Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / Məhv edilmiş ailələr – “Onları tapmaq üçün “Qırmızı Xaç”a, 11 dövlətə müraciət etdik” – Xocalı DƏHŞƏTİ – FOTOLAR

Məhv edilmiş ailələr – “Onları tapmaq üçün “Qırmızı Xaç”a, 11 dövlətə müraciət etdik” – Xocalı DƏHŞƏTİ – FOTOLAR

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.
Emənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı 8 ailə yer üzündən silinib.
 
Azinforum.az xəbər veürir ki,  modern.az soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda qətlə yetirilmiş ailələrin yaxınları ilə əlaqə saxlayıb.
“Qətl edilmiş 8 ailə”dən daha biri – Əliyevlər ailəsindən bəhs edirik.
Müsahibimiz Xocalı sakini Vərziyar Əliyeva bir gecədə bacısı və onunu ailəsini, atası və həyat yoldaşını itirib.
Dəhşətli qətliam gecəsi Vərziyar Əliyevanın bacısı Heyran Əliyeva, onun həyat yoldaşı Firdovsi Əliyev, oğlanları, Elçin və Elgiz Əliyevlər məhv ediliblər. Vərziyar Əliyevanın atası Mürşüd Hüseynov və həyat yoldaşı Əbülfəz Əliyev şəhid olublar.
Sağ qalan Vərziyar Əliyeva  acı xatirələrini  bölüşüb.
“Guya Ağdama ona görə gəlmişdik ki…”
“Hər il Xocalı faciəsinin ildönümü yaxınlaşanda əlim-ayağım quruyur. O dəhşətli günlər gözümün qabağında canlanır, titrətmə tutur məni. Eyni gündə itirdiklərimin acısını yaşayıram. Həmin vaxtlar Xocalı mühasirədə idi. Biz xocalılar da “üzük qaşı” kimi əhatəyə alınmışdıq. Amma mən Xocalı soyqırımı gecəsi orda olmadım. Bir neçə həftə əvvəl Xocalıya vertolyot gəlmişdi. Yoldaşımın əmisi qaça-qaça gəlib dedi ki, “vertolyot gəlib. Tez olun gedib minin vertolyota”. Həmin vaxt həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanında Əlif Hacıyevin yanında işləyirdi. Amma həyat yoldaşım bizimlə gəlmədi. O, Xocalını qoyub çıxa bilməzdi. Birtəhər vertolyota minib Ağdama gəldik. Orada yataqxanada qalmalı olduq. Guya Ağdama ona görə gəlmişdik ki, ara sakitləşsin yenidən evimizə, elimizə çıxıb gedək. Heç demə, qabaqda bizi dəhşətli faciə gözləyirmiş. Biz də o faciədən xəbərsiz idik”.
“Anam Heyran deyə-deyə dünyadan köçdü”
Xocalı şahidi bacısıgilin ailəsinin başına gətirilənlərdən ürək ağrısı ilə danışır.
“Bacım Heyranın ailəsi həmin gecə Xocalıda idi. Biz əslən Xocalıdanıq. Ata-anamız da Xocalıda doğulub. Bacım Heyran uşaq bağçasında mühasib vəzifəsində çalışırdı. Yeznəmiz Firdovsi Xocalıda maşın qarajında mexanik işləyirdi. Faciə gecəsi bacımın ailəsi məhv oldu. Sonradan şahidlər mənə danışmışdı ki, onlar da digər əliyalın insanlar kimi eyni yerə 3 dəfə gedib-qayıtmışdılar. Başlarını itirmişdilər. Bacımın böyük oğlu faciə gecəsi donmuşdu. Bacımın özü və ailəsi barədə heç bir xəbər ala bilmədik. Nə ölüsündən, nə də dirisindən xəbər tuta bildik. Hadisələrdən sonra “Qırmızı Xaç Komitəsi”nə, 11 dövlətə müraciət ünvanladım ki, bəlkə bacımgildən bir xəbər ala bildim. Təəssüf ki, bir xəbər çıxmadı. Hətta, jurnalist Xoşqədəm Hidayətqızının verilişinə də müraciət etdim. Yenə bir xəbər çıxmadı. Anam yazıq Heyran deyə-deyə dünyadan köçdü. Bacımın bir oğlu yadigar qalıb. Adi Mehdidir. Bircə təsəllim odur”.
“Şahidlər deyirlər ki…”
Vərziyar xanım deyir ki, atası o gecə kürəyindən güllə yarası alıb:
“Atam Xocalıda ovçu kimi tanınırdı. Xocalıda özünümüdafiə batalyonunun üzvü idi. 57 yaşı olmasına baxmayaraq, o postda olanda həmin gecə bütün Xocalılar rahat olurdu. Atam elə bir ovçu idi ki, onun əlindən bir quş belə uça bilməzdi. Hədəfi dəqiq nişan alırdı. Ona “Koroğlu Mürşüd” deyirdilər. Atama silahı indiki deputat Elman Məmmədov vermişdi. Daha doğrusu, atam döyüşmək üçün silah istəyəndə Elman müəllim ona beşatılan silahı vermişdi. Faciə gecəsi ermənilər Xocalıya hücum edərkən atam kürəyindən güllə yarası almışdı. Atamın yanında olanlar deyir ki, güllə Mürşüd kişiyə dəyəndə  “Bahoo, güllə nə pis yerimdən dəydi” deyib canını tapşırmışdı”.
“Biz Xocalıya qayıdan gün xoşbəxt ola bilərik”
Vərziyar xanım həyat yoldaşından da söz açıb.
“Həyat yoldaşım Əbülfət Xocalı hava limanında çalışırdı.  Əlif Hacıyevlə birgə Şuşaya, Xankəndinə, Əsgərana gedib-gəlirdilər.  4 il polis işləyib. Hər gün döyüşlərdə olurdu. Ev üzü görmürdü. Günü səngərlərdə keçirdi.  Faciə gecəsi həyəcan siqnalı veriləndə Əlif Hacıyevlə birgə Xocalı aeroportunu partlatmışdılar. Qanlı döyüşlərdə Əbülfət çiyin, bud nahiyəsindən vurulmuşdu. Şahidlərin sözlərinə görə, Əbülfət o qanlı gecədə neçə-neçə qadını, qızı belində Xocalıdan çıxarıb. Fevralın 27-də atamın meyitini Ağdama gətirdilər. Yoldaşım isə yaralı olduğu üçün Ağdam xəstəxanasında müalicə alırdı. Amma yarası dərin olduğundan elə xəstəxanada keçindi. 1992-ci ilin martında isə Əlif Hacıyevin meyiti gətirilmişdi. Danışdıqca, o günlərə qayıtmalı oluram, belədə də içim qan ağlayır. Atamın, həyat yoldaşımın heç olmasa meyiti əlimizə gəldi. Amma bacımgildən heç bir xəbər gəlmədi. Hələ də gözlərim onları axtarır. Düşünürəm ki, bəlkə bir xoş xəbər eşitdim. Vallah elimizdən-yurdumuzdan didərgin düşmək bizə xoş deyil. Öz torpaqlarımıza qayıtmaq istəyirik. Buralarda yaşamaq bizə asan deyil. İnsan öz evindən , elindən, obasından, torpağından uzaqda necə xoşbəxt yaşaya bilər?!. Biz o torpaqlara qayıdan gün xoşbəxt ola bilərik. Başqa cür mümkün deyil”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …