Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Mirqədirov 8 aydan sonra kapsuldan çıxdı

Mirqədirov 8 aydan sonra kapsuldan çıxdı

ABŞ-ın Havay ştatında, Muna-Loa vulkanik dağının yamacında, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə  8 ay bundan qabaq yerləşdirilmiş kapsulun qapağı açılıb və Marsa uçuş missiyasını araşdırmaq üçün kapsula daxil olan alimlər oranı tərk edib.

Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, NASA-nın Hİ-SEAS missiyasında iştirak edən və tərkibində azərbaycanlı Allen (Ələkbər) Mirqədirovun da oduğu qrup həmin müddət ərzində heç vaxt kapsulu tərk etməmişdi.

Məqsəd Marsa təxminən 8 ay davam edəcək uçuş zamanı ekipaj üzvlərinin qarşılıqlı fəaliyyətini araşdırmaq, uçuşun insan psixologiyasına təsirlərini araşdırmaq və qırmızı planetə ən qısa uçuş marşrutunu müəyyən etmək idi.

Missiya ərzində kapsuldakıları kənardan videokameralarla, xüsusi vericilərlə və elektron çəkilişlərlə izləyiblər.

Komandanın üzvü Coslin Dann bildirib ki, 8 aydan sonra ilk dəfə küləyin təsirini dərisində hiss etməkdən zövq alır. O, missiyanın çətin olduğunu bildirsə də uğurla keçdiyini deyib.

Kapsul Mars planetinə mümkün qədər yaxınlıq atmosferi yaratmaq üçün xüsusi olaraq vulkanik dağın yamacında yerləşdirilib.

Havay Universitetinin professoru, layihənin aparıcı təhqiqatşısı Kim Binsted deyib ki, bu missiya Marsa uçuşun astronavtlara necə təsir edəcəyini müəyyənləşdirmək üçün böyük əhəmiyyət kəsb edib.

Missiyanın 6 üzvündən biri olan Allen Mirqədirov ABŞ Hərbi-Hava Qüvvələrinin (HHQ) zabitidir, silahlı qüvvələrdə 10 il xidmət edib, komandanın bort mühəndisi kimi missiyaya daxil olub.

31 yaşlı Allen Bakıda dünyaya gəlib və böyüyüb. 90-cı illərin əvvəllərində – 10 yaşında ikən ailəsi ABŞ-a köçüb. Mirqədirovun NASA-nın Mars missiyasına daxil olması xəbərləri yayılandan sonra onun adı xeyli məşhurlaşdı.

Həmin vaxt Mirqədirov virtualaz.org saytına müsahibə vermiş və özü haqda bunları bildirmişdi: “Mən 1979-cu il, mayın 5-də Bakıda anadan olmuşam. Bizim ailəmiz “8-ci kilometr”də, Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. 1-ci sinifdən 6-cı sinfə qədər 145 nömrəli məktəbdə oxumuşam. Bir bacım, üç qardaşım var. 1991-ci ilin yayında ailəmlə birlikdə Bakını tərk edib ABŞ-a köçmüşük. Burada bir neçə ştatda, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşamışam.

Mənim Bakıda hələ də qohumlarım və dostlarım qalır. Çalışıram hər 1-2 ildən bir onlarla görüşmək üçün Bakıya gəlim.

Təhsilimə gəldikdə isə mən Amerika Hərbi-Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışam.Təhsilimi başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi-Hava Qüvvələrində xidmət etmişəm. 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunmuşam. İndiyə qədər də orada işləyirəm”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın