“İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib”.
Azinforum.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məılumatda bildirilib.
Qeyd olunub ki, Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub:
“Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki,
təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş
dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən
məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin
idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır
bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin
qəzaya uğramasına gətirib çıxarıb.
Bəzi kütləvi informasiya
vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort
qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə
ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız
iddialar yer alıb.
Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı
məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi
laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya
müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan
tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti
barədə tam təsəvvür yaranır.
Bütün bunları nəzərə alaraq, məlum
məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son
qoyulmasını məqsədəuyğun hesab edirik”.