Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Məktəblərdə “fond pulu” qalmaqalı

Məktəblərdə “fond pulu” qalmaqalı

Məktəblərdə valideynlərdən “fond pulu”nun tələb olunması ilə bağlı narazılıqlar səngimək bilmir. Ötən gün isə orta məktəb direktorlarından birinin yayılan səs yazısı bu narazılığı bir az da artırdı. Səs yazısında qeyd olunur ki,  məktəbin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladıb və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırıb. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mediaya faktı təsdiqləyib, hazırda bununla bağlı araşdırma aparıldığı bildirilib. 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva da ötən gün bununla bağlı jurnalistlərə açıqlama verib. O bildirib ki,  Valideyn Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir: “Bu, məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz”.

BŞTİ müdiri qeyd edib ki, bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir: “Bu istiqamətdə həm məktəbin təşkilati, həm də inkişafı məsələlərində, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bununla bağlı maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq”.

Qeyd edək ki, bir neçə gün öncə “Yeni Müsavat”a da valideynlər məktəblərdə pul yığılması ilə bağlı şikayət etmişdi. İki övladı məktəbə gedən Nərgiz Əliyeva (ad şərtidir) bildirib ki, hər ay məktəbə pul ödəməkdən cana gəlib: “İki övladım var, oğlum birinci sinifdə, qızım 5-ci sinifdə oxuyur. Siniflər üzrə qiymətlər müxtəlifdir. Elə sinif var, aya 3 manatdan, eləsi var 6 manat, bəzi siniflərdə isə 10 manatdan pul yığırlar… Adımın çəkilməsini də ona görə istəmirəm ki, müəllimə uşağımı sonradan sıxışdırmasın”.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzunu belə şərh edib: “İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda bir sıra orta ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanmır. Bəzi  orta məktəblər var ki, orada tanınmış insanların, məmurların, biznesmenlərin qohumları, yaxınları təhsil alır və təhsil müəssisəsini idarə edən həmin şagirdlərə daha geniş imtiyazlar verir. Bu da ondan irəli gəlir ki, təhsil ocaqlarına rəhbərlik edənlər arasında peşəkarlığı aşağı olan, vəzifədə qalmaq üçün müəyyən qanun pozuntularına göz yumanlardır. Ölkəmizdə fəaliyyət göstərən 4500-ə qədər orta məktəbdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunsa da, təhsil müəssisələrinin əksəriyyətində VMA-nın fəaliyyəti yalnız kağız üzərindədir.

Orta məktəblərdə təhsil verənlər – müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, loqopedlər, dərnək və musiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərki hazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilərdir ki, bu qədər geniş kollektiv şagirdlərlə işi, fəaliyyəti düzgün istiqamətdə qura bilmir. Bu geniş kollektivin müəyyən hissəsinin öz vəzifəsini düzgün yerinə yetirməməsi, nəticədə cəmiyyətə yarımçıq vətəndaşın, şəxsiyyətin daxil olmasına gətirib çıxarır”.

Ekspert qeyd edib ki, uşaq və gənclərin əsas təhsilinin həyata keçirilməsində şagirdlərin elmlərin əsaslarına yiyələnərək, dərin və möhkəm bilik almalarında, onlarda vətənə məhəbbət hissinin aşılanmasında, yüksək milli əxlaqi keyfiyyətlərin, mənəvi dəyərlərin formalaşmasında, məsuliyyət, tərbiyə edilməsində, məktəblilərin hüquq və estetik, fiziki tərbiyəsində, sağlamlığının qorunmasında məktəbə və ailəyə kömək məqsədilə ümumtəhsil məktəblərində valideyn komitəsi yaradılır.

Kamran Əsədovun sözlərinə görə, məktəb və sinif valideyn komitələri öz işində ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında əsasnaməni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuranın qərarlarını, məktəb direktorunun və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur: “Qanunvericilik aktlarına görə VMA-nın işinin məzmunu və vəzifələri bunlardır:

– Uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə;

– Uşaqların vaxtında əsas icbari təhsilinin həyata keçirilməsində məktəbə və valideynlərə;

– Şagirdlər və valideynlər arasında pedaqoji və psixoloji biliklərin təbliğinə kömək edir.

 – Eyni zamanda məktəblərdə milli-əxlaqi və mənəvi dəyərlərin inkişaf etdirilməsi və bu prinsiplər üzrə yaşamaq üçün daxili tələbatın formalaşmasına, onlarda şüurlu intizam, davranış mədəniyyəti, böyüklərə hörmət tərbiyəsi üzrə məktəbin həyatında fəal iştirak edir, müəllim nüfuzunun artırılmasında, təlimə məsuliyyətli münasibət tərbiyəsində, məktəblilərin asudə vaxtının məzmunlu təşkilində məktəb və ailəyə kömək edir.

– Özünəxidmət vərdişlərinin inkişafına, yeniyetmələrin məktəbdə və ailədə əmək tərbiyəsinin və peşəyönümü işinin təşkilinə imkan yaradır;

– Məktəblilərin meyl və qabiliyyətlərini, valideynlərin arzularını nəzərə almaqla şagirdlərin təhsillərini başa çatdırmaq yollarını seçməkdə onlara kömək göstərir;

– Valideyn ictimaiyyətini məktəb həyatında fəal iştirak etməyə, onların sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinə cəlb etməyə, şagird özünüidarəsinin inkişafına kömək göstərir;

– Uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırır;

– Məktəbdə kitab fondunun zənginləşdirilməsinə kömək göstərir;

– Məktəblilərdə zərərli adətlərin, uşaq nəzarətsizliyinin, qanun pozuntusunun profilaktikası üzrə işlərdə iştirak edir;

– Məktəblilərin sağlamlığının qorunması və möhkəmləndirilməsinə hər vasitə ilə qayğı göstərir.

Hazırda çox məktəbdə “valideyn komitələri” adlı qurumlar fəaliyyət göstərir. Ancaq bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir. Təəssüflər olsun ki, bu komitələr çox hallarda dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, şənlik və qonaqlıq kimi tədbirlərin təşkili məsələlərini müzakirə edir. Amma xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də, sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə adaptasiyası üçün xidmət göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır”.

Əsədov əlavə edir ki, bu gün məktəblərdə valideyn-məktəb-şagird əlaqəsi pozulub: “Bəzi hallarda məktəb özü buna şərait yaradır ki, nəticədə neqativ hallar baş verir. Bütün dövrlərdə məktəblərdə şagirdlər arasında istər fiziki xəsarətlə nəticələnən, istərsə də cinsi əlaqənin olması kimi hadisələr baş verib. Sadəcə olaraq, son ildə olduğu qədər kütləvi və nümayişkaranə şəkildə bu hallar baş verməyib. Danılmaz faktdır ki, yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Lakin bəzi məktəb direktorlarının, rayon təhsil şöbələrinin qeyri peşəkarlığı, vəzifəsinin öhdəsindən gəlməməsi ucbatından demək olar ki, hər gün təhsilin bu və ya digər pilləsindən neqativ, arzuolunmaz xəbərlər eşidilir”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …