Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Milli Yaylaq Festivalı: ölkəmiz nə qazandı?

Milli Yaylaq Festivalı: ölkəmiz nə qazandı?

Tanrıverdi Mustafayev: “ Festival bizə keçmişimizi xatırlatdı, turistlərə isə tariximizi öyrətdi”; Nəsir Əhmədli: “Müəyyən milli oyunlar, at yarışları nümayiş etdirirdilər”

Azərbaycanda ilk dədə Milli Yaylaq Festivalı keçirildi. İyulun 26-dan 28-nə qədər  Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında təşkil olunmuş ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisindəki yaşayış yurdları (alaçıqlar), “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların marağına səbəb olub.

Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, qədim xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub. Meydana daxil olan çaparların yorğa atlarla çıxışı alqışlarla qarşılanıb.

Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb.

Festival çərçivəsində bir tərəfdə yorğa və çaparaq at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, oxatma yarışları keçirilib, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları – qurşaq, kəndirdartma təşkil olunub.

Festivalın sonunda, iştirakçıların paradından sonra mükafatlandırma olub. Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vurulub. Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, Milli Yaylaq Festivalının təşkilində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarətdir.

Festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilib.

Festivala turistlərlə yanaşı, Azərbaycandan da xeyli sadə vətəndaş, ziyalılar, deputatlar qatılıblar. Bu barədə sosial şəbəkələrdə çoxsaylı statuslar, fotolar paylaşılıb və festivalda yaradılan şəraitdən məmnunluq ifadə olunub.

Tanrıverdi Mustafayev ile ilgili görsel sonucu

Festivalda iştirak edən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu cür  festivalların təşkil edilməsi olduqca əhəmiyyətlidir: “Mən özüm də yaylaqda böyüyüb, başa çatmışam. Orada yaradılan şəraiti çox bəyəndim. Əslində bütün bunlar bizim adət-ənənələrimiz, kökümüzdür. Bizim dədə-babalarımız necə yaşayıblarsa, orada da həmin mənzərəni göstərirdilər. Mənim uşaqlığımda da elə idi. Biz heç bir şeyi pulla almırdıq. Yəni zəhmət çəkirdik, mal-qoyun saxlayıb, əkin-biçinlə məşğul olurduq. Yayda yaylaqlara, qışda qışlaqlara köçürdük. Yaylağa köçən zaman yerin-yurdun qutlu olsun deyirdik. Geri qayıdanda qarın yağı, motal pendiri, motal şoru, mal-qara gətirirdik. Zəhmət çəkirdik, hamısının da bəhrəsini görürdük. Eyni zamanda xalça da toxuyurduq. Qoyunun yununu qırxıb, yuyub əyirirdik. Bütün bunlar hamısı zəhmət, halallıq idi. Yaylaq festivalına da baxan zaman biz bunları görüb, köhnə zamanlara qayıtdıq. Bildik ki, bizim kökümüz haradan gəlir. Zəhmətsevər xalq olaraq hamımız bu cür işləri görürdük. Biz Qaraqoyunlu dərəsindənik və orada 14 kənd olub. Hamımız da bu şəkildə yaşayıb, işləmişik. Bizə ancaq pul avtobusa vermək üçün lazım olurdu. O da rayon mərkəzinə hansısa sənəd və digər bu kimi şeylər üçün gedəndə avtobusa minirdik. Bu baxımdan festivalın əhəmiyyəti böyükdür. Bizə keçmişimizi xatırlatdı, turistlərə də tariximizi öyrətdi”.

Festivalda iştirak edən professor Nəsir Əhmədli ile ilgili görsel sonucu

Festivalda iştirak edən professor Nəsir Əhmədli isə “Yeni Müsavat”a bildirib ki, bəzi çatışmazlıqla olsa da, bütövlükdə festivalı yüksək dəyərləndirir: “Tədbir kimi diqqəti cəlb edir və ilk dəfə idi ki, Azərbaycanda keçirilirdi. Ona görə də düşünürəm ki, tam yüksək səviyyədə keçmədi. Ancaq yaxşıdır ki, müəyyən milli oyunlar, at yarışları nümayiş etdirirdilər. Bundan əlavə də insanlar da bir-biriləri ilə görüşürdülər. Müəyyən sənəd adamları, şairlər ora toplaşmışdılar. Bu mənada festivalı faydalı saymaq olar. Lakin, qeyd etdiyim kimi, çatışmayan tərəfləri də var idi. Bu da düşünürəm ki, ölkədə ilk dəfə keçirilməsi ilə bağlıdır. Fikir var ki, festivalı hər il keçirsinlər. Gələn il baxarıq, görək, necə olacaq. Orada turistlər də var idi, yerlilər də. Dedilər ki, 16 ölkədən turistlər iştirak edir. Mən özüm də hansı ölkədən gəldiklərini bilməsəm də, xeyli turist gördüm”.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …