Ana səhifə / Aktual / MƏTANƏT ƏZİZOVANI ÖLKƏDƏN QAÇMAĞA NƏ VADAR EDİB? – VİDEO

MƏTANƏT ƏZİZOVANI ÖLKƏDƏN QAÇMAĞA NƏ VADAR EDİB? – VİDEO

Praqada yaşayan Mətanət Əzizova: “Bilərəkdən və yalandan şayiə yaydılar ki, mənimlə bağlı gizli video var və…”

“Elə video olsaydı, onu yaysaydılar belə, bu, mənim üçün elə faciə olmazdı ki, onun xatirinə danışıqlara gedim”

Onunla bağlı ciddi müzakirələr hələ müsahibəsi yayımlanmamış başladı.  “Yeni Müsavat” Avropada yaşayan azərbaycanlı mühacirlərlə bağlı layihəsi çərçivəsində son olaraq Çexiyanın Praqa şəhərindədir. İlk olaraq orada yaşayan iki həmvətənimizdən müsahibə yayımlamışıq. İndi isə növbə ölkədən gedişi, ailəsinin Azərbaycandan çıxması  az qala film kimi izlənən, müzakirə olunan daha bir mühacirdə – Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovadır.  Onun hekayəsini az-çox bilirsiz. Amma bizimlə söhbətində bu  günə qədər açıqlamadığı məqamları da bildirdi. 

M.Əzizovanın müsahibəsi yayımlanmamış sosial şəbəkələrdə onunla bağlı ciddi ittihamlar, bu günə qədər deyilməyən detallar səsləndirildi. Biz isə heç müzakirələr başlamadan bu mövzular ətrafında onunla danışmışdıq.

– Mətanət xanım, nə qədər vaxtdır burdasız?

– 2014-cü ilin mayından.

– Niyə və necə gəldiz bura? 

– Səbəb Sülh və Demokratiya İstitutunun direktoru Leyla Yunusa qarşı cinayət işi qaldırılması idi. Bu iş üzrə istintaqa cəlb olunmuşdum. Mənə informasiya gəldi ki, ölkəni təcili tərk etməliyəm, həbs ola bilər. Mayın əvvəli ölkəni tərk edib, Gürcüstana getdim. Gürcüstandan beynəlxalq təşkilatların yardımı ilə Praqaya gəldim. Konkret desəm, “People in Need” təşkilatının köməyi ilə, o proqramla Praqaya gəlmişəm. Bir neçə ay hüquq müdafiəçiləri üçün olan o proqramla Praqada qalmışam.

– Məhz Praqanı seçməyinizin özəl bir səbəbi var idimi?

-Mən seçməmişəm. Beynəlxalq təşkilatların təklifi idi. Mən ölkədən çıxanda Tiflisə gəldim. O zaman heç kim bilmirdi ki, mən ölkəni tərk edirəm. Anam da (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı) ölkədə yox idi, xaricdə tədbirdə idi. Ona da məlumat vermədim. Tiflisdə tək qalmışdım. Hara gedim, kimlə danışım? Azərbaycanla əlaqəyə çalışırdım. Oğluma zəng etdim. Dedi ki, prokurorluqdan gəliblər axtarışa. Azərbaycanda kiməsə zəng etməyə qorxurdum. Ona görə də Tiflisdə əməkdaşlıq etdiyim təşkilatlarla əlaqə saxladım.

– Praqa miqrantlar arasında çox da üstün tutulan ölkə deyil. Bunun xüsusi səbəbi nədir? 

– Mühacirət etmək istəyən insanlar çox vaxt Almaniya, İsveçrə və Norveçi seçirlər. İnsanların beynində bu fikir həkk olunub ki, burada miqrantları daha çox qəbul edirlər. O ölkədə öz millətindən çox adam olanda köməklik və dəstək görmək çox rahatdır. Adi psixoloji dəstək olmalıdır ki, bu ölkədə sənə yaxın insan var. Bir də bir məsələ var. Kim ki, həqiqətən təqib olunur, o adam ölkə seçmir. Həmin adamın bir fikri olur ki, ölkədən çıxmalıdır. Əsas amil odur ki, təhlükəsizliyi təmin olunsun. Kimsə ölkə seçirsə, demək ki, ortada iqtisadi meyar var. Yəni, həmin adam təhlükəsizliyini düşünmür.

Almaniya, İsveçrə, Norveç kimi ölkələrdə miqrantlara daha çox müavinət verilir. Praqada siyasi tərəfdən çox sakitlikdir. Burada sığınacaq istəyənlər, siyasi qaçqınlar həddən artıq azdır. Bundan başqa, Praqada intriqa da azdır. İnsanlar burda bir-birinə qarşı diqqətlidir. Əgər bir azərbaycanlı eşitsə ki, hansısa bir azərbaycanlı problemlə qaşılaşıb, reaksiya verəcək. Çexiyada daha çox tələbələr və biznes üçün gələnlərdir.

“Ondan qorxurdum ki, axırda çanaq başımda çartlayacaq. Mən elə ifadələr verirdim ki, heç kəsi zərbə altında qoymamaq üçün özümü zərbə altında qoyurdum. Hiss edirdim ki, axırda özümə ziyan verəcəm” 

– Biznes demişkən, buranın adı rüşvət və çirkli pulların yuyulması ilə də assosiasiya olunur. 

-Burada gözlə görünən şəkildə rüşvət yoxdur. Amma çirkli pullarını yumaq istəyən oliqarxlar, böyük biznesmenlər üçün rüşvət faktoru var. Ona görə də azərbaycanlılar üçün burda biznes qurmaq asandır. Almaniyada biznes qurmaq istəyən adam çox çətinliklə rüşvət alan adam tapa bilər. Amma Praqada çox asanlıqla o rüşvət verəcəyimiz insanı tapmaq mümkündür.

-Praqanın yeganə mənfi cəhəti budur? Burda yaşamanın başqa hansı çətinlikləri var? 

-Mən gələndə nəyə öyrəşə bilmirdim? Sakitliyə. İnsanlar heç yerə tələsmirlər. Nirvanada yaşayırlar sanki. Bakıda ayrı bir enerji var. Səs, hərəkət var. Hiss edirsən ki, Bakıda ayrı cür yaşayırsan. Amma Praqa sakit şəhərdir. Çay kimi sakit axır. Bura gələnə qədər düşünürdüm ki, mən sakit, astagəl adamam. Amma bura gəlib, çexləri görəndə anladım ki, raket kimiyəm (gülür).  İndi özüm də tələsmirəm. Bugünkü günlə yaşayıram. Bu gün yaşayım, sabahı isə sabah düşünərəm. Burdakı rahatlıq nə oldu? Çexiyada ukraynalılar, ruslar, belaruslar çoxdur. Onlar burda milli azlıq hesab olunurlar. Bu baxımdan ünsiyyət qurmaq çətin olmadı. Bu tənhalığı, ölkədən uzaqdayam əhvalını hiss etmədim.

-Praqada olduğunuz zaman bir açıqlamanız yayılmşdı. Saytlar bunu “Mətanət Əzizova özünü öldürmək istəyir” kimi qələmə vermişdilər. 

– Mən yazmışdım ki, “bunlar istəyirlər, mən bir aksiya keçirim, özümü yandırım?”. Bu, ritorik bir sual idi. Sadəcə, o vaxt ailəmi ölkədən çıxmağa qoymurdular. İntihar düşüncələrimsə heç vaxt olmayıb. Mənəvi baxımdan anam və ailəm məni hər zaman dəstəkləyirdi. O mənada özümü yandırmaq istəmirdim. Ailə üzvlərim məndən 8 ay sonra bura gəldilər. O vaxta qədər ünsiyyətimiz skayp vasitəsilə var idi. Məni xilas edən o oldu ki, onsuz da işimlə əlaqədar tez-tez konfrans və seminarlara gedirdim. Oğlum öyrəncəli idi ki, anası çox vaxt evdə olmur. Müstəqil uşaq idi. Yaxşı ki, işdəki həyat tərzim mənim uzaqda olmağımı ona həzm etdirdi.

-Yəni, heç depressiyaya düşmədiz? 

-Depressiyaya düşməyə imkanım olmadı. Çünki daha çox ailəmin bura necə gətirilıməsi yollarını düşünürdüm. Onlar gələndən sonra psixoloji sınma oldu. Başladım düşünməyə ki, artıq biz nə edəcəyik? Axı söhbət təkcə məndən yox, daha iki nəfərdən gedir ki, onlar hər şeyə sıfırdan başlamalıdılar. Əslində mən pozitiv insanam. Amma o insanların məsuliyyət yükü mənim çiynimdə idi. Yavaş-yavaş hər şey düzəldi. Oğlumun institutu, yoldaşımın və mənim işim… yoluna girdi. Amma Azərbaycana qayıtmaq istəyirəm fikri olmayıb. Mən ordan dəhşətli qorxu hissi ilə çıxmışam. Evdən çıxandan Gürcüstana qədər o heyvani qorxunu hiss etmişəm. İndiyə qədər Azərbaycan mənim üçün qorxu ilə assosiasiya olunur. Mənə elə gəlir ki, ora qayıtsam, yenə eyni qorxunu yaşayacam.

Təkcə həbslə bağlı qorxu idi?

-Mən ölkədən çıxanda həbs ehtimalını düşünmürdüm. Mən qorxurdum ki, məni kiməsə qarşı ifadə verməyə məcbur edərlər, nəsə deməli olaram, hansısa bir ad çəkərəm. 2 gün istintaqda oldum. Adi sual verilirdi ki, layihədə treninqlər keçirirsiz, trenerlər kimdir? Hətta o adamların adını da çəkmirdim ki, kiməsə problem yaradaram. Bir  də ondan qorxurdum ki, axırda çanaq başımda çartlayacaq. Mən elə ifadələr verirdim ki, heç kəsi zərbə altında qoymamaq üçün özümü zərbə altında qoyurdum. Hiss edirdim ki, axırda özümə ziyan verəcəm.

-Amma bu arada sizinlə bağlı gizli və özəl videoçəkilişin olması, buna görə şantaj edilmənizlə bağlı söz-söhbətlər də vardı və bu, deyəsən, hələ də davam edir… Ölkəni də buna görə tərk etdiyinizlə bağlı versiyalar səslənir. 

– Mənə jurnalsit dostlardan biri yazdı ki, burda belə söz-söhbətlər gəzir. Onda Praqada idim. Avqust ayı idi. Dedilər ki, videon var, onu yoldaşına göndərib, şantaj ediblər. Dedim ki, belə şey olsaydı, özüm deyərdim. Daha sonra digər tanışlar da yazırdılar. “Hüquq müdafiəçisini çirkin video ilə şantaj edirlər” deyə statuslar yazılanda bilmirdim ki, kimdən söhbət gedir. Hətta belə bir versiyada şayiə yaymışdılar ki, guya bu videonu yoldaşıma göndəriblər, o da damarını kəsib, infarkt olub. Həmin vaxt yoldaşım hepatit B olmuşdu. Amma həkimlər yaxın durmurdu. Mən sonradan başa düşdüm Eldarın hepatit B olmasını… Bilmirdik, məlumatımız yox idi. Təbii ki, müalicə olundu, problem geridə qaldı.

-Videonun ananıza (Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı – S.T) göndərilməsi və onun da bu video söhbətinə görə bəzi addımlar atdığı da şayiələr sırasında idi. 

-Bəli. Belə bir söhbət də buraxmışdılar ki, videonu mamaya göndəriblər, o da hökumətlə danışıqlara gedib. Bu şayiədir. Mən sizə öz düşüncəmi deyim. Mən o kateqoriya insanlardanam ki, elə video olsaydı, onu yaysaydılar belə, bu, mənim üçün elə faciə olmazdı ki, onun xatirinə danışıqlara gedim. Mənim üçün iki əsas insanın fikri vacib idi – mamamın və həyat yoldaşımın. Bu şayiə yayılan vaxt anama dedim ki, belə söhbət var. Mamam dedi ki, Mətanət, narahat olma. Bildim ki, bu insan mənə güvənir. Sonra yoldaşım Eldarla əlaqə saxladım ki, inanma heç nəyə, belə şey olmayıb. Eldar da dedi ki, “bu günə qədər sənə necə dəstək olmuşamsa, bundan sonra da dəstək olacam. Video oldu, olmadl… fərqi yoxdur. Bu mərhələdən sonra insani münasibətlər necə olacaq, bunu necə aydınlaşdıracağıq, o başqa söhbətin mövzusudur. Amma mən indi səni dəstəkləyəcəm”. Bununla da aramızda bu barədə söhbəti danışıb yekunlaşdırdıq.  Amma indi bəzi insanlar müxtəlif  tədbirlərdə yazırlar ki, Mətanəti video ilə şantaj edirdilər, hökumətlə danışığa gedib, ailəsini buraxıblar. Bu, məntiqi deyil. Əgər məni video ilə şantaj edirdilərsə, qabağıma şərt qoyulmalıydı. Şərt o ola bilərdi ki, mən ölkəyə qayıdım. Ailəmi də qoymurdular. Mən qayıtmamışamsa, deməli, şərtlərini qəbul etməmişəm. Şərtləri qəbul etməmişəmsə, deməli, indi videonu paylaşmalı idilər. Paylaşmalıdırlar da… Bir insan da yoxdur ki, desin, mən bu videonu görmüşəm. Hamı deyir ki, eşitmişəm. Dildən-dilə… yayırlar bu söhbəti. Olmayan bir şeyi olmuş kimi təqdim edirlər, fakt kimi… Bu, ictimai sektior səviyyəsində olan söhbət idi. Hökumər səviyyəsində deyildi. Bir şey olan kimi üzümə çırpırlar ki, sənin videon çıxmışdı, səni şantaj ediblər buna görə.

-Siz o vaxt niyə susduz? 

“Evdən çıxandan Gürcüstana qədər o heyvani qorxunu hiss etmişəm. İndiyə qədər Azərbaycan mənim üçün qorxu ilə assosasiya olunur. Mənə elə gəlir ki, ora qayıtsam, yenə eyni qorxunu yaşayacam”

– Mən fikirləşdim ki, bəzi mövzular var ki, müəyyən müddətdən sonra dərhal ölməlidir. Kiməsə mövzu maraqlıdırsa, kimsə mövzunun bağlanmamasında maraqlıdırsa, o, həmin mövzunu bağlamayacaq. Kim ki mövzunu qapatmaq istəsə, sabah yaddan çıxaracaq. Dostlarımla məsləhətləşdim. Bəzi insanlara maraqlı idi ki, bu mövzu yayılsın. Dostlarımla qərar verdik ki, bunu qapadaq. Amma aradan il yarım keçməsinə baxmayaraq, bundan mənim əleyhimə istifadə edirlər.  Hökumətə satıldı deyənlər düşünsünlər ki, bu, ciddi ittihamdır. Bunun qarşılığında nəsə olmalıdır və olur. Amma mən hələ burdayam. Və bunun qarşılığında heç nə olmur.

-Hazırda burda nə işlə məşğul olursuz? Necə dolanırsız? 

– Mən Qadın Krizis Mərkəzini qeydiyyatdan keçirmişəm. Daha çox miqrant qadınların hüquqlarını müdafiəsi ilə, sənədləşmə işlərini həll etməklə məşğulam. Burda postsovet ölkələrindən gələnlər var. Ofisimiz də var. Orda çalışırıq. Oğlum da təhsil alır. Həyat yoldaşım xidmət sektorunda çalışır. Müavinət almamışıq ilk gündən.

– Bu, necə olub? Necə dolanmısız bəs? 

-Ailəm bura gələnə qədər QHT-lər yardım edirdilər. Tibbi sığortadan, evin kirayəsi və gündəlik xıərclərindən söhbət gedirdi təbii ki. Bu, hüquq müdafiəçiləri üçün layihədir. Bu proqrama düşmüşdüm. Sığınacaq alandan sonra iş hüququ da əldə etdim. Bu müddətə qədər təşkilatı qeydiyyatdan keçirdim. Bir layihə udmuşduq, əməkhaqqını bu layihə əsasında almışdıq.

“Bir insan da yoxdur ki, desin, mən bu videonu görmüşəm. Hamı deyir ki, eşitmişəm. Dildən-dilə… yayırlar bu söhbəti. Olmayan bir şeyi olmuş kimi təqdim edirlər, fakt kimi… Bu, ictimai sektior səviyyəsində olan söhbət idi. Hökumət səviyyəsində deyildi”

-Düşərgə həyatı gördünüzmü? 

-Vizam bitəndən sonra ya Şengen zonasını tərk etməliydim, ya da gərək rəsmiləşdirəydim. Ona görə də sığınacaq almaq üçün müraciət etdim ki, burda qeyri-leqal qalmayım. Burdakı düşərgə Almaniyadan və digər ölkələrdəkindən fərqlənir. Kiçik bir şəhərdə, yaşıl bir yerdir. Sovet vaxtının pioner düşərgələrini xatırladırdl. Otel tipli bir otaqda bir həftə boyunca qaldım. Bir həftənin içində tibbi müayinədən keçirsən. Şərtdir ki, infeksion xəstəliklər olmasın. Bir də intervü verdim. Ondan sonra Praqaya qayıtdım.

– Yunuslar azadlığa çıxandan sizin üçün də təhlükə azaldı, hər halda… Rahatlamış olmalısız. 

– Xeyr, razı deyiləm ki, təhlükə yükü getdi. Çünki Yunuslara da şərti azadlıq verildi. Bir az özlərini yaxşı aparmasalar, bu məsələ qalxa bilər. Fikir verin, Rauf Mirqədirov 6 il cəza aldı. Halbuki hamı təxmin edirdi ki, əgər Yunuslar azadlığa çıxıblarsa, onu da buraxacaqlar. Hesab etmirəm ki, təhlükə sıradan çıxdı.

-Yunuslardan söz düşmüşkən, belə bir söhbət də gəzir ki, Leyla Yunusa qarşı ifadə vermisiz… 

-Hələ məhkəmə başlamamışdan artıq bu söz-söhbət yayılırdı. Bunların yayılmasını da özümə qarşı kampaniya kimi görürdüm. Zaman keçdikdən sonra bir neçə sübutlar oldu ki, həqiqətən bunun düşünülmüş kampaniya olduğunu gördük. Çox təəssüf ki, bəzi dostlarımız da bilmədən bu kampaniyaya qoşuldular. Kim düşünür ki, belə ifadə vermişəm, bir şeyi deyə bilərəm: Yunuslar türmədə mənim ifadəmə görə bir saniyə belə yatmaylıblar. Ona görə də vicdanım təmizdir. Istintaq materialları-filan isə həqiqəti əks etdirmir. Siz də bilirsiz ki, hansı ifadəni versəz də, ittiham aktında o ifadə yox, təhrif olunmuş versiya gedir.

-Belə başa düşdüm ki, Azərbaycan üçün nə darıxırsız, nə də geri qayıtmaq barədə düşünürsüz…

– Əsla. Azərbaycan məndə qorxu ilə assosiasya olunur. Darıxmağa gəlincə, mama bura tez-tez gəlir. Sosial şəbəkə, skaypın köməyi ilə istədiyim insanlarla əlaqə yaradıram. 3-4 nəfər qohum var ki, onlarla sosial şəbəkədə danışıram. Yaxın dostlar var ki, Praqadakı tədbirlərə gəlirlər, mən də onları görürəm. Mən bura gələndən sonra Praqa Azərbaycan üçün açıldı. Tədbirlər çoxaldı, Çexiya ilə bağlı informasiyalar yayıldı. Artıq yolda gedəndə qulağıma daha tez-tez azərbaycanlı səsi gəlir (gülür). Adiləşib. Oğlum çətinlik çəkmir. Onun öz kompüter dünyası, virtual aləmi  var. Bəzi oyunlar var ki, onun fan-klubları var. Onun üzvləri ilə ünsiyyət yaradır. Ona görə də hara gəlməsindən asılı olmayaraq, onun dünyası dəyişmir.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın