Ana səhifə / Aktual / Mobil rabitədə düyünə düşən endirim…

Mobil rabitədə düyünə düşən endirim…

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarda danışıq və digər xidmətlərin qiymətlərinin ucuzlaşacağı ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı dəfələrlə mətbuata açıqlamalar versə də, hələ də real addımlar atılmayıb.

Nazir Əli Abbasov aprel ayında jurnalistlərə açıqlamasında bildirmişdi ki, mobil xidmətlərin ucuzlaşması üçün ilk növbədə operatorlar arasında olan tənzimləmə funksiyaları daha da sadələşdirilməlidir. Onun sözlərinə görə, yaxın vaxtlarda bütün mobil operatorlar arasında olan mübadilənin qiyməti 3 qəpiyə endiriləcək: “Bu, mobil xidmətlərin qiymətlərinin düşməsi üçün yeni şərait yaradacaq. Tənzimləmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bunlar da imkan verir ki, mobil operatorlar qiymətləri salsınlar. Amma nəzərə almaq lazımdır ki, mobil xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənmir və rəqabət əsasında formalaşır.
Son zamanlar mobil operatorlar müxtəlif kampaniya və tariflər təqdim etsələr də, araşdırma zamanı şahid olduq ki, əslində onların tarifləri arasında böyük fərq yoxdur. Belə ki, operatorlarda sərbəst tarifdə danışıq qiymətləri çox bahadır.

“Bakcell” – şəbəkədaxili zəng 6 qəpik, şəbəkəxarici 12 qəpik

“Bakcell”də heç bir kampaniyaya daxil olmadan, tarif seçmədən danışan zaman şəbəkədaxili zənglər üçün 6 qəpik, şəbəkəxarici zənglər üçün isə 12 qəpik ödəmək lazımdır. Şəbəkədaxili daha çox danışanlar, bir nəfərlə daha çox danışanlar, bütün istiqamətlərə çox zəng edənlər və s. xüsusiyyətlərə görə müxtəlif kampaniyalar mövcuddur. Bu zaman həmin xüsusiyyətə görə sərfəli tarif təklif edilsə də, digər formalarda qiymətlər daha yüksək başa gəlir. Məsələn, çox danışan abunəçilər üçün 1 saatı 7 qəpik tarifi var. Lakin bu tarifdə 1 saniyə də danışsan 7 qəpik ödəmək məcburiyyətindəsən.
“Bakcell”in bütün istiqamətlərə çox danışan abunəçiləri üçün təklif etdiyi “Klass” tarifləri var ki, bütün abunəçilər bundan istifadə edə bilərlər. “Klass-L” tarifində hər ay ölkədaxili 100 dəqiqə, 100 SMS və 100 MB internet verilir. “Klass-XL” tarifində isə 10 manata 250 dəqiqə ölkədaxili danışıq, 250 SMS və 250 MB internet verilir. “Klass-XXL” tarifində isə bu rəqəmlər 750-dir.
“Bakcell”in regionlar üçün təqdim etdiyi “Doğma Cin” tarifi Bakı, Sumqayıt və Abşeronda yaşayan abunəçilər üçün təklif edilənlərdən daha sərfəlidir. Bu tarifdə Bakcell nömrələrinə zəngin dəqiqəsi 2 qəpik, Azərbaycan daxilində bütün digər nömrələrə dəqiqəsi 4 qəpik təşkil edir.

“Azercell”də şəbəkədaxili zəng 7, şəbəkəxarici 14 qəpik…

Eyni vəziyyət “Azərcell” üçün də keçərlidir. Hətta burada daha yüksək qiymətlərlə rastlaşırıq. Əgər bütün istiqamətlərə eyni qiymətlə danışmaq istəsən, hər dəqiqə üçün 10 qəpik ödəməlisən. “Bizimkilər” tarifində şəbəkədaxili 7 qəpik olsa da, şəbəkəxarici zənglər 14 qəpiyə başa gəlir. Digər tariflərdə də təxminən oxşar qiymətlərlə rastlaşırıq.

“Azercell”in son təqdim etdiyi “Azercellim” tarifi nisbətən sərfəli görünür. Şəbəkədaxili zənglərin 1 dəqiqəsi 4 qəpik, şəbəkəxarici zənglərdə isə 6 qəpikdir. 1 SMS – 3 qəp, 1 MMS – 10 qəp, 1 MB internet isə 40 qəpikdir. Lakin bu tarifdə hesablama intervalı 1 dəqiqə götürülür ki, bu zaman abunəçi 1 saniyə üçün də 1 dəqiqənin pulunu ödəmək məcburiyyətindədir.

Bakıdan fərqli olaraq əyalətlər üçün təqdim olunan “Bölgəm” tarifi nisbətən sərfəlidir. Bölgələrdə ölkədaxili zənglərin bir dəqiqəsi 5 qəpik, 1 SMS – 3 qəp, 1 MMS – 10 qəp, 1 MB internet isə 40 qəpikdir. Üstün cəhət isə ondan ibarətdir ki, 3-cü dəqiqədən sonra bölgələrdə danışıq pulsuzdur. Pulsuz danışıq şəbəkədaxili zənglərə aiddir. Hər zəngin maksimal müddəti 40 dəqiqədir. Lakin bölgə tarifinin istifadəçiləri üçün Bakı və Abşeronda danışıqlar 1 dəqiqə =10 qəpik tarifi ilə hesablanır.
Fakturalı xətt abonentləri üçün isə tarif paketlərində hər ay abonentlərə müxtəlif həcmli danışıq və internet paketləri təqdim edilir. Abunə haqqı təqdim edilən danışıq dəqiqələrinə, SMS sayına və internet paketinə görə dəyişir. Ümumi götürsək, danışıq qiymətlərinin fərqinin elə də çox olmadığını görmək olar.

Digər mobil operator olan “Nar”ın qiymətləri daha cazib görünür. Belə ki, burada çox yüksək məbləğli paket almadan da hər tərəfə aşağı qiymətlərlə danışmaq mümkündür. Məsələn, “Unikal” tarifi ilə ölkədaxili bütün istiqamətlərə danışığın qiyməti 4 qəpikdir.

Xarici ölkələrdə danışıq qiymətləri

Mobil operatorlarımızın tarifləri bir-biri ilə müqayisədə ucuz hesab edilə bilər. Ancaq xarici ölkələrin təcrübəsinə baxsaq, bu rəqəmlərin həddən artıq yüksək olduğunu görə bilərik.
Almaniyada operatordan asılı olaraq 22-29 avro ödəməklə bir ay ölkə daxili bütün istiqamətlərə limitsiz danışıq imkanı əldə etmək mümkündür. Bu zaman bir neçə tarif paketi təklif edilir. Paketlərin fərqliliyi internet trafiki, SMS-lərə və digər operatorlara zənglərlə bağlıdır. Müştəri öz seçimi ilə digər operatorlardan biri ilə pulsuz danışıq əldə edə bilər. Maksimum 30 avro civarında olan bu danışıq paketi Azərbaycan qiymətləri ilə müqayisədə çox görünə bilər. Amma nəzərə alsaq ki, Almaniyada minimum əmək haqqı hər saata 8,50 avro, yəni aylıq təxminən 13600 avrodur. Azərbaycanda 105 manat minimum əməkhaqqı olduğu halda, 1500 manat minimum maaş alan ölkə əhalisi üçün bu qiymət ucuz sayılır.

Yaxud qonşu Türkiyədə mobil operatorlar rəqabət mühitində bir-birindən daha sərfəli danışıq paketləri təqdim etməklə abunəçiləri özlərinə cəlb edirlər. Bu ölkədə şəbəkədaxili və şəbəkəxarici kifayət qədər danışıq, SMS və mobil xidmətlərdən istifadə etmək ayda 27-39 lirəyə, təxminən 10-15 manata başa gəlir.

Dünyada ən ucuz mobil rabitə xidmətləri olan ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). ABŞ-da həm ölkədaxili, həm də beynəlxalq zənglərə görə də cüzi ödəniş edilir. Bu ölkədə mobil internetin və SMS-lərin qiyməti başqa ölkələrə nisbətən daha ucuzdur. Əksər operatorlar aylıq bir neçə dollar müqabilində limitsiz danışıq təqdim edir. Beynəlxalq zənglərin qiyməti isə seçdiyin paketdən asılı olaraq bir dəqiqəsinə görə 1 sent də təşkil edə bilər. Azərbaycanda mobil telefonla danışığın qiyməti hər dəqiqəsinə görə təxminən 0,10, hətta 0,12 dollar olduğu halda, Özbəkistanda bu göstərici 0,02 ABŞ dollarına bərabərdi. Belarusda 0,08 dollar, Ukraynada 0,07 dollar, Tacikistan və Qırğızıstanda isə 0,05 dollardır.

Bəxtiyar Hacıyev: “Bu sahədə monopoliya qüvvədədir”

İnformasiya texnologiyaları sahəsində çalışmış, ictimai fəal Bəxtiyar Hacıyev Bizimyol.info saytına açıqlamasında bildirir ki, Azərbaycanda mobil danışıq tariflərinin kifayət qədər baha olmasına şahid olmaq üçün, “Azercell” ilə eyni qrupa daxil olan və digər postsovet ölkələrində fəaliyyət göstərən operatorların, məsələn, “Geocell” və “Moldcell”in tariflərinə, kampaniya qiymətlərinə, mobil internet tariflərinə baxmaq və onları müqayisə etmək kifayətdir. “Məsələn, Moldovada fəaliyyət göstərən “Moldcell” təxminən 2 manatlıq ödəmə ilə öz abunəçilərinə ay ərzində şəbəkədaxili 1000 dəqiqə pulsuz danışıq təklif edir. Yaxud təxminən 6 AZN ödənişə şəbəkədaxili limitsiz, digər şəbəkələrə isə 300 dəqiqə pulsuz danışıq təklif edir. Bundan başqa, internet paketlərinin, yaxud rominq xidmətinin qiymətlərini də müqayisə edəndə görürük ki, Azərbaycan mobil operatorları ilə digər ölkələrdəki mobil operatorların qiymətləri arasında çox ciddi fərq var.

Halbuki, həm abunə sayına, həm mobil xidmətlərə tələb baxımından, “Azercell” başda olmaqla, digər mobil operatorlarımız daha fərqli mövqedə olmalı idi. Əgər hətta Rabitə və yüksək texnologiyalar naziri də qiymətlərin ucuzlaşması ilə bağlı mobil operatorlara çağırış edirsə və bu baş vermirsə, deməli, qiymətlərin ucuzlaşmaması mobil operatorların öz maraqlarında deyil. Onlar daha ucuz qiymətlərlə rəqabət apararaq daha çox abunə ilə daha çox danışıq və daha çox gəlir əldə etmək əvəzinə, yüksək qiymətlərlə, daha az abunə və daha çox gəlir götürmək istəyirlər. Yəni burada bir növ monopoliya qüvvədə saxlanılır və mobil operatorların abunələri yüksək qiymətlərə görə danışıqlarını qısa etməyə məcbur olurlar, yaxud normal danışıq üçün daha çox ödəniş etməyə gedirlər. Bu isə, xidmətin keyfiyyətinin artırılması, rəqabət, vətəndaşın rahatlığı yox, yüksək qiymət hesabına gəlir əldə edilməsi məqsədi daşıyır” – deyə B.Hacıyev bildirdi.

Müşfiq Əmirov: “Qiymətlərinin aşağıya salınması üçün nazirlik tərəfindən məsələ qaldırılıb”

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov məsələ ilə bağlı bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən mobil operatorlarının qarşısına əhaliyə göstərilən mobil xidmətin keyfiyyətinin artırılması ilə bağlı mühüm şərtlər qoyulub. “Təbii ki, bu şərtlər sırasında danışıq qiymətlərinin aşağı salınması da nəzərdə tutulur. Ümumiyyətlə, qarşıya qoyulan şərtlər yerinə yetirilməsə, mobil operatorların lisenziyalaşdırılmasında onlar üçün problem yarana bilər” – nazirin müşaviri anspress-ə bildirib.

Onun sözlərinə görə, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlib-yüksəlməməsini yoxlamaq üçün vaxtaşırı monitorinqlər keçirilir. Həm yerli, həm də xaricdən bu işi mükəmməl bilən mütəxəssislərin iştirakı ilə monitorinqlər aparılır. İldə 2-3 dəfə belə monitorinqlər təşkil olunur.
M.Əmirov mobil danışıq qiymətlərinin başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olmadığını deyib: “Azərcell”in elə paketləri var ki, Rusiya, Gürcüstan, Türkiyə və başqa ölkələrlə müqayisədə ucuzdur. Amma danışıq qiymətlərinin aşağıya salınması üçün nazirlik tərəfindən məsələ qaldırılıb və yəqin ki, mobil operatorlar bu məsələni nəzərə alacaqlar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın