Ana səhifə / Aktual / Məhkəmə deputatın prokuror oğlunun xitam qərarını ləğv etdi

Məhkəmə deputatın prokuror oğlunun xitam qərarını ləğv etdi

Bakıda qızıl alverçilərinin pul mübahisəsi sonda cinayət işi ilə nəticələnib və tərəflərdən biri bu işə nəzarət edən prokuror, deputat Çingiz Qənizadənin oğlu Elgiz Qənizadədən narazı qalıb.

“Qafqazinfo”ya müraciət edən Mətanət Əyyubova bildirib ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin kitabxanasında işləyərkən həmkarı Xanım adlı qadınla qızıl alveri edib: “Mən qohumumdan qızıl götürüb Xanıma verirdim, o da satırdı. Xanım qızılları Mərkəzi Poçtda işləyən Gözəl Abasquluyevaya verirdi. Bir neçə dəfə satışdan sonra mən Gözəllə tanış oldum, dedi ki, Xanımı vasitəçilikdən çıxaraq özümüz birbaşa işləyək. Belə də razılaşdıq, Gözəl ilk vaxtlarda götürdüyü qızılların pulunu verirdi. Bir neçə ay sonra ödəniş dayandı. Gözəlin mənə olan borcuna görə notariusda 66 600 dollarlıq  borc müqaviləsi imzaladıq. Amma bir müddət sonra Gözəl müqavilənin ləğvi iddiası ilə məni məhkəməyə verdi. Mən də pulun ödənilməsi üçün qarşılıqlı iddia qaldırdım. Məhkəmədə Gözəl etiraf etdi ki, qızılları məndən 45 manat alıb başqa yerdə 30 manata satırmış. Hakim də dedi ki, deməli, əvvəldən sənin pulu qaytarmaq niyyətin olmayıb. Buna görə məhkəmə cinayət işinin başlanması haqda xüsusi qərardad çıxartdı. Baş Prokurorluq bu işi Bakı prokurorluğuna göndərdi. Orada külli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi başlandı və istintaq aparılması Binəqədiyə tapşırıldı. Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov cinayət işini aparırdı, istintaqa nəzarəti isə millət vəkili Çingiz Qənizadənin oğlu, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə həyata keçirirdi”.

M.Əyyubova deyib ki, bu işlə bağlı istintaq süründürməçiliklə 2 il davam edib:

“Elgiz Qənizadənin qəbulunda oldum, dedi ki, “boşuna gedib gəlirsiz, Gözəldən heç nə ala bilməyəcəksiz, onu mənə vəzifəli bir qadın məmur tapşırıb”.

Gözəl ifadəsində demişdi ki, qızılları qohumu Ülviyyə Əliyevaya verib. O da Almaniyada idi. Səbail polisi onu axtarışa verdi. Ülviyyə Azərbaycana gələndə aeroportda tutuldu və bir neçə ay davam edən məhkəmə prosesindən sonra onun günahsız olduğuna qərar verildi. Bu dəfə Mehman Ələsgərov Ülviyyəni də, Gözəli də bizim iş üzrə təqsirləndirilən şəxs kimi cəlb etdi. 2018-ci ilin aprelin 23-də cinayət işi tamamlandı, vəkillərimiz işlə tanış oldular, aprelin 29-da ittiham aktı məhkəməyə verilməsi üçün Binəqədi prokurorluğuna göndərildi. Amma iş məhkəməyə göndərilmədi, sonradan məlum oldu ki, Elgiz Qənizadə aprelin 5-də cinayət işinə xitam veribmiş. Bunun necə olduğunu heç kim bizə izah edə bilmədi”.

M.Əyyubova qeyd edib ki, E.Qənizadənin bu qərarından məhkəməyə şikayət ediblər:

“Məhkəmə 2019-cu ilin sentyabr ayında Elgiz Qənizadənin xitam qərarını ləğv etdi və istintaqın düzgün aparılmadığına qərar verdi. İndi isə bir neçə ay keçsə də, heç bir iş aparılmır. Bizə deyirlər ki, ümumiyyətlə, cinayət işi itib, arxivdə də yoxdur”.

M.Əyyubova əlavə edib ki, notarial müqavilədən başqa, Gözəl Abasquluyevanın qızılları ucuz qiymətə satıb xərclədiyini etiraf etdiyi səs yazılarını da istintaqa təqdim edib və onlar sübut kimi cinayət işinə əlavə olunub.
Mətanət Əyyubova eyni zamanda polis mayoru Mehman Ələsgərovdan da narazılığını bildirib:

“Cinayət işi materiallarında qeyd olunmuşdu ki, Gözəl Abasquluyeva istintaq dövründə dəyən ziyandan 5 min manat ödəyib. Amma bu pul bizə verilməyib. Cinayət işində bu barədə protokol, qəbz yoxdu. Pul depozit hesaba da qoyulmayıb. Həmin 5 min manatın ödənilib-ödənilmədiyi yaxud hara getdiyini də bilmirik. Bu işlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərliyinə də müraciət etmişik”.

Ülviyyə Əliyeva istintaqa ifadəsində qohumu Gözəl Abasquluyevanın qızılları satıb özü üçün xərclədiyini deyib: “Gözəldən niyə qızılları ucuz qiymətə satıb yeyib-içməyə, kef məclislərinə, münasibətdə olduğu şəxslərə xərclədiyini soruşdum. Gözəl dedi ki, “əşşi gedib 3 il yatıb gələcəm, deyəcəm Antalyada idim”.

***

Məqalə saytımızda yayımlandıqdan bir qədər sonra M.Əyyubova redaksiya ilə əlaqə saxlayaraq bildirib ki, artıq onun müraciətinə ilkin reaksiya verilib. Belə ki, onunla əlaqə saxlayaraq Binəqədi rayon prokuroru Nazim İmanov və müavini Elgiz Qənizadənin onu noyabrın 28-də qəbul edəcəyini deyiblər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …