Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Milli Məclisdə “əvəzə düymə basma” kimi anormal hallara son qoyulacaq

Milli Məclisdə “əvəzə düymə basma” kimi anormal hallara son qoyulacaq

“Çox təqdirəlayiq haldır ki, bundan sonra bir elə hərəkət bəs edir millət vəkili mandatı ilə vidalaşmalı olsun”

Mehman Muradlı: “Deputatların məsuliyyətini artıracaq bir qanun layihəsidir”

 

Milli Məclisin son iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsini şərh edib.

Ə.Hüseynli bildirib ki, artıq Konstitusiyanın müvafiq 89-cu maddəsində MSK-nın bu kimi funksiyası var: “Məsələn, 89-cu maddənin 4-cü bəndində yer alan deputat fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verildikdə mandatdan məhrum etmə funksiyası MSK-ya aiddir. Ona görə də müvafiq olaraq Konstitusiyanın 6-ci və 7-ci maddələrindəki hallarda – deputatın etik davranış qaydalarını kobud şəkildə pozması və səsvermə hüququnu başqasına verməsi hallarında da MSK-nın mandatdan məhrum etmə funksiyası olacaq”.

Komitə sədri onu da bildirib ki, deputatın mandatdan məhrum edilməsi barədə qərar qəbul olunubsa, ancaq qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz.

Qeyd edək ki, layihəyə əsasən, Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr təklif edilir. Maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi aşağıdakı kimidir:

6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;

7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Məcəlləyə dəyişikliklə bağlı plenar müzakirələr davam edir.

MSK-ya belə bir səlahiyyətin verilməsinə hüquqşunasların münasibəti necədir?

Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, yeni təklifi müsbət qarşılayır: “ Bir çox insanlarda belə təsəvvür var ki, deputatlar ümumiyyətlə toxunulmazdır. Ancaq hazırda qüvvədə olan qanunvericiliyə əsasən də, millət vəkilləri qanun qarşısında məsuliyyət daşıyırlar. Onların hazırda səlahiyyətinə xitam verilməsi proseduru bir qədər mürəkkəbdir. İndiki qanunda bildirilir ki, millət vəkili cinayət başında yaxalanarsa, onun məsuliyyətə cəlb olunması ilə bağlı prokurorluq Milli Məclisə mandatın ləğvi ilə bağlı  müraciət edir. Təqdim olunan dəlillər araşdırıldıqdan sonra belə bir qərar verilə bilər. Bununla bağlı məsələyə isə Milli Məclisdə verilən səsvermə nəticəsində nail olunur. Yeni təklif olunan dəyişiklik isə deputatların məsuliyyətini bir az da artırmağa hesablanıb. Hazırda millət vəkilləri öz statuslarına aid olmayan hansısa hərəkəti edirlərsə, onların ən ağır cəzası intizam komissiyasının tənbehi olur. Ancaq yeni qanun qəbul olunacağı təqdirdə, belə əsaslara söykənərək, MSK mandatı ləğv edə biləcək. Gəlin etiraf edək ki, biz hamımız televiziyadan deputatların başqasının yerinə səs verdiyini görmüşük. Yəni millət vəkli səsvermə gedən zaman zalda iştirak etməyən həmkarının da əvəzindən düyməyə basmaqla güya həmin adamın da səs verdiyini təsdiqləmiş olurdu. Əslində, kənardan xırda görünən bu halda böyük bir qanunsuzluq var. Yəni belə çıxır ki, hansısa deputatlar qanunların qəbulunda belə saxtakarlığa cəhd etməyi ağlından keçirirmiş və ya gələcəkdə də keçirə bilər. Çox təqdirəlayiq haldır ki, bundan sonra bir elə hərəkət bəs edir millət vəkili mandatı ilə vidalaşmalı olsun. Deputatların məsuliyyətini artıracaq bir qanun layihəsidir”.

Məhəmmədəli QƏRİBLİ 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …