Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Milli Şuranın mitinqinə icazə verildi – Qarabağ Komitəsindən reaksiya

Milli Şuranın mitinqinə icazə verildi – Qarabağ Komitəsindən reaksiya

Akif Nağı: “Bu sifarişlə, razılıqla əldə olunmuş bir qərardır”

Əvəz Zeynallı: “Nə gözəldir, hakimiyyət onların da mitinqinə icazə verir”

Milli Şuranın yanvarın 19-da “Məhsul” stadionunda Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirəcəyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib. Bu barədə “Yeni Müsavat”a etibarlı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, son aylarda “Məhsul” stadionu mitinq keçirmək istəyən qüvvələrin üzünə qapadılmışdı. Qarabağ Komitəsinin (QK) “Qarabağa azadlıq” şüarı ilə noyabrın 24-nə və dekabrın 15-nə təyin etdiyi iki mitinqə icazə verilməmişdi. Son olaraq, yanvarın 12-də Müsavat Partiyasının aksiyasına icazə verilməyib.

Bütün bunların fonunda Milli Şuranın mitinqinə icazə verilməsi ciddi suallar yaradır.

Image result for akif nağı

Qarabağ Komitəsinin təsisçilərindən olan QAT sədri Akif Nağı bu qərara təəccüblənmir: “Bu qərar məndə təəccüb doğurmur. Çünki son bir neçə ildə belə bir ənənə yaranıb ki, Milli Şuranın əksər müraciətlərinə müsbət cavab verilib. Amma digər qurumların müraciətlərinə mənfi cavab verilib. Bu mənada təəccüb doğurmur ki, bu qərar həmin xəttin davamıdır. Amma digər tərəfdən bütövlükdə sual yaranır ki, bu necə ola bilər. Nə üçün belə bir fərqlənmə ortadadır? Bunun səbəbləri nədir? Hakimiyyətin bu və ya digər qurumlara münasibəti iləmi bağlıdır? Beynəlxalq təşkilatların bu məsələdə rolu varmı? Suallar, şübhələr həddindən artıq çoxdur, cavabı da yoxdur. Hər halda hesab edirəm ki, bu, yaxşı hal deyil. Burada ayrı-seçkilik qoyulursa, düşünürəm ki, bu icazə verilən təşkilatın özünə daha çox ziyandır. Cəmiyyətdə həmin qurum haqqında mənfi fikir yaranır ki, bu sifarişlə, razılıqla əldə olunmuş bir qərardır”.

Image result for əvəz zeynallı

Qarabağ Komitəsinin digər təmsilçisi, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qərarı alqışlayır: “Bu normal bir hadisədir. Necə ki, bizim 29 sentyabr mitinqinə icazə verilmişdi, indi onlara bu cavab verilib. Açığı bu qərarı dəstəkləyirəm. Qoyun mitinq olsun, biz də iştirak edək. Vətəndaş kimi mütləq iştirak edəcəm. Nə qədər kütləvilik olsa, bir o qədər yaxşıdır. Damğa vurmalar, ittihamlar mütləq olacaq. Bizim də mitinqə icazə veriləndə eyni damğaları vurdular, ittiham səsləndirdilər. İndi baxın, nə gözəldir, hakimiyyət onların da mitinqinə icazə verir. Kaş ki, hakimiyyət bütün mitinq keçirmək istəyən qüvvələrə icazə versin. Düşünürəm ki, hakimiyyət bu məsələdə ayrı-seçkilik etməklə çalışır ki, müxalifətdaxili narazılıqlar dərinləşsin. Mən də bundan yana deyiləm”.

Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmadı.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …