Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “Mehriban Əliyevanın Putinlə görüşü xüsusi qeyd edilməlidir”

“Mehriban Əliyevanın Putinlə görüşü xüsusi qeyd edilməlidir”

“Azərbaycanla Rusiya Federasiyası arasındakı münasibətlər qədim tarixə malikdir. Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlər getdikcə daha da yaxşılaşdırılıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, imzalanan sənədlər əməkdaşlığı daha da möhkəmləndirib. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. İki ölkə başçısı arasındakı mütəmadi görüşlərin keçirilməsi, demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.”

Unikal.org xəbər verir ki, bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Deputat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Mos­kvaya rəsmi səfərinin iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini bildirib:

“­Mehriban xanım Əliyevanın səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevlə, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşlərdə çox böyük, zəngin proqramın nəzərdə tutulduğu bəlli oldu. 

Görüşlər zamanı ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, bütün istiqamətlər üzrə – parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə mövzusu oldu.   

Prezident Vladimir Putinlə keçirilən görüş xüsusilə qeyd edilməlidir. Bu görüşdə iki ölkə arasındakı əməkdaşlığın getdikcə möhkəmləndirildiyi diqqətə çatdırıldı. Prezident Vladimir Putinin Mehriban xanım Əliyevaya “Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm” – deməsi bu görüşün böyük əhəmiyyət kəsb etməsindən xəbər verir.

İki ölkə arasında qarşılıqlı əlaqələrin yeni mərhələyə qədəm qoymasından söhbət açan Ç.Qənizadə öz fikrini Mehriban Əliyevanın çıxışındakı bir sıra məqamlarla əlaqələndirib:

“Birinci vitse-prezident Azərbaycan və Rusiya iqtisadiyyatlarının ən perspektivli sahələrini diqqətə çatdırdı. Turizm sahəsindəki göstəricilərdən söhbət açan Birinci vitse-prezident bu sahədə yaxşı göstəricilərin olduğunu bildirdi və Rusiyadan Azərbaycana səyahət edən turistlərin sayının 900 minə çatdığını dedi. Bununla yanaşı, ölkəmizdə rus dilində təhsilin tam şəkildə qorunub saxlanıldığı, 338 məktəbdə tədrisin rus dilində aparıldığı, 14 ali məktəbdə rus dilində bölmələr olduğu, 50 məktəbdə Təhsil Nazirliyi tərəfindən rus dilinin intensiv tədrisi pilot layihəsinin uğurla həyata keçirildiyi barədə məlumat verildi. Ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət olduğu da diqqətə çatdırıldı.

Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərildiyi nümunə kimi diqqətə çatdırıldı. Bu sahədə böyük potensialın mövcudluğunu bildirən Mehriban xanımın yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndiriləcəyinə əminliyini ifadə etməsi ölkələrimizin və xalqlarımızın rifahına xidmət etməsindən xəbər verir”.

 Mehriban Əliyevanın və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki X Azərbaycan- Rusiya Regionlararası Forumunda iştiraklarının, sərgi çərçivəsində “Azərbaycan” pavilyonunun açılışının da çox əlamətdar hadisə kimi yadda qaldığını deyən Ç.Qənizadə bunu iki ölkə arasında mehriban qonşuluğun və tərəfdaşlığın təzahürü kimi dəyərləndirib. 

Ç.Qənizadənin fikrincə, səfər çərçivəsində ən yaddaqalan məqamın, təbii ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya – Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında fərmanın oxunması və ali dövlət mükafatının təqdim edilməsi oldu. Rusiya Prezidenti qeyd etdi ki, Mehriban xanım Əliyevanın bu ali dövlət mükafatına layiq görülməsi dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanılması ilə əlaqədardır. 

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …