedən dairədə səsvermə günü seçki pozuntularının qeydə alındığını iddia edib və dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.

Komissiya həmin müraciətlə əlaqədar olaraq araşdırmalar aparıb.

Qeyd olunub ki, araşdırma zamanı müraciətdə qeyd olunan hallar öz əksini tapmayıb.

İclasda 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Aygün Muradxanlının müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

*   *   *16:36

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məmmədov Əbil Abbas oğlu tərəfindən göndəriləb müraciətə baxılıb.

Müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçinin müraciəti araşdırılan zaman həmin dairənin 18 və 38-ci məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanıb.

A.Muxtarova təklif edib ki, bu səbəbdən həmin məntəqələrin nəticələri ləğv edilməli və şikayət qismən təmin edilməlidir.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

*   *   *16:06

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

İclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …