Ana səhifə / Manat və salfet – Aygün Muradxanlı

Manat və salfet – Aygün Muradxanlı

aygİstefa bir mədəniyyətdir. Sivil ölkələrdə baxışları komandaları ilə uyuşmayanlar istefa verib gələcəklərini daha uyğun saydıqları yerdə qurmağa gedirlər. Dəqiqləşdirirəm, sivil ölkələrdə. Azərbaycanda istefa mədəniyyəti formalaşmayıb. Məmurlar hakim komandanın  girovlarıdır – kefləri istəyəndə “oyundan çıxa” bilməzlər. Kiminsə vəzifəsindən getməsi sırf komanda rəhbərliyinin qərarıdır. Heç bir istisnadan söhbət gedə bilməz.
Dünən Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin istefası xəbəri yayılıb. Şübhəsiz bu, yuxarıların razılığı ilə olub. Rəsmi səbəbə kənd toyuğu nədir, bişmiş broyler toyuğu da gülər – Hacıyev guya səhhətindəki problemlərə görə işdən getmək istəyib. Filarmoniyanın qabağında dayanıb, üzü yuxarı baxıb, bilirsiz, səhhətinə görə istefaya getməli neçə vəzifəli sayaram? N qədər. Ancaq saymıram. Nəyimə lazım? Onsuz da onları çoxdan heç kim saymır. Sayılası halları qalmayıb.
Cahangir Hacıyev mediatik olmasa da çoxdanın kadrı kimi onu xeyli adam tanıyır. Ölkəni kimlərin, hansı üsullarla idarə etdyindən xəbəri olanlar ABB-nin artıq eks-prezidentinin “əsas cib”lərdən biri olduğunu da bilir. Sadə desək, Azərbaycana gələn-gedən pulların haqq hesabı ilə illərdir o məşğul idi. Pul da həssas məsələdir. Azərbaycan kimi şəffaf olmayan ölkələrdə isə pul hakimiyyət üçün hər şey deməkdir. Onu hər adama etibar eləmək olmaz. Hakimiyyətin pullarını idarə edən Cahangir Hacıyev həm də Azərbaycanın ən varlı adamlarındandır.Hacı Məmmədov boş yerə Azərbaycanın zənginlərini dənləyəndə onun ailəsini seçməmişdi. Pullulara qan udduran Hacının Hacıyevlə toqquşmada “ilişməsi” isə ABB prezidentinin söz sahibi olmasından başqa nə ilə izah oluna bilər?
Hakim komandanın çox etibarlı, nüfuzlu üzvünün vəzifədən uzaqlaşdırılması çoxlu suallar yaradıb. Manatın bu ağır günündə Cahangir Hacıyev kimi bank işinin ustasını hansı səbəbdən işdən uzaqlaşdırıblar? Əcəba onun manatın devalvasiyasından sonra atdığı hansı addım komanda rəhbərliyini qıcıqlandırıb? Ölkənin maliyyə sisteminə rəhbərik edən 2-3 şəxs arasında fikir ayrılığı nədən onlardan birinin işdən uzaqlaşdırılmasına qədər gərginləşib? Hələlik suallar açıqdır.
Hakim komandaya yaxın olan iqtisadçılar da etiraf edir ki, neftin dünya qiymətlərinin kəskin enişi ölkədə ciddi pul qıtlığı yaradıb. Elə buna görə manatın Qobustan qayaları kimi təlatümlərə sinə gərib əsrlərin sınağından keçəcəyi haqqında əfsanələr uyduran hökumət onu bir gecədə 34 faiz ucuzlaşdırmaq məcburiyyətində qalıb. İndi bütün rezevləri səfərbər edib manatın Rusiya rublunun, ya da Ukrayna qrivnasının gününə düşməsinin qarşısını almaq zamanıdır.
Hakimiyyətin daxildə manatı qorumaq üçün bir şəkildə çapaladığı görünür. Mücbət nəticə yoxdur, deyəsən. Olsaydı,  investisiya xərclərinin azaldılması, analoqu olmayan müküfatlandırma tədbirinin – paket paylanmasının dayandırılması belə aydın şəkildə gözə çarpmazdı. Hacıyev kimi kadr istefaya göndərilməzdi. Deyirlər, indi məmurların məclisində “neft” kəlməsini işlətmək ürək istəyir. İllərdir sel kimi axan gəlirlərinin Buzovnaya krantlarındansu yerinə gələn xırıltının, xorultunun gününə düşməsinə dözə bilmirlər. “Neft” deyildimi, hərə cibindən bir rulon salfet çıxarıb gildir-gildir axan göz yaşlarını silməklə məşğul olur…
Hakimiyyət içindən gələn bir xəbər də odur ki, indi “manqa başçıları”nı öz sahələrinin büdcəsi elan ediblər. Yəni deyiblər, kim illərdir hardan suvarılıb, çiçəklənib,  zəhmət çəksin böhran günlərində o sahəni yığdıqlarının hesabına suvarsın. İdeyaya etiraz etmək ağır işdir – əldən möhür də alınar, hesablar da sıfırlanar. Bəlkə, Cahangir Hacıyevin işdən getməsinə səbəb bu ideyanın qarşısına başqa ideya qoyması olub?
Açığı, Azərbaycanın məmurlarının belə simic bilməzdim. Çətin vaxtlarında hakimiyyətlərini, dolayısı ilə özlərini qorumaq üçün ciblərindən qiymətli kağız yerinə salfetka çıxarırlar. Guya illərdir büdcədən çırpışdıqları, gizli iqtisadiyyatdan qazandıqları milyardlarla dollar yox, rulonlarla salfet olub. Bu vaxta kimi dövlətin pulu sizə işləyirdi, indi də siz əlinizi cibinizə salın da. Elə bilin, 5 banka dollarla borcu olan Əhməd-Məmmədsiz – zibilə düşmüsüz. Daha niyə özünüzü elə aparırsız ki, sizi istefaya göndərməyə məcbur olurlar?
Çabalayın. O qədər çabalatmısız ki…

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın