Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Məzahir Pənahov Bakıda açılış etdi

Məzahir Pənahov Bakıda açılış etdi

Aprelin 11-nə təyin edilmiş prezident  seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının yaratdığı “Seçki – 2018” Müstəqil Media Mərkəzinin açılış  mərasimi olub. 

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiya üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər.

Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini verib.

Açılış mərasimində çıxış edən M. Pənahov bildirib ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub:

“Müstəqil Media Mərkəzinin yaradılmasında məqsəd seçkidə aşkarlığı təmin etmək, ictimaiyyəti daim məlumatlandırmaqdır. Dünyanın qabaqcıl ölkələrində belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və azad keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə bu təcrübəni  daha da təkmilləşdiririk”.

M. Pənahov  mərkəzin tamamilə müstəqil fəaliyyət göstərdiyini vurğulayıb: “Mərkəz yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqlarla təchiz edilib. Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb, həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə bilərlər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını Mərkəzdə yerləşdirə bilərlər.

Mərkəzin www.sechki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir. Əgər lazım olarsa, əlavə texniki avadanlıqlarla da mərkəzi təmin edə bilərik”.

Daha sonra MSK sədri jurnalistləri maraqlandıran digər suallara da cavab verib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …