Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Mc Donald”s”ın Bakı rəhbərinin oğlunun həlak olduğu yol qəzası – Məhkəmədən reportaj

“Mc Donald”s”ın Bakı rəhbərinin oğlunun həlak olduğu yol qəzası – Məhkəmədən reportaj

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və digərlərinin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Söhbət ötən il sentyabrın 29-da baş vermiş və “Mc Donald”s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir. Xatırladaq ki, İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev ağır xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib. İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların hər ikisinin barəsində məhkəmə hökm verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.mcd

 

Qeyd edək ki, bundan əvvəlki prosesdə təqsirləndirən tərəfin vəkili məhkəmədə əlavə şahid qismində 4 nəfərin dindirilməsilə bağlı vəsatət qaldırıb. Həmin vəsatət təmin edilmişdi.

Proses əlavə şahidlərin dindirilməsilə başlayıb. İlk ifadəni qəzadan sonra hadisə yerinə gələn Təcili Tibbi Yardımın həkimi Yeganə Əliyeva verdi. Həkim bildirdi ki, onlara ağır yol qəzasının baş verməsilə bağlı məlumat daxil olub. Şahidin sözlərinə görə, dərhal həmin yerə yollanıblar: “Biz çatanda hadisə yerində 3 nəfərin yaralandığını gördüm. Xəstələrin halına baxanda birinin daha ağır vəziyyətdə olduğunu müəyyən etdik. Belə qərara gəldik ki, əvvəl ağır vəziyyətdə olanı götürək. Biz xəstələrin hamısını eyni anda götürə bilməzdik. Mən rabitə vasitəsilə rəhbərliyə məlumat verdim. Məsləhət bilindi ki, daha yaxında olan – 3 saylı Sabunçu xəstəxanasına aparaq. Təlimata uyğun da hərəkət etdik. Xəstənin çox ağır vəziyyətdə olduğunu gördüm. Ölümlə həyat arasında idi”.

İlham Əsgərlinin vəkili həkimə imzaladığı sənədi göstərərək sual verdi: “Siz bu imzanızı təsdiq edirsinizmi?” Həkim sənədə atılan imzanın ona məxsus olduğunu bildirdi.

Dövlət ittihamçısının sualı isə belə oldu: “Siz ağır vəziyyətdə olan xəstəyə hansı yardımı göstərdiniz?”

Şahid cavab verdi ki, nə bacarıbsa, onu da edib.

Zərərçəkən tərəfin vəkili həkimdən təcili tibbi yardım maşınının hansı avadanlıqlarla təchiz edildiyini və xəstənin niyə Neyrocərrahiyyə Xəstəxanasına deyil, məhz 3 saylı xəstəxanaya aparıldığının səbəbini soruşdu.

Cavab belə oldu ki, xəstənin hara aparılması ilə bağlı qərarı hadisə yerində olan həkim vermir: “Daha çox yaxında olan xəstəxanaya aparmaq məsləhət görülür. Maşınların təchizatına gəldikdə isə, bütün müasir avadanlıqlar var. Mən vicdanım qarşısında ilkin nə kömək lazımdırsa etmişəm. Sonra xəstəni reanimasiyaya təhvil verdik. Ondan sonrakı proseslərdən isə məlumatlı deyiləm”.

Sonra isə əlavə şahid qismində Xəzər rayon yol-patrul xidmətinin əməkdaşı Ələmşah İsayev ifadə verdi. Hakim polis işçisinə tərəfləri tanıyıb-tanımadığı haqda sual verdi. Şahid heç kimi tanımadığını dedi. İfadəsinin davamında bildirdi ki, onlara ağır yol qəzası barədə məlumat verilib: “Dərhal hadisə yerinə gəldik. Gördük ki, “Mercedes” markalı avtomobil yolu dönmək istəyən yük maşınına arxadan çırpılıb. “Mercedes” çox pis vəziyyətdə idi. Hadisə yerində 3 cavan oğlanın yaralandığını gördüm. Onlardan birinin vəziyyəti daha ağır idi. İkisi yerə uzanmışdı. Biri isə yolun kənarında olan dəmirlərə söykənib oturmuşdu. Ətraf adamlarla dolu idi. Onlar yaralıların maşından çıxarılmasına kömək etmişdi. Xəsarət olduğu üçün hadisə yerinə tədqiqatçı çağırdıq. Tədqiqatçı yolu bağlamaqla bağlı bizə göstəriş verdi. Biz isə əvvəl ağır vəziyyətdə olan xəstəni təcili tibbi yardım maşınına yerləşdirdik, bir neçə dəqiqə sonra isə o biri yaralını yola saldıq”.

Zərərçəkənin vəkili DYP əməkdaşına birinci xəstənin niyə məhz Sabunçu xəstəxanasına yola salındığı ilə bağlı sual ünvanladı. Şahid bildirdi ki, xəstəni hara göndərmək onların səlahiyyətinə aid olan məsələ deyil.

Prokuror polis əməkdaşı olan şahiddən magistral yolda dönmənin qanuni olub-olmamsı ilə bağlı sual ünvanladı. DYP əməkdaşı bildirdi ki, həmin yerdən dəmirlərin qırılaraq karyerlərə yolun açılması qanunsuzdur.: “Yük maşını da ora dönmək istəyib. Bu səbəbdən də “Mercedes” arxadan ona çırpılıb. Qanunsuz keçidin bağlanmasını isə biz yox, Nəqliyyat Nazirliyinin müvafiq qurumu təmin etməlidir”.

Prosesdə əlavə şahid qismində ifadə verən digər DYP işçisi İlkin Lətifovun da ifadəsi həmkarından elə də fərqlənmədi: “Hadisə yerinə çatanda ağır yol qəzasının baş verdiyini gördük. “S klass” yararsız vəziyyətdə idi. İlkin ehtimalımız da bu oldu ki, maşın yolu dönmək istəyən yük avtomobilinə arxadan çırpılıb. Dərhal xəstələrin vəziyyətilə maraqlandıq. Əvvəl ən ağır vəziyyətdə olanı yola saldıq. Sonra isə başqasını. Arıq olan oğlanın vəziyyəti digərlərinə nisbətən yaxşı idi. Ona görə də onun təcili yola salınmasına ehtiyac duyulmadı. Sonra isə tədqiqatçının təlimatına uyğun olaraq hərəkət etdik. Yolu bağladıq, hadisə yerinin tədqiqi prosesinə başlanıldı”.

Dördüncü şahid isə Rəşad Məmmədzadə adlı şəxs oldu. Onun dindirilməsilə bağlı zərurət vəkilin vəsatəti əsasında baş tutub. Belə əsaslandırılıb ki, bu şəxs ibtidai istintaq zamanı dindirilsə də, iş məhkəməyə göndərilərkən sübutlar siyahısına şahid kimi daxil edilməyib. Təqsirləndirənin vəkili Bəylər Məmişovun sözlərinə görə, adıçəkilən şəxs yaralıların maşından çıxarılması, Təcili Tibbi Yardımla xəstəxanaya göndərilməsində iştirak edib, xəstəxanada vəziyyətlə maraqlanıb. Buna görə həmin şəxsin dindirilməsi vacibdir. İş üzrə zərərçəkmiş olan Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyeva isə bildirib ki, vəkilin sadaladığı adamların şahid qismində dindirilməsinə ehtiyac yoxdur. Məhkəmə vəkilin şahidlərin dindirilməsilə bağlı vəsatəti təmin etdiyi səbəbindən Rəşad Məmmədzadə məhkəmdə dindirildi.

Anket məlumatlarından məlum oldu ki, bu şəxs qəzaya düşən gənclərin dostu olub. İxtisasca həkim olan şahid dedi ki, həmin günü onlar Şixova gedirmişlər: “Mənə zəng gəldi ki, İlhamla Pərvin qəzaya düşüb, dərhal hadisə yerinə getdim. Rəhmətlik Sənanın qəzada olduğunu bilmirdim. Mən gələndə gördüm ki, hadisə yerində yalnız Pərvinlə İlham var. Sənanı xəstəxanaya aparmışdılar. Mən İlhamın Londonda olan qardaşı ilə danışdım. Sonra İlhamın atası Asif müəllim mənə zəng vurub dedi ki, Sabunçu xəstəxanasına gedim. Həmin vaxt İlhamın dalınca “Hunday” markalı avtomobil gəldi. Onu mindirib apardılar. Mən birinci aparılan yaralının Sənan olduğunu bilmirdim. Xəstəxanaya çatanda onun reanimasiyada olduğunu gördüm və tanıdım. Vəziyyəti ağır idi. Qulaqlarından və başından qan gəlmişdi. Adətən belə halın olması ağır kəllə-beyin zədəsindən xəbər verir. Mən təkidlə tələb etdim ki, Sənanı Neyrocərrahiyyəyə yerləşdirmək lazımdır. Ancaq həkimlər vəziyyətinin kritik olduğunu əsas gətirərək buna imkan vermədilər”.

Prosesdə zərərçəkən kimi adı keçən Sənan Mirzəyevin atası Maqsud Mirzəyev şahiddən niyə Asif müəllimə xəbər verildiyini, ona isə oğlunun ağır vəziyyətdə olduğunun deyilmədiyinin səbəbini soruşdu. Şahid bildirdi ki, onda Sənanın valideynlərinin heç bir əlaqə nömrəsi olmayıb: “Sənanın telefonu kodda idi. Elə olmasaydı, biz yaddaşdan bir əlaqə nömrəsi tapıb sizinlə əlaqə saxlaya bilərdik. Təəssüf ki, alınmadı”.

Qeyd edək ki, Maqsud Mirzəyevin prosesdəki şahidlərdən əsas tələbinin niyə oğlunun daha ixtisaslaşmış xəstəxanaya çatdırılmaması ilə bağlı iradlardan ibarət olduğu nəzərə çarpdı. Ancaq şahidlərin ifadəsindən belə nəticəyə gəlmək mümkündür ki, mərhum Sənan Mirzəyəvin daha yaxın xəstəxanaya çatdırılması təmin olunub.

Proses bu gün saat 14-00-da davam etdiriləcək

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın