Ana səhifə / Aktual / MMX -nı ödəməməyin 5 effektiv yolu: Daşdan keçən səbəblər

MMX -nı ödəməməyin 5 effektiv yolu: Daşdan keçən səbəblər

Bu gün bir çox sürücülər MMX-nın olmasından şikayət edir. Əslində şikayət edəcəkləri ilk şəxs özləridir ki, qaydaları pozublar. Lakin elə məqamlar var ki, həmin an MMX-nı ödəməyə bilərsən.

Bəli, MMX-nı ödəməmək olar . Lakin bunun üçün əlverişli şərait olmalıdır. Elektron protokolun cəriməsini  DYP inspektorunun bəzən məsuliyyətsizliyi ucbatından da ödəməmək olar. Vaxt itirmədən başlayaq.

  1. MMX-nın çatdırlmaması.  Bu zaman siz hətta qüvvəyə minmiş protokolu ləğv etdirib onu ödəməyə bilərsiniz. Bu necə olur ? Siz MMX-a düşürsünüz ,sizə SMS gəlir vəssəlam. Sonra öyrənirsiniz ki, elektron kabinetinizdə cərimə var, hələ üstəlik ona bir faiz də əlavə edilib. Siz bu MMX-nı ödəməyə bilərsiniz və hətta ləğv də etdirə bilərsiniz. Proses çox sadədir. İXM-nin 125.2.3-cü maddəsində deyilir: inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.

Gün kimi aydındır. Sizin ünvana məktub gəlməsi mütləqdir. Məktub göndərmədən cəriməni sistemə vurulması qanunsuzdur və bu protokol ləğvə məhkumdur. Əgər avtomobili etibarnamə ilə edirsinizsə, bir az əziyyət çəkməli olacaqsınız. Siz DYP-dən məktubu hansı ünvana gödnərməsi haqqında və bu sənədin qəbul edilib edilməməsi haqqında məılumat aldıqdan sonra hərəkətə keçə bilərsiniz. Çünki “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat” var. Bu təlimatda göstərilib ki, sənəd ünvana göndəriləndə onun haqqında mütləq eydiyyat aparılmalıdır. Sənəd hara gedib, kim qəbul edib və s.

3-1.6. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemindən ərazi DYP hissələrinə daxil olmuş elektron sənədlər (protokol və xüsusi texniki vasitənin görüntüləri) kağız daşıyıcıya köçürülür (çap edilir), ardıcıl nömrələnmiş müşayiət məktubunda işə baxılması yeri, tarixi və saatı göstərilməklə ünvan sahibinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir və bu məqsədlə ayrılmış xüsusi jurnalda (Təlimata 14 nömrəli əlavə) müvafiq qeydlər aparılır.

3-1.7. Sənəd səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verildikdə sənədin kötüyünə (Təlimata 15 nömrəli əlavə) imza etdirilməklə vəzifəli şəxsə qaytarılmalıdır.

3-1.8. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, yerli icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.

3-1.9. Sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində səlahiyyətli vəzifəli şəxsə xəbər verməlidir.

Əgər təlimatda göstərilən kimi sənəd göndərilməyibsə və cəriməni sənəd göndərilmədən sistemə vurublarsa, o. protokolu ləğv etdirə və ödəməyə bilərsiniz.

 2. MMX-nın vaxtında sistemə vurulmaması.

Bu səbəbdən dolayı da MMX-nın ödəməyə bilərsiniz. İlk olaraq onu deyim ki, qanuna əsasən sistemə cərimə vurulması müddətlərinin sayı ikidir. Cərimənin sistemə vurulması müddəti qərarlı və ya qərarsız fərq etməz 1 aydır. Çünki İXM-nin 38.6.maddəsində deyilir . Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu nə deməkdir ? Qərarlı və ya qərarsız cərimə 1 ay rəzində elektron kabinetə yerləşdirilməlidir. Ona görə asanpay.az və ya E-xidmet.mia.gov.az saytında MMX-nın yerlışmə tarixinə baxın. Törədildiyi tarixdən 1 gün keçsə belə dərhal bu MMX-nı ləğv etdirə bilərsiniz. O zaman MMX-nı ödəməyəcəksiniz. Sadəcə tarixləri diqqətlə izləyin. Cəriməni 1 ay ərzində elektron kabinetə vurulubsa, o zaman bu cəriməni ödəməməyin ikinci şansı yaranır.  Bu müddət bir ildir. Cərimə sistemdədir və qarşısında qərarsız yazılıb. Və sizin  ünvana məktub gəlməyib. Bəli, siz online qaydada qərarı məktub gəlmədən ödəyə bilərsiniz. Lakin ödəməsəniz sizə zaval yoxdur. Qərarsız cərimənın qərarı 1 il ərzində verilməlidir.  

İXM-i  Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə

38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Pozuntunu  törətməyinizdən 1 il ərzində qərar verilməzsə, bu zaman siz MMX-nı ödəməyə bilərsiniz.

3. Keçən ilin cərimələri

Burada da ikinci bəndin maddələri keçərlidir. Bəzən sürücüləri yolda saxlayıb deyirlər ki, “keçən il cərimən olub onu mütləq ödəməlisən”. Halbuki,qanun bunu istisna edir. Əvvəla onu qeyd edək ki, keçən il İXM-nə görə qərar verilmə müddəti 2 ay idi. Bu o deməkdir ki, tutaq 2015-ci ilin avqust ayında qayda pozmusunuzsa, onun qərarı 2 ay ərzində verilməyibsə, deməli 2016-nın dekabrında onu tələb etmək qanunsuzdur. Və ya 2 ay ərzində sizi tapa bilməyiblər və bu zaman inzibati işin axınının 1 illik dayandırılıb deyirlərsə, o zaman inzibati işin axınının dayandırma səbəbini göstərməklə həmin sənədi tələb edin. Həmin sənəd yoxdursa, yenə cəriməni sizdən tələb edə bilməzlər. Tutaq ki, həmin sənəd var və axının müddətindən 1 il keçib. Yenə MMX-nı sizdən tələb edə bilməzlər. Bu halda saytımızdan vaxtı keçmiş MMX-larla bağlı məktub formasını yükləyib ,cərimənin sistemdən silinməsini təmin edə bilərsiniz.

4. Postda saxlayıb tələb edəndə.

Bu halı adətən cənub rayonlarlna getdikdə və Gəncə şəhərinin girişində yerləşən postda müşahidə edə bilərsiniz. Siz gedirsiniz, sizi postda saxlayıb şəkil göstərirlər və deyirlər ki, “burada ödə”. Və ya MMX-nız var və sizi postda saxlayıb deyirlər ki, “mütləq burada ödəməlisiniz”. Ödəməyə bilərsiniz. Birinci halda inzibati xəta xüsusi texniki avdanlıqlarla aşkara çıxarılıbsa, onu postda saxlayıb yerində nəinki tələb etmək,heç bir halda rəsmiləşdirə bilməzlər. Bu MMX mütləq ünvana göndərilməlidir. İXM 122.1. Bu Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Və ya sistemə düşən amma qərarı verilməyən cərimənin yerində tələb edilməsi. Bu da qanun pozuntusudur. Bu halla bağlı maddələri yuxarıdakı bəndlərdə göstərmişik. Həmçinin əlavə olaraq bunu da bilməlisiniz ki, İXM 125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

5. Qaydanı pozmamaq.

Məncə MMX-nı ödəməməyin əsas bəndi budur “Qayda pozma”, yazılmasın və cərimə olunma ki, sonra ödəməmək haqqında düşünəsən. Bəli, siz qayda pozursunuzsa, onu mütləq qanuna uyğun şəkildə rəsmiləşdirməlidirlər. Lakin əsas məsələ: Nə üçün qaydanı pozursunuz? Verilib 60 sürət nə üçün 100 gedirsiniz ? Hadisə baş verdikdə əmin olun ki, qarşılaşacağınız problemlər ödədiyiniz cərimələrdən daha böyük olacaq.

Uğurlar

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …