Azərbaycanda Atatürk Mərkəzində siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin “Milli dövlətçiliyimizin simvolu” adlı kitabının təqdimatı olub.
Azinforum.az xəbər verir ki, təqdimat mərasimində akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, Milli Məclisin deputatı Sahib Alıyev, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov və digər tanınmış dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Ulu Öndərin keçdiyi həyat yolundan danışaraq, kitab haqqında məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 54 illiyinə həsr olunan, onun zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən kitab Azərbaycan və gürcü dillərində işıq üzü görüb.
Milli Məclisin deputatı Sahib Alıyev vurğulayıb ki, epoxaların ekstremallığına baxmayaraq, milli-siyasi elitamız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə millətin varlığının qorunması və inamla gələcəyə addımlaması istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.
Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov da kitabın önəmindən danışıb: “Ulu Öndər müasir Azərbaycanın memarı və qurucusudur. Azərbaycanın simvolu olan Ümummilli Liderimiz, eyni zamanda, Qafqazda təhlükəsizliyin banisidir. Bu kitab da öz növbəsində kitabsevərlər üçün gözəl bir töhfədir”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi önəmdən bəhs edib: “Bildirilib ki, 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiyamızın 50-dək maddəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Bu da dahi şəxsiyyətin insan hüquqlarına verdiyi yüksək qiymətin təzahürüdür”.
Digər çıxış edən natiqlər də Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, belə kitabların Azərbaycan və dünya üçün önəmindən danışıblar.
Sonda çıxış edən kitabın müəllifi, siyasi elmləri doktoru, professor, Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının fəxri doktoru Vaqif Abdullayev təşkilatçılara minnətdarlığını bildirib və tədqiqatlarını bundan sonra da davam etdirəcəyini vurğulayıb:
“Hələ o vaxt Heydər Əliyevin birinci hakimiyyəti dönəmində Ulu Öndər Qərbi Azərabycanda yaşayan insanlara həmişə kömək edib. Oradan böyük şəxsiyyətlərin çıxmasına səbəb olub. Ümummilli liderin dövründə Azərbaycanda böyük sənaye obyektləri, zavodlar tikildi, “Günəşli”, “Əhmədli” qəsəbələri, mikrorayonlar salındı.
Heydər Əliyev ordu quruculuğu ilə bağlı Cəmşid Naxçıvanskinin Adına Hərbi Liseyin açılması üçün o dönəmin rəhbərləri ilə necə mübarizə apardığı hər kəsə məlumdur. Azərbaycan xalqı tarixində dövlətinin gələcəyini, müstəqilliyini, inkişafını düşünən belə bir dahi şəxsiyyətə malik olduğu üçün xoşbəxtdir”.