Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Mən hansısa “parkovşik”ə deyil, universitetin təyin etdiyi rəsmi şəxsə pul ödəmişəm”

“Mən hansısa “parkovşik”ə deyil, universitetin təyin etdiyi rəsmi şəxsə pul ödəmişəm”

Dələduzluqda ittiham olunan Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Bakı Slavyan Universitetində ikinci təhsil alan tələbənin atası İsmət Nəzərov ifadə verib. Şahid ifadəsində bildirib ki, üç illik təhsil üçün ondan 5 min manat istənildiyini deyib: “Sonradan 4 min manata endirdik. Ödəniş etmək üçün Dürdanə Əliyeva ilə görüşdüm. Dedi ki, 4 min manatı ona verməliyəm. Həmçinin övladımın universitetdə rahat oxumasına, “qayıb”lara da kömək edəcəyinə söz verdi. Qızım hazırda orada oxuyur, 1100 manat borcumuz var”. Şahid bildirib ki, məsələ ilə bağlı qızı universitetin rektoruna müraciət edib. Rektor ona“pulunuz belə çox idi ki, verirdiniz?” deyib: “Mən hansısa “parkovşik”lə iş görməmişəm, universitetin təyin etdiyi rəsmi şəxslə danışmışam, ona pul ödəmişəm”.

Şahidin ifadəsinə münasibət bildirən Dürdanə Əliyeva isə aldığı 4 min manat pulun hamısını universitetin o zamankı rektoru Nurlana Əliyevaya verdiyini deyib.

İxtisas artırmaq üçün universitetə müraciət edən digər şahid Mehman Nəcəfov isə təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1000 manat verdiyini deyib: “Təhsil ödənişi üçün ümumilikdə 2200 manat ödəməli idim. Dürdanə Əliyeva dedi ki, ilkin ödəniş kimi 1000 manat ona verməliyəm. Həmin 1000 manatı ona verdim, digər 1200 manatı isə bank aparatı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1000 manat, nə də aparatla ödədiyim pul universitetin kassasına keçib”.

Prosesdə şahid qismində son olaraq 2020-ci ildə ikinci təhsil almaq üçün Dürdanə Əliyevaya 2 min manat pul verdiyini deyən Ülviyyə İsmayılova ifadə verib: “Dürdanə Əliyeva mənə dedi ki, üç il təhsil üçün ödəniş illik 2 min manat olacaq. Həmin pulu ona ödəməyimi istədi. Mən də ödəyib getdim. Dekabr ayında mənə zəng edib dedilər ki, təhsil ödənişi etməlisən. Hələ də universitetə borclu qalmışam”. Şahid bir daha onu məhkəməyə çağırmamalarını xahiş edib: “ Artıq yorulmuşam. Şikayətimi də geri götürürəm. Dürdanə xanıma verdiyim pulu da özüm ödəmək istəyirəm. Ondan heç nə tələb etmirəm. Mən bu günə kimi yollarda 400 manat xərcləmişəm. İşdən hər dəfə icazə alıb məhkəməyə gələ bilmirəm. Xahiş edirəm məni bir daha məhkəməyə çağırmayın”.

Məhkəməyə sədrlik edən hakim bir daha onu məhkəməyə çağırmayacaqlarını deyib: “Baxın, vətəndaşı nə hala çatdırmısınız ki, gəlib məhkəməyə deyir ki, mən bezmişəm, şikayətimi geri götürürəm”.

Məhkəmə prosesi noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə, rüşvət verməyə təhrik etmə, rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …