Ana səhifə / Aktual / Maşınlarda pərdə-plyonka qadağası mövsümü başladı

Maşınlarda pərdə-plyonka qadağası mövsümü başladı

Azərbaycanda bu yasaq ləğv edilə bilərmi?

Xəbər verdiyimiz kimi, respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.

Bakı şəhər Baş Polis İdarəsindən yayılan məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004″ “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Noyabrın 15-dən mayın 1-dək arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.

Yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan nəqliyyat vasitələri, eləcə də ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin sürücüləri aşkarlanarsa, qanunla nəzərdə tutulan tələblər təmin olunacaq.

Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.

Image result for Maşınlarda pərdə-plyonka qadağası

Eyni prosedur Türkiyədə də baş verir. 26 oktyabr 2017-ci ildə ölkədə maşınlara “qara plyonka” qadağasının aradan qaldırılacağı açıqlansa da, ölkənin Təhlükəsizlik Müdirliyi Elm, Sənaye və Texnologiya Nazirliyindən terror və təhlükəsizlik məsələlərinə görə etiraz edildiyini bildirdi. Belə ki, Elm, Sənaye və Texnologiya Nazirliyinin bu yasağına görə Türkiyə Avtomobil Baxımı Dərnəkləri Federasiyası (TOBFED) rəhbəri Serkan Bakırtaş bu yasağın sözegedən sektorda ciddi maddi itkilərə səbəb olduğunu deyib. Təxminən 100 minə yaxın insanın işsiz qalması bu ziyanlar sırasındadır. Bundan başqa, 5 milyon nəfər istifadəçinin də zərərçəkən olması müzakirə mövzusudur. Maşınlarının şüşəsinə “qara plyonka” taxdırmaq üçün 700 TL (350 manat) ödəyən insanlar hazırda 200 TL (100 manat) ödəyərək, onu sökdürməyə çalışırlar. 5 milyon nəqliyyat vasitəsinin “qara plyonka”sı söküləcəyi üçün hazırda bu işlə məşğul olan müəssisələrdə növbə gözləyən bir çox insan var.

İdxalçı və distributor firmaları 1 il ərzində 50-75 milyon dollar arasında mal idxal edirlər. Türkiyədə sözügedən sektor olduqca böyükdür. Amma hazırda satışa gələn mallar da əldə qaldığı üçün sektor 50-75 milyon dollar arasında zərərə uğrayıb.

Image result for Maşınlarda pərdə-plyonka qadağası

Halbuki Türkiyədə 26 oktyabr 2016-cı ildə Elm, Sənaye və Texnologiya Nazirliyi “qara plyonka”ların sərbəst olduğunu açıqlamışdı. Bu elanın üzərinə insanlar da maşınlarını “görünməz” etməyə meyl göstərdilər. 26 oktyabr 2017-ci ildə, qərarın qüvvəyə minməsinə bir həftə qalmış nazirlik bundan vaz keçdi və qara “plyonka”nın azad olmadığını dedi…

Mütəxəssislər deyirlər ki, bu vasitənin maşınlara və sürücülərə xeyli faydası var. Belə ki, onlar günəşdən yayılan ultrabənövşəyi şüalarln təmasının qarşısını alır. Yay mövsümündə maşının içi daha az isinəcəyi üçün kondisionerdən də az istifadəyə, dolayısı ilə daha az benzinin sərfinə səbəb olur. Xüsusən də qadın sürücülər təhlükəsizlikləri üçün maşınlarına “qara plyonka” taxdırmağı tərcih edirlər. Təhlükəsizlik baxımdan digər önəmli bir detal isə bu vasitələrin maşın qəzasında partlayan şüşənin dağılmasını əngəlləməsi, dolayısı ilə sürücünün yararlanmasının qarşısını almasıdır.

Türkiyədə 5 milyon maşının “qara plyonkası” söküləcəyi üçün 2250 ton plyonka tullantısı da ortaya çıxacaq. Bu isə kimyəvi maddə olduğu üçün onun torpaqda çürüməsi 1000 ilə qədər davam edir. Bu isə o deməkdir ki, həmin maddələr birbaşa ekologiyaya, dolayısı ilə insan orqanizminə ziyandır.

Bütün bu rəqəm və faktlar dolayısı ilə Azərbaycan üçün də keçərlidir. Tək bir fərqlə: bizdə bu vasitələrin birbaşa istehsalı yoxdur və bu industriya Türkiyədəki kimi geniş çevrəni əhatə etmir. Amma bununla belə, yaxın günlərdə yollarda maşınının qara “plyonka”sını sökmək üçün əziyyət çəkən sürücüləri, onları saxlayan yol polislərini tez-tez görəcəyimiz şübhəsizdir.

Dünya təcrübəsində avtomobillərin və digər nəqliyyat vasitələrinin yan şüşələrinin standartlara uyğun plyonkalaşdırılmasına icazə verilir və mövsümdən asılı olaraq dəyişdirilmir. Ancaq bəzi ölkələrdə vəziyyət fərqlidir. Məsələn, Azərbaycanda belə bir qayda tətbiq olunur. Plyonka icazə verilən dərəcədə, yəni görüntünün nə dərəcədə aydın olduğunu müəyyən edən şəkildə tətbiq olunur. Azərbaycanda icazə verilən ölçülər var ki, yay mövsümün də bundan istifadəyə icazə verilir. Həmçinin yay mövsümündə Günəş şüalarının qarşısını almaq üçün avtomobilə asan çıxarıla bilən pərdələrin vurulmasına icazə verilir. Ancaq qış dönəmində pərdə,  plyonka və jalüzlərin  sökülməsi tələb olunur. Bu addımın atılmasına səbəb payız-qış mövsümündə havanın tez qaralması, eyni zamanda günün iş vaxtı olan saatlarında hərəkətdə olan maşınların sayının çoxluğu, yollarda intensivliyin artması, həmçinin payız-qış dövrlərində hava şəraitidir.

Amerikada payız və qış dövründə, 6 ay dönəmində maşınların qabarit işıqlarının mütəmadi yandırılması qaydası tətbiq olunur. Qabarit işıqlar payız-qış mövsümündə daimi yanmalıdır, əgər yanmırsa avtomobili idarə edən sürücü cəzalanır. Ancaq pərdə və jalüzlərlə bağlı hər hansı qadağa yoxdur. Rusiyada da pərdə və plyonka məsələsində qadağa yoxdur. Əksər postsovet ölkələrində də bu qadağalar artıq götürülüb. Ancaq bütün ölkələrdə plyonkaların xüsusi  standartlara uyğun olması tələbi var.

Bir sıra ekspertlər hesab edir ki, Azərbaycanda da bu yasaq tamamilə aradan qaldırılmalıdır. Əgər pərdəyə 1 may-15 noyabr aralığında icazə verilirsə, digər aylarda bunun qadağan edilməsi heç bir məntiqə uyğun gəlmir. Həmçinin bunun insan hüquqları baxımından da doğru olmadığını vurğulayanlar var.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …