Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Modelyerdən tanınmış xanımlara irad: “Telli Borçalını əlimə versələr…”

Modelyerdən tanınmış xanımlara irad: “Telli Borçalını əlimə versələr…”

Modelyer Şəlalə Maqsudova həmkarlarının ona yaratdığı əngəllərdən danışıb.

Musavat.com saytının suallarına cavab verən modelyer bunun səbəbini bilmədiyini deyib: “Ilk modelyerəm ki, kolleksiyamı klip şəklində təqdim etmişəm. Mən hər zaman ilklərə imza atmışam. Başqa modelyerlərin edə bilmədiyini mən etmişəm. Bunlar böyük zəhmətin hesabına ərsəyə gəlib. Hər işim bir inciklikdən yaranıb. Yolumu kəsənlər, mənə manelər törədənlər çoxdur. Bu nüanslar məni incidir, qəlbimi qırır. Mən də incikliklərimi dillə yox, gözəl işlə göstərirəm. Mənim qabağa getməyimdə yolumu kəsənlərin rolu böyükdür. Onlara təşəkkür edirəm. Onlar olmasa, bu qədər gözəl işlər ərsəyə gətirmərəm”.

– Sizə niyə əngəl törədirlər?

– Səbəbini bilmirəm. Hər zaman istəmişəm ki, soruşum, amma sonra fikrimi dəyişmişəm. Onlara qarşı heç vaxt pis niyyətdə olmamışam.

– Son zamanlar modelyerlər müxtəlif dəfilələrə qatılaraq kolleksiyalarını nümayiş etdirirlər. Siz niyə kənarda qalmısınız?

– Hazırda pulun varsa, tanınmaq çox asandır. Gündə bir modelyer peyda olur, gündə bir moda evi, butik açılır. Onların savadı olmasa da, pul gücünə qabağa gedirlər. Pulun varsa, zaman sənin lehinə işləyəcək. Mən isə hər şeyi öz gücümə edirəm. Pulu olmayan modelyerlər isə illərini itirib, müəyyən yaşa çatandan sonra sözlərini deyə bilirlər. Mənimkilərin möhrü möhkəm olur. Mən öz gücümə bu pilləyə gəlib çıxmışam.

– Sizcə, dəblə, yoxsa zövqlə geyinmək vacibdir?

– Modanı izləmək gözəldir. Dəb də aşırı dərəcədə olanda eybəcərlik ortaya çıxır. Dəblə ayaqlaşanda əndazədən çıxmamalısan. Qadınlar dəb arxası ilə qaçmasınlar, onlara yaraşanı geyinsinlər. Kilolu xanımlar geyim seçərkən daha diqqətli olmalıdırlar. Kilolarını bəlli etməyən libaslar geyinməlidirlər.

– Sənət adamlarının geyimlərini necə qiymətləndirirsiniz? Onlar zövqlü və dəbli geyinirlər?

– Sənətdə elə xanımlar var ki, illər öncə çox zövqsüz geyinirdilər, indi isə dəbli və zövqlüdürlər. Bu, inkişafdır. Zövqsüz geyinənlərimiz daha çoxdur.

– Zövqlü müğənnilərimiz kimlərdir?

– Röyanın geyimlərini dəstəkləyirəm. Çox zövqlü xanımdır. Bəlkə də bədəni incə olduğu üçün geyimləri gözəl daşıyır. Nura Suri, Günay İbrahimli də gözəl geyinən xanımlarımızdandır. Zövqsüzlər isə çoxdur.

– Ad çəkə bilərsiniz?

– Əlbəttə. Telli Borçalını əlimə versələr, onu başdan-ayağa dəyişərəm. Düzdür, heç vaxt sənətçilərə işbirliyi təklif etməmişəm. Bu, mənim xasiyyətimdə yoxdur. Amma Telli xanım özü müraciət etsə, onun tərzini dəyişərəm.

– Bəlkə də, bu xüsusiyyətinizə görə həmkarlarınıza nisbətən kənarda qalmısınız?

– Mən özümü gözə soxmağı sevmirəm. İstəyirəm, işlərimi gündəmə gətirim. Bu istəyim hər zaman alınmasa da, sonda istəyimə çatıram.

– Bir az da modelyerlərin geyimlərinə toxunaq. Bəzən ölkənin tanınmış modelyerləri elə zövqsüz geyinir ki, insan təəccüblənir…

– Mən də fikir vermişəm. O modelyerləri qınamıram. Onların dəbdən anlayışı olsa da, öz bədənlərini tanımırlar. Insan bədəninə yaraşanı geyinməlidir.

Həmçinin oxuyun

Azərbaycanda məşhur həkim itini axtarır – TAPANA VƏD VERDİ

Azərbaycanda məşhur cərrah bahalı itini axtarır. Unikal.org-un əldə etdiyi məlumata görə, ATU-nun Tədris Cərrahiyə Klinikasının həkimi …

Bir cavab yazın