Ana səhifə / Aktual / Mahmudov bandasının eyni əməllərə görə tutulan iki generalı, iki hakim və iki fərqli yanaşma

Mahmudov bandasının eyni əməllərə görə tutulan iki generalı, iki hakim və iki fərqli yanaşma

Bu günlərdə Bakı Hərbi Məhkəməsi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyində yer almış iki generalın işi üzrə ayrı-ayrılıqda iki proses başladıb. Bunlar MTN-nin Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi olmuş general Nizami Şirinov və həmin nazirliyin İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevdir. Hər ikisi ötən ilin dekabrında (MTN işi üzrə həbslərin keçirildiyi 2015-ci ildən 5 il keçmiş) həbs olunublar. Və hər ikisi hədə-qorxu, şantaj, təhdid, işgəncələr yoluyla milyonlarla dollar rüşvət almaqda, o cümlədən başqasının əmlakını qəsb etməkdə ittiham olunurlar.

Ötən həftə general Nizami Şirinovun işi üzrə keçirilən ilk məhkəmə iclasında onun vəkilləri prosesin qapalı keçirilməsi haqda vəsadət qaldırmışdılar. Lakin ittiham tərəfi bildirdi ki, buna ehtiyac yoxdur. Çünki N.Şirinovun 18 cilddən ibarət cinayət işi materiallarında məxfi hesab ediləcək heç nə yer almır, prokurorun dediyi kimi, söhbət rüşvət və korrupsiya əməllərindən gedir. Bunları isə hərbi, yaxud dövlət sirləri kateqoriyasına aid etmək olmaz. Hakim Camal Ramazanov ittiham tərəfinin bu arqumentini daha tutarlı hesab  edərək prosesin açıq keçirilməsinə qərar verdi. Və əlbəttə ki, düz elədi. Çünki N.Şirinov əslində tam məxfi fəaliyyətlə, xarici dövlətlərin ölkənin hərbi strukturlarında kəşfiyyat-casusluq fəaliyyətinin qarşısının alınması ilə (əlbəttə, formal olaraq bu belə idi, əslində N.Şirinov və onun tabeçiliyində işləyənlərin əsas işi qoyun-quzu təsərrüfatının yaradılmasından tutmuş inşaat sektorunda çalışan biznesmenləri təhdid edib pullarını almağa qədər geniş çeşiddə soyğunçuluq-korrupsiya əməllərindən ibarət olub, – red.) məşğul olsa da onun əməlləri hərbi sirr deyil.

Bu gün isə Mövlan Şıxəliyevin işi üzrə məhkəmə başlayıb. Bakı Hərbi Məhkəməsinin digər hakimi Elbəy Allahverdiyev prosesin qapalı keçirilməsinə qərar verib, jurnalistlər və ictimaiyyət nümayəndələri prosesə buraxılmayıb.

Niyə? Hərbi Məhkəmənin iki hakiminin Eldar Mahmudovun bandasının eyni xarakterli əməllərlə məşğul olmuş iki ayrı mənsubuna qarşı bu cür fərqli yanaşmasının səbəbi nədir?

Əgər söhbət məxfi xarakter daşıyan məlumatların sızmasının qarşısını almaqdan gedirsə o zaman N.Şirinovun başçılıq etdiyi idarə M.Şıxəliyevin idarəsindən daha çox məxfi fəaliyyətlə məşğul idi. Əslində M.Şıxəliyevin istintaqa cəlb edilməsi hələ 2015-ci ildə baş vermişdi, onun saxlanıldığı da məlum idi. Amma necə oldusa Şıxəliyev o vaxt məsuliyyətdən yayına bildi, baxmayaraq ki, “MTN işi” üzrə çoxsaylı məhkəmə proseslərində onun əleyhinə həm zərərçəkənlər, həm təqsirləndirilən çoxsaylı ifadələr vermişdilər, Şıxəliyevin həbsi üçün əsas verən çoxsaylı dəlillər açıqlamışdılar.

M.Şıxəliyevin əməllərinin nədən ibarət olduğu barədə mətbuat çox yazıb. Onun əməllərindən zərərçəkənlərin ifadələrinə əsasən Şıxəliyev iş adamlarından, müxtəlif imkanlı şəxslərdən azı 14 milyon dollar (real rəqəm isə əslində dəfələrlə çox ola bilər) alıb. Müqayisə üçün qeyd edək ki, N.Şirinov bundan bir neçə dəfə az pul qəsb edib. Yəni belə çıxır ki, Şıxəliyevin məhkəməsinin qapalı keçirilməsi barədə qərar verərkən hakim ancaq məbləği (burada “məbləğ” fərqli mənalarda da başa düşülə bilər, – red.) nəzərə alıb? Hər halda çox müəmmalı və məntiqdən uzaq yanaşmadır…

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …