Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Aktual / Millət vəkili Aydın Hüseynov: “Vitse-prezidentlik institutu özünü təsdiq etmiş mexanizmdir”

Millət vəkili Aydın Hüseynov: “Vitse-prezidentlik institutu özünü təsdiq etmiş mexanizmdir”

Tezis.az-ın suallarını Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov cavablandırır:
– Aydın müəllim, ilk növbədə  “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına münasibət bildirmənizi istərdik. Sizcə, bu dəyişikliklər dövlətimizə və cəmiyyətimizə nə vəd edir? 

–  Konstitusiyamızın qəbulundan 20 ildən çox vaxt keçib. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz 1995-ci illə müqayisədə demək olar ki, bütün sahələr üzrə dünyada öz mövqeyini möhkəmlədib, regionda güc mərkəzinə çevrilib. Azərbaycan hər cəhətdən özünü təsdiq edib. Müasir çağırışlar və dövrün tələbləri onu diktə edir ki, cənab prezidentimizin atdığı addımlarda mütərəqqi çalarlar özünü göstərməlidir. Birinci vitse-prezident və vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəetməsini daha da aktivləşdirəcək və mükəmməlləşdirəcək. Bu, dünyanın bir çox ölkələrində özünü təsdiq etmiş mexanizmdir. Yaxşı mənada ölkəmizin əldə etdiyi uğurları daha da artıracaqdır.
–  Lakin mülkiyyət və yaş senzinin aradan qaldırılması ilə bağlı təkliflər birmənalı qarşılanmır. Sizin yanaşmanız necədir?
– Əgər 18 yaşlı bir insanın seçmək hüququ varsa, onun seçilmək hüququ da olmalıdır. 18 yaşında gəncə deputatlıq üçün öz namizədliyini irəli sürmək şansı verilir. Seçim vətəndaşların öhdəsinə düşəcək, insanlar seçmək lazımdırsa, səs verəcək. Əslində bu təklif çox mütərəqqidir. İnsanın hüquqlarının daha da genişləndirilməsi deməkdir. Əgər yetkinlik yaşına çatan insanın seçmək hüququ varsa, deməli seçilmək hüququ da var. Burada söhbətvətəndaşın hüquqlarının məhdudlaşdırılmasından yox, genişləndirilməsindən gedir.
– Türkiyədə baş verənhadisələri izləyirsinizmi? Hərbi çevrilişə cəhddən sonra kütləvi həbslər oldu, işdən azad olunanların sayı kifayət qədər böyükdür, əməliyyatlar davam edir. Türkiyədəki olayları necə şərh edərdiniz?
– Xalqın seçiminə hər bir kəs hörmətlə yanaşmalıdır. Türkiyə bizə qardaş dövlətdir, orada baş verən proseslərə dost dövlət olaraq biganə qala bilmərik. Biz qüvvətli Türkiyə istəyirik və türk xalqının seçiminə hörmətlə yanaşırıq. İstənilən formada dövlətin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. Zorakılığı, güc yolu ilə qanuni seçilmiş dövlət başçısına atılmış heç bir addımı qəbul etmirəm. Hakimiyyətin güc yolu ilə devrilməsi və onun dəyişdirilməsi yolverilməzdir. Türkiyədə də hərbçi çevrilişə cəhdi qəbuledilməz sayırıq.
– Rusiya, İsraillə münasibətlərini sahmana salan Türkiyəyə qarşı hazırda da PKK, İŞİD təhlükəsi var. Eyni zamanda Suriyadan miqrant axını ölkə həyatına təsir edib. Belə situasiya fonunda daxildə çevriliş cəhdi oldu. Türkiyəni perspektivdə nə gözləyir?
– Hesab edirəm ki, Türkiyə özündə güc tapacaq, daxildəki proseslər yaxın müddətdə tənzimlənəcək. Türkiyənin daxili siyasətini qısa zamanda bərpa edəcəyinə şübhə yoxdur. Bundan sonra xarici siyasətindəki çətinliklər də aradan qaldırılacaq. Ümumilikdə Türkiyədən türk xalqının istəyinə uyğun gözləntilər var.
– Türkiyədə hərbi çevriliş cəhdi baş verən gecə paralel olaraq Ermənistanda da vəziyyət gərginləşib. Polis binasına hücum edən silahlılar siyasi məhbusların azadlığa çıxması çağırışı ilə çıxış edir. Dünən gecə iğtişaşlar baş verib. Qonşu ölkədəki toqquşmalara münasibətiniz necədir? Əslində Ermənistanda nə baş verir?
– Ermənistan bir az fərqli dövlətdir. Onlar sərbəst siyasət həyata keçirmir, Ermənistan daim kənardan idarə olunan dövlət olub. Ona görə də bu gün orada gedən prosesləri düzgün məntiqlə əsaslandıra bilmirik, çünki ölkənin özü məntiqlə idarə olunmur. Polis binasının zəbt edilməsindən 5 gün keçir, bu proseslərin uzadılmasında başqa niyyət də ola bilər. Girovluqda 6 nəfər qala-qala prosesin bu qədər uzadılması də məsələnin əsl mahiyyətindən xəbər vermir.
– Hansı şübhələriniz var?
– Deməzdim ki, fikirlərim mütləqdir, bildiyiniz kimi Qarabağ məsələsi ilə bağlı danışıqlar intensivləşib, artıq Azərbaycan hərbi gücünü aprel ayında göstərdi, indi isə Azərbaycan öz diplomaik gücünü nümayiş etdirir. ATƏT-in Minsk qrupu ölkələri də bu münaqişənin yaxın müddətdə həll olunması üçün addımlar atır. Qarşıda konkret addımlar gözlənilir. Belə məqamda ermənilər aktivləşib. Belə olaylar 1997-ci ildə də baş vermişdi. Ona oxşar nələrsə hiss olunmaqdadır. Qarabağ danışıqları ilə bağlı onlarda çirkin niyyət də var.
– Rusiya prezidentinin avqustda Azərbaycana səfəri planlaşdırılıb. Bu görüşdən Qarabağ münaqiəsinin nizamlanması istiqamətində hansısa irəliləyişlər gözləyirsiniz?
– Cənab prezident İlham Əliyev mövqeyini qəti şəkildə bildirib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaradıla bilməz və beynəlxalq hüquq normalarına əsasən Ermənistan işğal ediyi Azərbaycan torpaqlarından öz qoşununu çıxarmalıdır. Bu, cənab prezidenimizin birmənalı mövqeyidir. Ermənistan bu çağırışlara məhəl qoymazsa, Azərbaycan öz torpaqlarının işğalçıdan azad olunması üçün hüququnu özündə saxlayır. Rusiya və İran prezidentlərinin Azərbaycana səfərləri çox böyük siyasi hadisədir. Fikrimcə, başlıca olaraq Aərbaycan dövlətini maraqlandıran məsələlər önə çəkiləcək. Azərbaycan dövlətinin ən böyük marağı Azərbaycan torpaqlarının azad olunmasıdır. Sözsüz, bu məsələlər müzakirə olunacaq. Eyni zamanda böyük dövlətlərin rəhbərləri ölkəmizə gəlirsə, siyasi və iqtisadi yöndə də sazişlər bağlanacaq, cənub və şimal istiqamətində logistik mərkəzlərin yaradılması işləri görülür. Bu sahədə də müqavilələrin bağlanacağı istisna deyil. Əlbəttə, birinci növbədə Azərbaycanın dövlətçilik maraqları və Qarabağ problemi önə çəkiləcək.

Həmçinin oxuyun

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular

“Əvvəlki illərlə müqayisədə bu il müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanı mərhələsində namizədlərin nəticələrinin …

Bir cavab yazın