Ana səhifə / Aktual / Mirzə Cəlilin məşhur “Dəli yığıncağı” tragikomediyası tamaşaya qoyulur –Kişi obrazını qadın aktrisa oynayacaq

Mirzə Cəlilin məşhur “Dəli yığıncağı” tragikomediyası tamaşaya qoyulur –Kişi obrazını qadın aktrisa oynayacaq

Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası səhnəyə qoyulur.Əsər Mirzə Cəlilin 150 illik yubileyinə həsr edilib. Tamaşaya,uzun fasilədən sonra Akademik Milli Dram Teatrına dəvət olunan tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək.
Əsərin rol bölgüsü və aktyorların seçimi artıq başa çatıb. Tamaşada Fazil Küleyni surətini xalq artisti Nurəddin Mehdixanlı, Molla Abbas- əməkdar artist Elşən Rüstəmov, Pırpız Sona- əməkdar artist Vəfa Rzayeva ifa edəcək. Ümumilikdə yeni “Dəli yığıncağı”na 30-dək aktyor cəm olub.
Əsərin tarixində ilk dəfə olaraq, Doktor Lalbyuz obrazını qadın aktrisa canlandıracaq. Bu obraza yeni səhnə həyatı bəxş etmək, əməkdar artist Sənubər İsgəndərlinin payına düşüb. Gözəl aktrisamızın yaradacağı Lalbyuz xüsusi marağa səbəb olacaq. Qeyd etdiyim kimi tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı Siyavuş Kərimi, səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.
Aprelin 16-dan məşqlərinə başlanılacaq tamaşanın rejissoru, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Open.az-a özəl açıqlama verib.
Tanınmış rejissorun sözlərinə görə, Mirzə Cəlilin 150 illik yubileyi münasibətilə hazırlanan tamaşanı ərsəyə gətirmək çətin olduğu qədər də şərəflidir: “Məşqlərə hələ təzə başlayıram. Təbii ki, çətindir. Adətən hər hansı bir pyes üzərində xeyli müddət çalışıram. Elə əsərlər olub ki, üzərində yaradıcılıq işi aparıb, sonradan vaxta-zamana görə hazırlamamaq qərarı vermişəm. Hazırki məqamda vəziyyət belədir ki, Gənc Tamaşaçılar Teatrı ilə paralel məşqlər aparıram. Gənc Tamaşaçılar Teatrında “Varislər”əsərinin məşqləri gedir. Milli Dram Teatrında isə “Dəli yığıncağı”na start verilir. Milli Dram Teatrına Azərpaşa Nemətin dəvəti ilə gəlmişəm. Cəlil Məmmədquluzadəni hər birimiz sevməyə borcluyuq. Mirzə Cəlilin əsərləri daimi olaraq Azərbaycan səhnəsində oynanılmalıdır. Mənim rejissor taleyimdə Mirzə Cəlilə müraciətim ilkdir. Hər zaman ürəyimdə bir qorxu olub. Çünki böyük məsuliyyətdir. Düzdür, Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə müxtəlif əsərlərini hazırlamışıq. Amma böyük səhnədə ilk dəfədir ki, Mirzə Cəlilə müraciət edirəm.Mənə belə gəlir ki, hər bir əsərin müəllif tərəfindən açılış kodu var. Amma Mirzə Cəlil dramaturgiyasına müraciət edən hər rejissor yozumu müxtəlif cür görür. 10 gündür ki, əsər üzərində çalışıram, hələlik həmin kodları açmaqla məşğulam. Hər şey kollektivlə ünsiyyətdən asılıdır. İnşallah, əsəri iyunun əvvəlində təhvil verməyi düşünürəm”.
Bəhram Osmanov əlavə edib ki, “Dəli yığıncağı”nın tarixində ilk dəfə olaraq Lal Byuz surətini qadın aktrisa canlandıracaq: “Lal Byuz həm qadın, həm də kişi ola bilər. Ümumiyyətlə bu, mücərrəd obrazdır. Hələlik ki, düşünürəm. İnanıram ki, hər şey yaxşı alınacaq”.
Xatırladaq ki, Cəlil Məmmədquluzadənin”Dəli yığıncağı” tragikomediyasını 1926-1927-ci illərdə qələmə aldığı deyilsədə, görkəmli teatr rejissoru, xalq artisti Mehdi Məmmədovun televiziyada olan çıxışında əsərin 1923-cü ildə yazıldığı vurğulanıb. Mehdi Məmmədov quruluş verdiyi “Dəli yığıncağı” tamaşası haqqında danışarkən bildirib ki, “Tragikomediya 1923- cü ildə yazılıb və 60 il səhnə üzü görməyib. Yalnız 1977-ci ildə Akademik Dram Teatrının səhnəsində tamaşaya quruluş verilib”.
Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fondu”nda “Dəli yığıncağı” tamaşası illərdir qorunub saxlanılır. Tamaşa 1978-ci ildə lentə alınıb. Mehdi Məmmədovun 42 il əvvəl dahiyanə quruluş verdiyi tamaşada Akademik Teatrın görkəmli səhnə xadimləri çıxış edib. Səməndər Rzayev, Şəfiqə Məmmədova, Hamlet Qurbanov, Hamlet Xanızadə, Mikayıl Mirzə, Yaşar Nuri, Ramiz Məlikov, Rafiq Əzimov, Hacı İsmayılov, Məmmədrza Şeyxzamanov, İsmayıl Osmanlı, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli və daha kimlər… kimlər…
Əsərin səhnə taleyində növbəti tamaşa 2015-ci ildə Gəncə Dövlət Dram Teatrının hazırladığı “Dəli yığıncağı”dır. Tamaşaya teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. İradə Gözəlovanın quruluş verdiyi tamaşa maraqlı səhnə həlli ilə yadda qalıb.
2019-cu il Cəlil Məmmədquluzadənin yubiley ilidir. Məhz, bu il uzun zaman Akademik Dram Teatrının səhnəsində oynanılmayan “Dəli yığıncağı” tamaşasının repertuara salınması və Bəhram Osmanovun quruluşunda yenidən səhnəyə gətirilməsi çox təqdirəlayiq haldır.(Open.az)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …