Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Mehdiyevin nəvəsinin toyu ilə gündəmə gələn direktorun evindəki oğurluğun – Detalları

Mehdiyevin nəvəsinin toyu ilə gündəmə gələn direktorun evindəki oğurluğun – Detalları

Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın evində dayə işləyən və oradan külli miqdarda oğurluq etməkdə ittiham edilən Firuzə Müslümovaya (ad-soyad şərtidir) hökm oxunub.

“Qafqazinfo” məhkəmə materiallarına istinadən xəbər verir ki, S.Orucovanın qohumu olan F.Müslümova 77 800 manatlıq oğurluqda ittiham olunub.

Araşdırma zamanı məlum olub ki, gənc dayə uzun müddətdir həmin evdə işlədiyindən S.Orucovanın etimadını qazanıb. O, evdəki dəmir seyfin açarlarını direktorun əl çantasından gizlicə götürərək oğurluq əməlini törədib. 2019-2020-ci illərdə ümumilikdə seyfdən 20 min manat və 34 min dollar götürüb. F.Müslümovanın götürdüyü 34 min dollar Sevinc Orucovanın qardaşı Anar Orucova məxsus olub.

S.Orucovanın şikayəti əsasında başlanan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə ifadə verən Müslümova özünü qismən təqsirli bilib.

O deyib ki, 2015-2020-ci illərdə S.Orucovanın evində dayə işləyib: “Əsas vəzifəm onun oğluna baxmaq olub. Dayəliklə yanaşı, evdə təmizlik işləri də görürdüm. İşin müqabilində mənə 250 manat pul verirdi. 2018-ci ilin martından isə Sevinc xanım məni direktor işlədiyi Heydər Əliyev adına liseyə laborant kimi işə qəbul etdirdi. Orada əlavə maaş almağıma köməklik göstərdi. Sevinc xanımın evində uzun müddətdir çalışdığımdan ona məxsus qızılların və pulların yataq otağındakı seyfdə saxladığını bilirdim. Seyfin açarları da adətən güzgünün gözündə və ya Sevinc xanıma məxsus çantada olurdu”.

F.Müslümova seyfdən götürdüyü pulların hamısının Orucovaya məxsus olduğunu, seyfdə qardaşına məxsus pul olmadığını deyib: “İlk dəfə 2019-cu ilin noyabrında Sevinc xanımın evdə olmamasından istifadə edib seyfin açarını götürdüm. Seyfi açanda gördüm ki, bağlamalarda həm dollar, həm də manatlıqlar var. Dollar bağlamalarından birini söküb bir az pul götürdüm. Sevinc xanım evə qayıtdıqdan sonra uşağı yatızdırıb öz evimə getdim. Evdə pulları sayanda 11 min dollar olduğunu gördüm. Növbəti dəfə isə Sevinc xanımın axşam parka düşməsindən istifadə edib yenidən açarı götürdüm. Seyfin alt gözündə manatlıqlar olan bağlamadan bir miqdar pul götürüb çantama qoydum. Axşam pulları saydıqda 14 min manat olduğunu gördüm”.

Məhkəmədə məlum olub ki, cinayətin üstü Sevinc Orucovanın evə gizlicə kamera quraşdırmasından sonra açılıb. Belə ki, direktor seyfdəki pulların azaldığını görərək dayədən şübhələnməyə başlayıb. Daha sonra qardaşının köməyi ilə evə gizli kamera quraşdırıb. Mobil telefonu vasitəsilə evdəki proseslərə nəzarət edəndə görüb ki, dayə seyfdən oğurluq edir.

F.Müslümova oğurladığı pullarla maşınının kreditini ödədiyini bildirib: “2020-ci il martın 18-də Sevinc xanım, anası, qardaşı və bibisi oğlu ilə mənim evimə gələrək 80 min manat pul oğurladığımı dedi. Mən də cəmi 11 min götürdüyümü və onu da artıq geri qaytardığımı bildirdim. Sevinc xanım pulu geri aldıqdan sonra şikayət etməyəcəyinə dair söz vermişdi, amma məni aldatdı. Götürdüyüm pullardan “Hyundai Sonata” markalı avtomobilimin 11 min manat kredit borcunu ödədim, 3 min manatı şəxsi ehtiyaclarıma xərclədim. Yerdə qalan 11 min dolları isə Sevinc xanımın özünə geri qaytardım. Anam da evimizi satıb Sevinc Orucovanın və qardaşının pullarını ödədi”.

Sevinc Orucova məhkəmədəki ifadəsində deyib ki, 2016-cı ilin noyabrından Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışır: “İşimlə bağlı hər gün səhər evdən çıxıb axşam qayıdıram. Qohumum Firuzə ara-sıra mənə ev işlərində kömək edirdi. Cinayəti etiraf etməsi və seyfə qanunsuz daxil olması barədə kamera görüntüləri var. O pulların hesabına avtomobilinin kreditini ödəyib, özünə bahalı telefon alıb”.

Orucova ona dəymiş ziyanın tam ödənildiyini, Firuzədən şikayət və tələbi olmadığını deyib.

Onun qardaşı, “Qlobal Enerji” şirkətində direktor müavini Anar Orucov isə ifadəsində bildirib ki, öz evində təmir getdiyi üçün evində saxladığı 41 min dolları bacısı Sevinc Orucovaya saxlamaq üçün verib: “Bacımın evinə kameranı mənim köməkliyimlə quraşdırdıq. İzləməni Sevincin mobil telefonuna yönəltdik. Bununla da şübhələrimiz öz təsdiqini tapdı. Görüntülərdə Firuzənin əlinə əlcək geyərək seyfə qanunsuz daxil olmasını müşahidə edərək tam əmin olduq ki, oğurluğu edən odur. Hazırda barışmışıq, şikayət və tələbim yoxdur”.

Məhkəmədə ifadəsi elan edilmiş şahidlərdən biri də Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşı olub. O, Firuzəni 2011-ci ildən tanıdığını, onun qardaşı Elçin İsmayılovla dost olduğunu bildirib: “2019-cu ildə Elçin Qazaxıstandan zəng vurdu ki, Firuzənin “Okean” avtosalonundan kreditlə aldığı avtomobilinin kredit borcunu ödəmək lazımdır. Mən də Firuzə ilə birlikdə avtosalonuna gedib borcu bağladıq. Sonra da avtomobili sənədləşdirməyə getdik. Daha sonra isə Firuzəyə “Samsung-10” markalı telefon aldıq. Onun pulu haradan əldə etdiyini bilmirdim. Elçin həmin pulu kimdənsə borca aldığını demişdi”.

İş materiallarındakı kamera görüntülərinə baxış zamanı müəyyən edilib ki, Firuzə həqiqətən də müxtəlif vaxtlarda seyfi açıb içini qurdalayıb. Dayənin bu əməlini aşkarlayan Sevinc Orucova onu kameraya çəkərək əməlini etiraf etdirib. 7 dəqiqəlik videoda Firuzənin ağlayaraq və yalvararaq evdən 11 min dollar götürdüyü aşkar edilib. Firuzə yataq otağındakı döşəklərin altından 11 000 dolları çıxararaq ona verib.

Məhkəmə F.Müslümovanı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə mühakimə edərək qərar çıxarıb. Dayəyə şərti cəza verilib və o, azadlıqda qalıb.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Azərbaycanda sərt karantin rejimi tətbiq edildiyi vaxt AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərdən biri də Sevinc Orucova olmuşdu. Belə ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovaya Təhsil nazirinin əmri ilə töhmət verilmişdi.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …