Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Misir Mərdanov təhsil adamıydı, amma ondan əvvəl və sonra olanlar…” – Sabiq nazir problemləri açıqladı

“Misir Mərdanov təhsil adamıydı, amma ondan əvvəl və sonra olanlar…” – Sabiq nazir problemləri açıqladı

Mediada, ictimaiyyət arasında ən çox müzakirə edilən məsələlərdən bəlkə də birincisi təhsillə bağlı problemlər olub. Bəzən, istər orta ümumtəhsil müəssisələrində, istərsə ali təhsil ocaqlarında tədrisin keyfiyyəti ilə bağlı birmənalı olmayan fikirlər səslənir. Sosial şəbəkələrin inkişafı isə bu müzakirələrin yayım sürətini artırıb. Etiraf edək ki, bu gün sosial şəbəkələrdə təhsil sistemi ilə bağlı daha çox neqativ fikirlər oxuyuruq.

Ümumiyyətlə, son illər ərzində Azərbaycan təhsil sisteminin əsas çatışmazlığı nə oldu? Dünya təhsilinin inkişaf tempinə nə dərəcədə ayaqlaşa bildik? Bu tempdən geri qalmamıza əsas səbəb olan hansı qabarıq qüsurlar var?

Moderator.az xəbər verir ki, sabiq təhsil naziri, professor Firudin Cəlilov AzEDU-ya açıqlamasında təhsillə bağlı bəzi iradlarını bildirib, yuxarıda sadalanan məsələləri cavablandırıb:

“Bu illər ərzində təhsil diqqətdən kənarda qaldı. Halbuki, ən çox investisiya qoyulası sahə elə təhsil idi. Təhsilə bir il diqqət ayırmasan, 3-4 ildən sonra mənfi nəticəsini mütləq görə bilərsən. Bu mənada, təhsilə gərək, hər zaman qayğı olsun. Dünyada elm, texnologiya inkişaf etdikcə, təhsildə də dəyişikliklər aparmaq lazımdı. Proqramlar yenilənməli, təhsil prosesi çağdaş inkişafla ayaqlaşmalıdı. Məhz ayaqlaşa bilmədiyi üçün bizim çağdaş təhsil sistemimizdə problemlər yaranır. Bir də başqa səbəb var: sabiq nazir Misir Mərdanov təhsil adamıydı, amma ondan əvvəl və sonra olanlar isə təhsillə əlaqələri olmayanlar idi. Bunun da təsiri oldu”.

Sabiq nazir təhsildəki əsas qüsurlar kimi bunları sadalayır:

“Təhsil müxtəlif həlqələrdən ibarət zəncirvari sahədir. Onun bütün həlqələrində islahatlar aparmaq lazımdır: uşaq bağçasından tutmuş akademiyaya qədər, hər yerdə! Təhsil müəssisələrinə müstəqillik vermək gərəkir. Dərsliklər yenilənməli, proqramlar təzələnməli, kadrlar ələnməlidir. 70-80 yaşında olan müəllim çağdaş dövrün tələbi ilə ayaqlaşa bilmir. Bu tələblərə cavab verəcək müəllim kadrları hazırlayan bazalar olmalıdır. Bir sözlə, problemlər çoxdu, özü də həddindən artıq”.

firudin.jpg

Professor yerli universitetlərin dünya təhsil sistemi içərisində zəif nəticə göstərmələrinin əsas səbəbi kimi aşağıdakıları vurğulayaraq, bəzi lazımı islahatların aparılmalmasının vacibliyini qeyd edir:

“Universitetlərə sərbəstlik vermək lazımdı ki, özü öz işini qursun. Amma Təhsil Nazirliyi inzibati orqan kimi inkişafa rəvac verməkdənsə, onun qarşısını alır. Universitetlər müstəqil olsa, öz proqramlarını özü hazırlayar, qəbul planını özü müəyyənləşdirər. Belə olmasa, oradakı tədris effekt verə bilməz. Amma bunların hamısı yuxarıda oturan məmurlar müəyyənləşdirir deyə, uyğunsuzluq yaranır. Universitetlərin imkanı olmur ki, özü-özünü tənzimləyib, qüsurlarını düzəltsin. Yuxarıdan proqram verilir ki, məhz bununla keçin”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …