Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Meyxanaçı Samirə: “Telekanallar efirə çıxmaq üçün pul istəyirlər”

Meyxanaçı Samirə: “Telekanallar efirə çıxmaq üçün pul istəyirlər”

Meyxanaçı-müğənni Samirə Yusifqızı “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. 
Saytının suallarına cavab verən sənətçi ilə söhbətə ona qoyulan efir qadağasından, ölkəni tərk etmək istəyindən başladıq:
– Bir müddət öncə mətbuata açıqlamanızda efir qadağası ilə üzləşdiyinizi və diqqətdən kənar qaldığınız üçün ölkəni tərk edəcəyinizi bildirmişdiniz. Həyatınızda nələr baş verir, sizi narazı salan nələrdir?
– Bir çox şeydən narazıyam. Mənə qarşı çox ögey münasibət göstərirlər. Telekanalların 90 faizi ödəniş etməyimi istəyir. Hansına yaxınlaşıram deyirlər, pul ver, efirə buraxım. Mən 35 ilin sənətkarıyam. Bu yaşımda ödənişlə televiziyaya çıxmaq mənə yaraşmaz. Hazırda bir verilişə 2000-3000 verib, efirə çıxmağa da imkan yoxdur. Əldə etdiyim gəlir çox azdır. Bir sözlə kənarda qalmışam.
– Azərbaycanda yeganə məşhur qadın meyxanaçısınız. Sizə qarşı olan diqqətsizliyin səbəbi nə ola bilər? 
– Həmişə demişəm ki, mənə meyxanaçı deyilməsini xoşlamıram. Çünki mən ali savad almışam, xanəndəlik fakültəsini bitirmişəm, vokal, fortepiano təhsili almışam. Notla oxuya bilən 4-5 müğənnidən biriyəm. Sadəcə olaraq meyxana janrında yeganə qadın olduğuma görə daha çox sevildim, populyarlıq qazandım. Xalqıma minnətdaram ki, məni meyxanaçı kimi qəbul etdi. Populyar olmaq çətin deyil, əsas sevilməkdir. Keyfiyyətsiz divar kağızını da günlərlə efirdə reklam etsələr, populyar olar. Mən fəxr edirəm ki, sevilirəm. Amma bu ögey münasibət nə qədər davam edəcək? Hər məhsula reklam lazımdır. Sənət adamlarına da reklam lazımdır, onsuz işimiz getmir. Reklam üçün isə efirə çıxmalıyıq. Təəssüf ki, mənim qarşımı pul kəsir. Efirə çıxmayanda pul da, dolanışıq da olmur, güzəranın pisləşir və geridə alırsan. Hazırda imkanı olub, sənəti olmayanlar qabağa gedir. Başa düşürəm ki, telekanallarımız özəldir, haradansa maliyyələşməlidirlər. Pulla efirə 10 müğənni çıxaranda, iki nəfər də mənim kimi imkanı olmayan, amma sənəti olanı çıxarsınlar. Bunlar məni incidir və ölkədən getməyi düşünürəm.
– Xınayaxdı mərasimi təşkil edən sənətçilərimizdən biri də sizsiniz. Bu sahədə də qazanc əldə edə bilmirsiniz? 
– Xınayaxdı mərasimi təşkil edən də, mərasim üçün müraciət edənlər də çoxdur. Bu qədər mərasimlər olur, amma mənə müraciət edən çox azdır. Səbəbini bilmirəm. Bəlkə də, reklamım yoxdur.
– Ali təhsilli musiqiçisiniz. Niyə dolanışığınızı müəllimlik edərək yaxşılaşdırmırsınız? 
– Əsasən oğlanlar müraciət edir, onlara dərs demək istəmirəm. Amma müğənni olmaq istəyən bir çox gəncə dərs demişəm. Amma onlardan pul almamışam.
– Niyə bu işi təmənnasız görürsünüz. Müəllimlik ilə pul qazanan sənətçilərimiz çoxdur…
– Kiməsə pul deməyə utanıram. Demişəm ki, yeri gələndə mənim tələbəm olduğunuzu deməyiniz mənə bəsdir. Meyxana demək istəyən qızlar var. Onlar da deyir ki, sən yaz, çıxaq birlikdə deyək. Meyxana bədahətən deyilməli, içdən gəlməlidir. Bunun üçün istedad lazımdır. Hər adam bunu bacarmır. Allahım bu istedadı mənə anadangəlmə verib.
– Siz elə dövrdə sənətə gəldiniz ki, qadınların meyxana deməyi birmənalı qarşılanmırdı. Hazırda bu fikirlər dəyişilib, durum necədir?
– Mən 1994-cü ildə ilk dəfə Ağasəlim Çıldaqla meyxana demişəm. Hər şey təsadüfi oldu, onlar deyəndə arxadan mən də dayana bilməyib qafiyəyə uyğun meyxana dedim. Onlar da bacarığımı gördülər, bir çox məclislərə Ağasəlimlə getdim. O vaxt mənə televiziyalardan, radiolardan müraciətlər olunsa da, getmədim. Çünki Faiq Şücəddinovla əsərlərini silsilə şəklində yazdırırdıq. Mən estrada müğənnisi, muğam ifaçısı kimi efirə çıxırdım, meyxanaçı kimi gündəmə gəlməyim düz çıxmırdı, həm də o zaman birmənalı qarşılanmırdı. Evdə də razı olmadılar. Dedilər ki, bir o qalıb ki, başına papaq qoyub, əlinə siqaret alıb meyxana deyəsən. O vaxt bunun üstündən keçdim. İllər sonra “De gəlsin” layihəsində Oqtayla dediyimiz meyxana partlayış etdi, 1 gecənin içərisində hamının sevimlisinə çevrildik. Bizdə insanlar yeni işə balta vurmağı xoşlayır. Nə qədər meyxana deyənlər bizim qarşımızı kəsdilər. O zaman meyxanaçılar deyirdi ki, kişi qadınla oxumaz. Amma indi özləri qadın müğənnilərlə duet oxuyurlar.
– Bu qədər narazılığınız var, qəlbiniz qırılıb. Sənətə gəldiyiniz üçün heç peşman olmusunuz?
– Mənim çox gözəl yaddaşım var, başım yaxşı işləyir. Düşünürəm ki, məndəki qeyri-adi kəllədir. Mən 12 dildə mahnı oxuyuram. Azərbaycanda mənim kimi sənətçi yoxdur, xəzinəyəm, canlı arxivəm. “Toylar kraliçası” layihəsində elə unudulmuş mahnıları oxudum ki, təəccübləndilər. Bu qədər savadımla kənarda qalmağım məni məyus edir. Bəzən ona görə peşman oluram. Tam ruhdan düşmüşəm. Yaradıcılıqla məşğul olmaq istəmirəm. Niyə mahnı yazdırım? Onsuz da efirə dəvət olunmuram, mahnını evdə yatırmağa yazdırıram? Tək ümidim pul yığıb ölkədən getməkdir. Mənim kimi sənətçi bədnam ermənilərdə olsaydı, heykəlimi qoyub, dünyaya bağırardılar ki, bələ sənətkarımız var. Amma Azərbaycanda mənim üstümü ört-basdır edirlər. Meyxana yeganə janrdır ki, ermənilər öz adlarına çıxa bilmir. Çünki meyxana demək istedadı, bədahətən söz qoşma qabiliyyəti onlarda yoxdur. Məni Rusiya, Ukrayna televiziyaları gəlib çəkr. Axı nə üçün xarici ölkə telekanalları məni tapıb müsahibə almalıdır, amma ölkəmdə kənarda qalmalıyam?
– Meyxanaçı Oqtay Kamil ilə qalmaqal yaşadığınız zaman aylarla gündəmdən düşmədiniz. Ondan sonra səssizliyə büründünüz…
– Qalmaqaldan kənar gəzirəm. Qalmaqala görə məni efirə çağırmaq lazım deyil. Bir söz deyirəm, mətbuatda fərqli yazırlar, proqramda montaj edirlər. Bunlar bizə qarşı hörmətsizlikdir. Şadlıq evləri onsuz bizi qiymətdən saldı. Şou proqrama çıxa-çıxa, cüzi maaş ala-ala hörmətdən düşdük. Sənətçilərin toydan, şou proqramdan başqa gəlir yeri yoxdur. Cüzi gəlir əldə etdiyimiz halda vergi də veririk.
– Oqtay bəylə hazırda münasibətləriniz necədir? 
– Arada ondan incidim, qəlbim qırıldı, çünki düzgün olmayan söhbətlər danışdı. O, məndən balacadır, səhvindən keçdim. Hazırda münasibətimiz yaxşıdır. Yenidən işbirliyinə başlamışıq, əlimizdə meyxanalar var, onları yazdıracağıq. Yəqin ki, efirlər yenə bizə yer ayırmayacaq, biz də işlərimizi sosial şəbəkə vasitəsilə təqdim edəcəyik.
– Oqtayla işbirliyiniz yenidən aranızda sevgi münasibətinin olması haqda söz-söhbətlərin yaranmasına səbəb ola bilər. Bu, sizi narahat etmir?
– Nə qədər lazımdırsa, söhbət çıxıb. Deyilən deyilib, yeni nə isə yayılan deyil. Ola bilər ki, köhnə söhbətləri yenidən gündəmə gətirərlər. Oqtayla sənət dostuyuq. Bunu dəfələrlə demişəm. Meşədə 5 il Oqtayla tək qalsam, ona ailəm kimi baxa bilmərəm. Çünki dostuq. Oqtay mənim xəyalımdakı adam deyil. Eləcə də Oqtay mənim kimi qadınları xoşlamır. Hərənin öz tipi, zövqü var. Yəni, məni söz-söhbətlər narahat etmir. Bizi istəməyənlərin, qabağa getməyə qoymayanların acığına birlikdə gözəl layihəyə imza atacağıq. Türkiyə televiziyası bizi dəvət edir ki, birlikdə proqram təqdim edək. Hələ ki, getmirik. Gərək hər həftə Türkiyəyə uçum, mənə düz gəlmir, hər dəfə təyyarəyə minəndə elə bilirəm ki, öləcəyəm, içimdə qorxu var. Bütün xərclərimizi ödəyirlər ki, təki orada efirə çıxaq. Hələ ki, düşünürük. Bir daha söhbət edəcəyik, dediklərimiz ilə razılaşalar, aparıcılıq edəcəyik. Orada meyxana verilişi yoxdur, ona görə reytinq gətirəcəyimizə inanırlar. Bir də Oqtay Türkiyə türkcəsində mükəmməl danışmır, o da bizi saxlayan səbəblərdəndir.
– Samirə xanım şəxsi həyatınızda vəziyyət necədir? 
– Mənim həyat yoldaşım 1997-ci ildə vəfat edib. Mənim şəxsi həyatım balalarımdır. Həqiqətən, həyatımda heç kim yoxdur. Səmimi deyirəm. Həyat yoldaşımdan sonra qanuni ərə getməsəm də, həyatımda sevdiyim şəxs olub. Sonra münasibətlərimiz alınmayıb və əlaqəni kəsmişəm. Artıq şəxsi həyat haqda düşünmürəm.
– 20 ildir ki, subaysınız. Yenidən ailə qurmaq haqda düşünmürsünüz? 
– Artıq övladlarım böyüyüb. Oğlumun 30 yaşı, qızımın 26 yaşı var, nəvə sahibiyəm. Qarşıma ailə qurmaq niyyəti ilə gözəl insan çıxsa, istəyərəm. Mən ona xanım, qadın olacaq kişi arzulayıram. Hər qadın başını çiyninə qoyacağı kişiyə ehtiyac duyur. Allaha şükür ki, bacarıqlı xanımam, əlimdən hər iş gəlir, evdarlığım əladır. Tək qaldığım illərin əvəzini çıxa biləcəyim qulaq yoldaşı axtarıram. Təklikdən bezmişəm. 50 yaşım var, övladlarım həyatlarını qurub, mənə də arxa-dayaq lazımdır. Mənim dəyərimi bilən, hörmət edən bəy olsa, övladlarım evlənməyimə qarşı çıxmaz. Onlar da analarının xoşbəxt olmasını istəyərlər.






Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın