Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Məmurlaşan mətbuat katiblərinə jurnalistlərdən etiraz: – “Sənin işin budur, nazirliyi sən idarə etmirsən”

Məmurlaşan mətbuat katiblərinə jurnalistlərdən etiraz: – “Sənin işin budur, nazirliyi sən idarə etmirsən”

Jurnalistlər gün ərzində məlumat əldə etmək, hadisə və ya faktı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət etməli olurlar. 

İlk müraciət etdikləri ünvan isə dövlət qurumlarının mətbuat xidməti olur. 

Dövlət qurumlarının mətbuat katibləri əsasən vaxtilə mediada çalışmış həmkarlarımızdır. İllərlə mətbuatda çalışdıqlarına görə jurnalistin işi və vəzifəsini onlardan yaxşı bilən də yoxdur. Amma maraqlı bir vəziyyət yaranıb. Mediadan getmiş bəzi mətbuat katibləri qısa zamanda “məmurlaşıb”. 

Həmin mətbuat xidməti rəhbərlərindən informasiya almaq o qədər də asan olmur. Bir çoxlarından cavab almaq işlədikləri qurum rəhbərindən münasibət öyrənməkdən çətindir. Üstəlik jurnalisti icazəsiz səs yazmaqda belə günahlandırırlar.

Cebhe.info mövzunu bu vəziyyətlə qarşılaşan media nümayəndələri ilə müzakirə edib: 

Yenicag.az-ın əməkdaşı Səxavət Məmmədin sözlərinə görə, mətbuatdan getmiş mətbuat xidmətlərinin işindən qətiyyən razı deyil:

“Azərbaycanda dövlət qurumlarının bir neçəsini çıxmaq şərti ilə mətbuat adı gələndə digərlərinin başına elə bil qaynaq qazan tökülür. Maraqlıdır ki, bunların böyük əksəriyyəti həmkarlarımız olub. Hətta bəziləri mətbuatda yazılarla hələ də çıxış edirlər. Ancaq iş jurnalistin sorğusuna, sualına gəldikdə mətbuatı görməyə gözləri olmur. Jurnalistin nələr çəkdiyini bilən jurnalistlər özləri vəzifə alanda sanki qəsdlə əzab verirlər. Adi bir suala cavab vermək üçün ya saatlarla gözlədirlər, ya sorğu göndərilməsini deyirlər. Sorğulara da bəzən heç cavab gəlmir. Düzdür, işlədiyi yerlərin rəhbərləri tərəfindən göstərişlər, tapşırıqlar ola bilər. Ancaq bu, o demək deyil ki, həmkarlarına hörmətsizlik etsinlər. Onlar yaxşı bilir axı, jurnalistin çörəyi nədən çıxır”. 

Sputnik.az-ın əməkdaşı İradə Cəlil deyib ki, mətbuatdan gedən mətbuat katiblərinin jurnalistlərlə münasibəti onu qane edir:

“Çünki onlar mətbuatda çalışdığı dönəmlərdə bizim yaşadığımız problemləri eynilə yaşayıblar. Çox az hal ola bilər ki, mətbuat xidməti əvvəl jurnalist kimi çalışıb mətbuat xidməti keçəndən sonra jurnalistlərlə peşəkarcasına davranmasın. Onları da qınamıram. Mətbuat katibləri işə başladıqları qurumun mənafeyini qorumaq məcburiyyətindədir. Onlar elə bu səbəbdən işə götürülür. Çox zaman səsləndirilir ki, mətbuat katibi qurumun aynasıdır. O, qurumu necə göstərirsə, qurum cəmiyyətə elə görünür. Bu fikirlə tamamilə razıyam”. 

Jurnalist hesab edir ki, hər bir mətbuat xidmətinin öz əhatə dairəsi olur:

“O, bütün jurnalistlərlə eyni davranmaq məcburiyyətində olsa da, qurumun mənafeyi xatirinə bəzən ayrıseçkilik etməyə məcbur olurlar. Məsələn, dünən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifova müraciət etdim. Ona ilk müraciətim idi. Sualıma yarım saat ərzində cavab verildi. Çox operativ çalışır. Onun kimi onlarla mətbuat katibinin adını çəkmək olar”. 

Teleqraf.com-un müxbiri Mənsur Rəğbətoğlunun fikrincə, mətbuatdan gedən mətbuat katibləri tez “məmurlaşır”lar:

“Lavaş kimi kresloya sərilən kimi, özlərini itirirlər. Özlərini elə aparırlar ki, elə bil nazirlər bunların mətbuat katibləridir. Halbuki dünənə qədər özlərindən əvvəlki mətbuat katiblərini “asıb-kəsən”, acqarına “Facebook”da nəfəs almadan, dalbadal şikayət statusları yazanlar bunlar deyildilər. Zəng edəndə telefonun dəstəyini götürməsə, adam yanmaz, dərd yarı olardı. Adamı yandıran budur ki, verdiyin suala da düz-əməlli cavab ala bilmirsən. Sənin işin budur, nazirliyi sən idarə etmirsən. Səni əlində bir standart açıqlama ilə telefonun qabağında oturdublar ki, oradan zəng edən jurnalistə bu moizəni oxuyasan. Amma onlar özlərini elə göstərirlər ki, guya işləri başlarından aşıb. Vallah, heç bir işləri də yoxdur. Axşama kimi “Facebook”un arxasında oturub status yazırlar, qız şəkilləri “layk” edirlər. Təmsil etdikləri qurumlar da bir işin qulpundan yapışsalar nə vardı ki? Adama yer edən də budur. Sənin təmsil etdiyin qurum bir iş görmür, bəs sən orda nə iş görürsən? Zəng ediblər, cavab ver…” 

Versus.az saytının redaktor müavini Arzu Zeynallının sözlərinə görə, əgər mətbuat katibliyinə mətbuatdan gələn insan öz keçmiş həmkarının suallarını cavablamağa çətinlik çəkirsə, deməli jurnalist olarkən də yarıtmaz olub:

“Dəfələrlə bu barədə televiziyalarda da müzakirə edilib. Bildirilib ki, mətbuat xidmətlərinin işlək olması üçün yaxşı olardı ki, bu vəzifəyə mətbuat işçisi gətirilsin. Görünən budur ki, hətta jurnalist də bu vəzifəyə gətirilsə belə, mətbuat xidməti işinin icrasında yarıtmazlıq var. Deməli, bu vəzifədə jurnalist yox, öz işinin mahiyyətini anlayan biri olmalıdır. Bu, məsələnin bir tərəfidir. Təbii ki, vaxtilə jurnalist olarkən dövlət strukturlarının mətbuat xidmətlərindən mətbuat üçün hansısa məsələyə cavab alarkən maneələrlə üzləşən birisi, bu gün özü o xidməti icra edərkən jurnalistlərə eyni davranışlar sərgiləyir. Bu, ya onun özünün vaxtilə mətbuat xidməti rəhbərlərinin münasibətindən dolayı aldığı “psixoloji travma”nın təzahürüdür, ya mətbuat xidməti olduğu halda məlumatsızlığındandır, ya da vəzifəsini itirmək qorxusundandır”. Jurnalist əlavə edib ki, mətbuat xidməti rəhbəri vəzifəsinə məhz jurnalistin təyin edilməsini məqsədəuyğun hesab edir. Amma bəzi “jurnalistlər” bu sıraya aid edilməməlidir: “Əgər onun jurnalistə münasibəti özü mətbuat xitməti rəhbəri olduqdan sonra dəyişirsə, deməli bu “jurnalistdə” artıq bir məmurlaşma sindromu başlayıb. Belələrinə jurnalistlərin münasibətinin necə olduğunu isə həmin mətbuat xidməti işçisi bilməmiş deyil”. 

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin əməkdaşı Vilayət Muxtarın sözlərinə görə, jurnalistikadan gedən mətbuat katibləri mediadan “qaçmağı” daha çox üstün tuturlar:

“Xüsusilə ciddi məsələlərlə bağlı ünvanlanan sualları ya tanışlıq, ya da qeyri-rəsmi münasibət göstərməklə yola verməyə çalışırlar. Bir çoxlarından cavab almaq, onların işlədiyi qurum rəhbərindən münasibət öyrənməkdən daha çətindir. Faktlardan ibarət yazı işıqlandırdıqda mətbuat katiblərindən münasibət olmayanda medianı qərəzli adlandırırlar. Mövqe almaq isə mümkün olmur. Hesab edirəm ki, xüsusilə mətbuatdan gedən mətbuat katibləri jurnalistlərə münasibətini ən azından onları anladıqları üçün dəyişməlidirlər. Bu sahədə inqilabi dəyişikliklərə ciddi ehtiyac var”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …